Yuxarı

Ziyalının “tolerant”lıq əndazəsi

Ziyalının “tolerant”lıq əndazəsi

tolerantliqBir zamanlar, özəlliklə 1920-1930-cu illərdə mövcud olmuş kosmopolitzmin Azərbaycanda, Türkiyədə və başqa Türk dövlətlərində yenidən dirçəldilməsi müşahidə olunur. Vaxtilə Azərbaycanda, Türkiyədə, Türkistanda kosmopolitzmin kor-koranə təbliğatçıları, indiki radikal tolerantlıq tərəfdarları kimi tara, saza, papağa, hicaba və başqa milli-dini dəyərlərə qarşı çıxırdılar.  Deməli, 1920-1930-cu illərdəki “proletar”larçıların yollarını bu gün onların “tolerant”, “multikulturalist” nəvələri davam etdirirlər.   Bütün zamanlarda insanların heysiyyətinə və inanclarına qarşı ifrat fikirlər səsləndirmək normal qəbul edilməmişdir. Bu gün də istər türk-müsəlman kəsimin, istərsə digərlərinin inanclarına, etiqadlarına qarşı hədyanlar danışmaq və yazmaq dogru sayıla bilməz. Bu günün Azərbaycanı, Türkiyəsi dünyəvi dövlətdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan vətəndaşları da, onun telekanallarında veriliş aparanlar da nə istəsə geyinir, nə istəsə danışırlar. Amma hər şeyin bir əndazəsi olmalıdır. Özəlliklə, bəzi telekanallarda tolerantlıq, multikulturalizm adı altında həyat tərzlərində milli və islami qayda-qanunları yaşatmağa çalışanların aşağılanması yolverilməzdir. Avropalılar, amerikanlar, ruslar gəldi-gedərdirlər, ancaq azərbaycanlılıgımız, türklüyümüz, islamçılıgımız daim bizimlədir. Avropa-Qərb heyranlıgına görə abır-həyamızın, imanımızın ayaqlar altına atılmasına yol verə bilmərik. Bu, heç bir anlamda vətənpərvərlik və insanpərvərlik ola bilməz. Öz milli və dini dəyərlərini bilməyib, onlara əməl etməyib başqasının dəyərlərini kor-koranə yamsılayanlar ancaq kölələrdir. Dogrudur, müəyyən dairələr var ki, Qərbin "mədəniyyətini" Azərbaycanda yaydıqlarına görə bunun qarşılığını görürlər. Biriləri Qərbin-Avropanın "mədəni" dəyərlərinin təbliginin oyuncagi ola bilər, olsunlar da. Amma həddlərini bilsinlər, əndazəni aşmasınlar. Qərb-Avropa "mədəniyyətini" təblig etsinlər, ancaq milli və dini dəyərlərimizə toxunmasınlar. Yəni biriləri Qərb-Avropa "mədəniyyətini"nin təbligini Azərbaycan Türk və İslam mədəniyyətinin aşağılanması fonunda etməsinlər!!! Çünki bizlər, Avropa-Qərb "mədəniyyəti"nin yaxşısı və pisi, müsbət-mənfisiylə artıq aşağı-yuxarı bilirik. Əli bəy Hüseynzadələrin, Əhməd bəy Ağogluların, Məhəmməd Əmin Rəsulzadələrin, Ziya Gökalpların, Yusif Akçuraların Qərb-Avropa mədəniyyətindən nə gözlədiklərini də, amma sonucun nəylə bitdiyini də bilirik. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları yazırdılar ki, bizlərə Avropanın texnologiyası, elmi lazımdır, adət-ənənəsi, əxlaqı, həyat tərzi deyil. Amma 100 ildən sonra Türk-İslam dünyasının Qərbdən-Avropadan nəyi götürdüyü, nəyi götürmədiyi artıq bəllidir. Eyni zamanda, 18-ci əsrdən Qərbin-Avropanın bir surəti-kopiyası olan Rusiyanın Marksizm-Leninizmə əsaslanan kommunizm müstəmləkəçiliyi adı altında bizləri nə cür "mədənləşdirdiyi"ni də görmüşük. Sovetlər Birliyi dönəmində, özəlliklə də 1920-1930-cu illərdə Azərbaycanda tara, saza, papağa, hicaba, Nizamilərə, Sabirlərə, Dədə Qorqudlara, Füzulilərə qarşı "mədəni hücum"un qarşısını yalnız milli aydınlar almağa çalışdılar. O zaman da indi olduğu kimi, bir sürü yaltaq və məddah milli və dini dəyərləri tapdalamaq üçün canfəşanlıq edirdilər. Aqibətləri də məlumdur... Onlar çox keçmədi