Yuxarı

Marketlərin “yalan qiymət” siyasəti

Marketlərin “yalan qiymət” siyasəti

market

Son zamanlar ərzaq məsullarının qiymətinin artmasından sonra marketlərdə qəribə tendensiya müşahidə olunur. Piştaxtalarda ərzaq məhsullarının üzərində köhnə qiymət göstərilsə də, müştərilər kassada tamam fərqli, yəni artan qiyməti ödəməli olur.

Məsələ ilə bağlı Cebhe.info-nun sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, son zamanlar istehlakçılar bununla bağlı quruma tez-tez şikayət edir: “Müasir texnologiyalar inkişaf etsə də, skaynerlə avtomatik oxuma qurğuları tətbiq olunsa da, müasir supermarketlər yaransa da, təəssüf ki, istehlakçı hüquqlarının pozulması da yaddan çıxmır. Bu məsələ ilə bağlı hər həftə bizə 3-4 şikayət daxil olur. Adətən piştaxtada olan qiymətlə çıxışdakı qiymət fərqli olur. Bir qayda olaraq istehlakçı məsələ ilə bağlı etirazını bildirdikdə, qarşı tərəf qiyməti yeniləməyi unutduğunu bəhanə edir. Bu, istehlakçının hüquqlarının pozulmasıdır. Dəfələrlə İqtisadiyyat və Sənaye Nazirliyinə marketlərin ünvanı da göstərilməklə müraciət ünvanlasaq da, məsələ öz həllini tapmayıb”. Eyyub Hüseynovun sözlərinə görə, Azad İstehlakçılar Birliyi 15 oktyabrdan etibarən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasından aldığı qrant hesabına yeni layihəyə başlayır: “Süni qiymət artımına qarşı istehlakçıları səfərbər edəcəyik və altı aylıq bir layihə çərçivəsində bu kimi məsələlərin həllinə çalışcağıq. Nazirlər Kabinetinin 91 saylı qərarına əsasən malların hər birinin üzərində maddi- məsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır. Bu cür sənədləri olmayan marketləri qanunvericiliyə görə 600 manatadək cərimə gözləyir. Bu gün marketlərdə təklif olunan ərzaqların təxminən, 80 faizinin rəsmi qiymət sənədi yoxdur” .

Nüşabə





Həftənin ən çox oxunanları