Yuxarı

Unudulmuş və itirilmiş sərvət: Tütünçülük

Unudulmuş və itirilmiş sərvət: Tütünçülük

tutun

Bu sahə kim tərəfindən və niyə tənəzzül etdi(rildi)?

Azərbaycan iqtisadiyyatının diversifikasiya məsələsi uzun müddətdir ki, hökumətin elan etdiyi əsas prioritetdir. Son dövrlərdə neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna investisiya edilməsi yolu ilə həmin sahələrin inkişafına nail olmaq üçün müxtəlif dövlət proqramları hazırlanıb həyata keçirilib. Lakin bəzi sahələrdə konkret proqramların olmaması, həmin perspektivli sahələrin inkişafına gətirib çıxarmır. Belə sahələrdən biri də böyük ənənələri olan və yüksək gəlir vəd edən tütünçülükdür. Bu yazıda tütünçülüyün potensial və perspektivlərini araşdırmağa çalışacağıq.

Diversifikasiya məsələsində əksər ölkələr iqtisadiyyatın ən potensiallı sektorlarına üstünlük verirlər. Klaster yanaşma zamanı optimal sahənin seçilməsi üçün bir neçə şərt əsas götürülür- xammalı yetişdirmək üçün şərait, emal sənayesi üçün texnologiya və kadr bazası, daxili və xarici bazarın tapılması, rəqabətədavamlı və optimal qiymətə məhsul istehsalının təşkilinin mümkünlüyü və s. Bəs ölkəmizdəki siqaret fabrikləri yerli tütünü niyə almırlar? Tütünçülüyün keçmiş şöhrətini qaytarmaq mümkündürmü?

Bu suallara cavab axtaran ekspertlər hesab edir ki, tütünçülük aqrar sektorun ən gəlirli sahələrindən biridir, bunu inkişaf etdirmək üçün dövlət dəstəyinə ehtiyac var. Azərbaycanda tütünçülüyün və siqaret sənayesinin inkişafı üçün lazım olan bütün şərtlər var. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanı var.

Tütün istehsalı 20 dəfə azalıb, siqaret idxalı 20 dəfə artıb

Dünyada gün ərzində satış dəyəri təxminən, 4 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyona çatıb. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Sovetlər dönəmində respublikamızda tütünçülük güclü inkişaf edib, bu sahədən yaxşı gəlir əldə edilib.1970-ci illərdə Azərbaycanda təxminən, ildə 25 min ton tütün istehsal olunub. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılıb. Tütün iqtisadi əhəmiyyətinə görə, Azərbaycanda pambıqçılıqdan sonra 2-ci texniki bitki sayılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra pambıqçılıq, çayçılıq, üzümçülük, ipəkçilik kimi yüksək gəlir gətirən sahələrlə yanaşı, tütünçülükdə də tənəzzül başladı. Son 20 ildə tütün istehsalı 50 min ton azalaraq 2010-cu ildə cəmi 3.2 min ton düşdü. Getdikcə də azalır. Hazırda Azərbaycanda az həcmdə Şəki-Zaqatala zonasında “Samsun”, “Trabzon” və “İtiyarpaq” kimi qiymətli tütün növləri əkilir. Lakin istehsal və satış prosesinə dövlət dəstəyi verilmədiyindən, tütün sektorunun idarə edilməsi təşkil edilmədiyindən bu qiymətli təbii sortlar ucuz qiymətə qonşu Gürcüstana satılır. Bunun nəticəsində indi yerli siqaret fabrikləri üçün xammal- tütün ancaq xaricdən idxal olunur, ölkəmizdə yerli imkanlar ola-ola xeyli valyuta xaricə axır. Siqaretlərin də çoxu idxal olunur. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ildə 240 milyon dollarlıq idxal olunur. Təkcə bu rəqəm yerli tütünçülüyün tənəzzülü ilə hər il nə qədər böyük gəlirdən mərhum olduğumuzu anlamaq üçün kifayət edir.