ki, KOSMOPOLİTİZMdə ittiham olundular. Bu gün də milli və dini dəyərləri aşağılamaq istəyənlərin aqibəti onlar kimi olacaqdır… Azərbaycan xalqı yalnız tarına, sazına, hicabına, papagına, Nəsimilərinə, Dədə Qorqudlarına, Füzulilərinə və başqa milli-dini dəyərlərinə sahib çıxan Cavidləri, Cavadları, Müşfiqləri, A.Yildırımları, Əmin Abidləri, Çobanzadələri, Rəsulzadələri, Şəhriyarları sevəcəkdir.... Bu anlamda indi birilərinin Avropa-Qərb qarşısında "mədəni" görünmək naminə özləri soyunması, nə gəldi danışması, Qərbi mədh etməsi qalsın bir yana, digər tərəfdən də milli və dini dəyərləri aşağılamağa çalışması, bir Azərbaycan türk aydını kimi məni çox narahat edir. Məncə, milli və dini məsələlərdə çox həssas olmaq lazımdır. Xalq dilində desək, dövlətimizin həyatı üçün önəmli sahələrdə "haya-küyə" getmək olmaz. Bu anlamda Azərbaycan telekanllarında, yazılı mətbuatda milli-dini məsələlərlə bağlı hədyanlara yol verənlərə yerini göstərmək lazımdır. Çünki hər bir şeyin əndazəsi var!!! Əndazəni aşmaq olmaz!!! İnsanlarımız bilməlidirlər ki, Qərbin-Avropanın miliyyətçilik ideyasından tutmuş demokratiyasına qədər olanları Türk-Müsəlman dünyasının məhvinə yönəlmişdir. Baxınız, avropalılar,qərblilər bir yandan BİZLƏRİ param-parça etdilər, o biri tərəfdən "demokratiya", "mədəniyyət", “insan haqqları”, “vətəndaş cəmiyyəti” sifətləriylə içimizə soxuldular... İndi onların "demokratiyası", “mədəniyyəti” naminə İstanbulda, Bakıda, Diyarbəkirdə, Daşkənddə, Kərkükdə, Ankarada, Qazanda və başqa yerlərmizdə avropalıların-qərblilərin hər cür “mədəni” dəyərlərinə dözmək zorundayıq. Qərblilər-Avropalılar BİZLƏRƏ çox yuxarıdan aşağı baxır. Bunda heç də haqsız  deyillər. Əgər üzümüzü Qərbə tutmaqdan, onların “demokratiyasın”dan, “mədəniyyətindən” başqa çıxış yolu görmürüksə, deməli, avropalılar “müəllim-usta” BİZLƏR isə “tələbə-şagirdik”. Bu anlamda BİZLƏR “tələbə” olaraq avropalı “müəllim”lərin “mədəniyyət” dərslərini həzm etməliyik!!! Bu arada hətta, avropalı “müəllimlər”in qabaqcıl “tələbələri” də tapılır ki, onların da nazıyla oynamalıyıq. Artıq yetər, bəsdir!!! Yəni bu qədər də milli-dini dəyərlərimizin tapdalanmasına yol verə bilmərik. İki əsrə yaxındır Türk-İslam dünyası olaraq əksəriyyətimiz ancaq bunu düşünürük: nicatımız Avropadadır-Qərbdədir, yoxsa Rusiyadadır. Məncə, həmişə bir nicatımız olmuşdur və indi də belə olmalıdır: İSANLIĞIMIZ-TÜRKLÜYÜMÜZ-İSLAMĞLIIMIZ!!! Bu anlamda, hazırda torpaqlarımızı düşmən işğalından azad edəcək milli ruhlu nəsil əvəzinə, tolerantlar, multikulturistlər, kosmopolitlər yetişdiririksə, vay bizim halımıza! Bir zamanlar, yəni Sovetlər Birliyi dönəmində kommunizmin mahiyyətinə varmadan kommunist, bolşevik olanların davamçıları, indi də tolerant, multikulturist “xəstəliyinə” yoluxublar. Mən də anlayıram ki, bu gün Azərbaycanda tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir. Amma bu o demək deyil ki, kimlərsə bundan sui-istifadə edərək abır-həyamızın, milli əxlaqımızın üstündən tamamilə xətt çəkməli, ya da milli, dini və vətənlə bağlı dəyərləri şouya çevirməlidirlər. Hər bir şeyin əndazəsi, ölçüsü vardır. Tolerant, multikulturist olmadan öncə, insan olmaq lazımdır. İnsan isə millətini, dinini və vətənini tanımalıdır ki, sonra da tolerant, multikulturist olsun! Bizlərdə isə, bəziləri millət, din və vətən anlayışlarından kənarda tolerant, multikulturist olmaq istəyirlər. Hər halda 