“Tütün istehsalını 30-40 min tona çatdırmaq üçün real imkan var”

İqtisadçı Oqtay Haqverdiyev bu sahənin tənəzzülündə əsas səbəbləri belə izah edir: “Sovet dövründə Azərbaycanda tütünçülük, pambıqçılıq, üzümçülük istiqamətli sənaye məhsullarının istehsalı aktiv olaraq inkişaf edirdi. Sosializm sistemi dağıldıqdan sonra kənd təsərrüfatının bütün sahələri tənəzzüllə uğradı. Tütünçülük də istisna deyildi”. O.Haqverdiyevun dediyinə görə, hələ 1970-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində işlədiyi vaxt apardıqları araşdırma nəticəsində məlum oldu ki, hazır məhsulun dəyəri baxımından, Azərbaycanın aqrar sektorunda nisbətən rentabelli sahə tütünçülükdür. Ekspert hesab edir ki, əgər bu sahəyə diqqət ayrılsa, yaxın perspektivdə hazırkı 3 min ton istehsalı 30-40 min tona çatdırmaq üçün real imkanlar vardır. Təbii ki, satış bazarını tapmaq şərtilə.

“Yerli tütünü olmayan inhisarçılar bazarı ələ keçirib”

Yerli siqaret fabriklərinin respublikada becərilən tütünü almamasının səbəblərinə toxunan ekspert deyir ki, bazar yerli tütünü almayan inhisarçılar tərəfindən ələ keçirilib. Buna görə də, istehsalçılar məhsulu realizə etmək üçün inhisarçılara müraciət etməli olurlar ki, onlar da özlərinə sərf edən qiymətləri diktə edirlər. İqtisadçının sözlərinə görə, Sovetlər dövründə Azərbaycan tütünü keyfiyyətli tütünlərdən hesab olunurdu: “İndi elə bir vəziyyət yaranıb ki, xaricdən fermentasiya olunmuş tütün idxal olunur. Bu siqaretlərin heç bir keyfiyyəti yoxdur, əksinə daha çox öldürücü xüsusiyyəti var. Ona görə də, vacibdir ki, xaricdən gətirilən tütün məmulatlarının keyfiyyətinə nəzarət edən bir qurum və müvafiq laboratoriya yaradılsın. Daha yaxşı olardı ki, yerli tütün əkinlərinin artırılması stimullaşdırılsın, xaricdən tütün gətirilməsinin qarşısı alınsın”.

“Dünya Bankı zərərli olduğunu bəhanə gətirib tütünçülüyün inkişafına mane oldu”

İqtisadi məsələlər üzrə ekspert Vahid Məhərrəmov respublikamızda güclü tütünçülük ənənələrinin olduğunu bildirir: “Sovet dövründə tütün sahəsi yaxşı qurulmuşdu. Respublikamız bu sahədən yüksək gəlir götürürdü, tütün istehsalında on minlərlə insan çalışırdı. SSRİ dağılandan sonra Dünya Bankı ilə birlikdə aqrar sektorla bağlı birgə layihələrin işlənməsinə, treninqlər aparılmasına, kreditlər verilməsinə başlandı. Bu zaman tütünçülük sektoru arxa plana atıldı. Səbəb kimi tütünün sağlamlığa zərəri önə çəkilirdi. Ona görə də, tütünçülüyə yardımlar, kreditlər ayrılmadı və bu sahədə tənəzzül başladı”.

Ekspert deyir ki, bu məsələyə bizim yanaşmamız doğru olmadı: “Yəni, “bu insana zərərlidir və bunu tədricən aradan qaldırmalıyıq”- dedik və bu sektoru məhv etdik. Əvvəllər tütünçülüklə məşul olanlar hər hektara görə əlavə 100 manat pul verilirdi. Lakin son dövrlərdə tütün əkənlərə dotasiya, subsidiya verilmədiyindən bu sektor getdikcə tənəzzül etdi”.