1920-1930-cu illərdə bolşevizmin proletarlığından vəcdə gəlib kosmopolit olanların taleyindən indiki aşırı tolerantçılar, multikulturistlər vaxtında nəticə çıxarmalıdırlar. O dövrdə kosmopolitizmə yuvarlanmağımız ona gətirdi ki, həm milli və dini dəyərlərimzə, həm də torpaqlarımza sahib çıxa bilmədik. Belə ki, 1920-ci illərdə aşırı dərəcədə tolerant-kosmopolit olmağımız ona gətirib çıxardı ki, Azərbaycan torpaqlarının xeyli bir hissəsini Ermənistana, daha sonra müəyyən qismlərini də Rusiya və Gürcüstana “hədiyyə” etdik. Eyni zamanda tarımızın, sazımızın, papağımızın, örpəyimizin aşağılanmasında da bəzi azərbaycanlı kosmopolitlər aktiv iştirak etdilər. Hətta, milli kosmopolitlər (S.Vurğun, S.Rüstəm, K.Ələkbərli, R.Axundov, Ə.Nazim, Ə.Qarayev, S.Ağamalıoğlu və b.) buna qarşı çıxan milli aydınların (Ə.Cavad, M.Müşfiq, H.Cavid, B.Çobanzadə, S.Mümtaz və b.) repressiya olunmasında da müəyyən canfəşanlıq göstərdilər. Dogrudur, SSRİ rəhbərliyi kosmopolitizmin tənqidinə start verdikdən sonra, həmin milli kosmpolitlərin əksəriyyəti yeni sima aldılar, özlərinə haqq qazandırmağa çalışdılar. Amma onda da, indi də hər şey hamıya aydındır. Bu baxımdan yenə də deyirəm ki, bəziləri bundan nəticə çıxarmalı və bilməlidirlər ki, əsas millət və vətən sevgisidir, yerdə qalanlar gəldi-gedərdirlər. Bu gün Vətən torpaqları işğal altında olan millətə vətənpərvər, millətpərvər  oğlanlar və qızlar lazımdır, mahiyyətini doğru-dürüst anlamadıqları tolerantlıq, multikulturalizm, kosmopolitizm deyil! Bir sözlə, bütün günü telekanallarda şou, idman, tolerantlıq verilişləri verməklə iş bitmir. Hər halda, inana bilmirəm ki, bizim dövlət olaraq əsas məqsədimiz avropalılardan-qərblilərdən çox tolerant, multikulturist olmaqdır! Torpaqları işğal altında olan bir toplumun düşmən üzərində qalib gəlməyinin birinci və əsas yolu millət (Azərbaycan türkləri, Azərbaycan xalqı), vətən (Azərbaycan) və din (İslam dini) dəyərlərinə köklənməsidir. Yəni millət, toplum olaraq özünəinamıdır! Bəli, özünəinam! Özünəinam isə millətsiz, vətənsiz və dinsiz ola bilməz! Amma bunun əvəzinə gənclərə eyş-işrət, şou, idman, tolerantlıq verilişləri verir, yalnız bu, kimi anlayışların təbliğatını aparırıqsa, bu çox düşündürücüdür. Bunun nəticəsidir ki, gənclərin əksəriyyəti burnundan uzağı görə bilmirlər. İndiki gənclərin əksər qismi Vətən sevgisini şou, idman, ya da tolerantlıq kimi anlayırlar. Yəni gündəlik çıxarlarına uyğun hərəkət edirlər. Bir gün “millətçi”, sabah “dinçi”, daha sonra “tolerant” olurlar! Özdən olmayan Özgələrin qurbanı olurlar. Özdən olmaq üçün Özü bilmək lazımdır. Öz dediyin kökdür, mahiyyətdir, mənadır! Öz dediyin Millətdir, Vətəndir, Dindir! Özgə dediyin, kommunstdir, multikulturistdir, massondur, vəhabidir, liberaldır, kosmopolitdir və s. Bir toplumun övladları Özə deyil, Özgəyə əsaslananda belələri üçün himn, bayraq, gerb, vətən, millət adiləşir. Yəni onların heç bir əhəmiyyəti qalmır. Belələri, milli bayrağı bir anda həm başlarının üzərinə qaldırır, az sonra da ayaqlar altına atırlar.  Bəziləri bunu tolerantlıq, multikulturalizm adı altında yozmağa çalışsalar da, əsil həqiqət ortadadır. O həqiqət ki, onsuz da millət, din və vətən anlayışlarını vaxtında bilməyənlərin, dərk etməyənlərin gələcəyi “kommunizm, ”“tolerantlıq”, “multikulturalizm”, bir sözlə, kosmopolitizmlə bitir... Faiq Ələkbərov





Həftənin ən çox oxunanları