“Geni dəyişdirilən Amerika tütünü ucuz təklif edildiyindən bazarı ələ keçirib”

-ABŞ kimi ölkədə siqaretə qarşı aparılan mübarizəyə baxmayaraq, tütün istehsalının nəinki azalmadığını, hətta artdığını nəzərə alsaq, Dünya Bankının bu yanaşması şübhəli görünür. Onsuz da, dünya ictimaiyyətində Dünya Bankı və bu kimi beynəlxalq təşkilatların ABŞ və iri kapitalist dövlətlərinin mənafelərini qorumaq məqsədilə iqtisadi siyasət yürütdüyü haqda ciddi şübhələr, hətta aşkar faktlar var. Bəzi ekspertlər ABŞ-ın tütündən yüz milyardlarla gəlir əldə etdiyini nəzərə alıb bu sahədə qlobal monopoliya yaratmaq cəhdini pisləyirlər. Bəs Azərbaycanda Dünya Bankının təşviqi və məsləhəti ilə bu sektorun tənəzzülə uğradılmasını necə başa düşmək olar? V.Məhərrəmov bu məsələ ilə bağlı düşünür ki, ABŞ-da tütünün məhsuldarlığı yüksəkdir, çünki genetik modifikasiyaya məruz qalıb. Buna görə də, bu gün dünya bazarında onların təklif etdiyi tütün ucuz və keyfiyyətlidir, nəticədə bu proses digər ölkələrin məhsullarını sıxışdırır. Ölkədə əkilən tütünün yerli siqaret fabrikləri tərəfindən alınmaması da yuxarıda qeyd etdiyimiz şübhələri gücləndirən faktorlardandır. Çünki, Azərbaycanın siqaret istehsalçıları bütün xammalı xaricdən idxal edirlər. Bizim tütünün isə “Baku-Tobaccos” dura-dura Gürcüstan tərəfindən alınması maraqlı məqamdır.

“Hər cür imkanımız olduğu halda bazarımızı niyə başqasına verməliyik?”

V.Məhərrəmov deyir ki, bu sektora dövlət dəstəyi verilməlidir: “İndi yenidən bu sahənin dirçəlməsi üçün imkan var, sadəcə, hökumətin xüsusi siyasəti olmalıdır. Tütünçülük spesifik sahədir, bu sahənin inkişafına xüsusi diqqət göstərilməlidir. Tütünün becərilməsində və qurudulmasında müasir texnologiyadan istifadə olunması təmin edilməlidir, tütünçülüklə bağlı strategiya müəyyənləşməlidir. Onsuz da bizdə və dünyada siqaret istehlakçıları azalmır, əksinə artır. Dövlət bu sahəyə dotasiyalar ayıra bilər, digər stimullaşdırıcı tədbirlər həyata keçirə bilər. Hökumət elə şərait yaratmalıdır ki, bizim yerli siqaret fabrikləri öz tütünümüzdən istifadə etsin. Bununla biz, həm bu sahəni inkişaf etdirər, xeyli kəndlini işlə təmin edər, həm də ixdaldan asılılığı aradan qaldırar və maliyyə vəsaitlərimizin xaricə yox, öz kəndlimizə çatmasını təmin etmiş olarıq. Bu, hökumətin, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir”. İqtisadçı deyir ki, bizim də keyfiyyətli məhsul istehsal etmək üçün təbii şəraitimiz, mütəxəssislərimiz və bu sahədə böyük ənənələrimiz var: “Üstəlik, həm ölkəmizdəki sənaye müəssisələrinin tələbatını ödəmək üçün, həm də qonşu ölkələrə ixrac etmək üçün kifayət qədər tütün istehsal etmək imkanımız var. Bunu niyə də etməyək və öz bazarımızı xarici əllərə verək?”

Daha bir gəlirli sahəni itirmək üzrəyik

Qeyd edək ki, Nazirlər Kabineti 22 noyabr 2002-ci il tarixli qərarla “Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı”nı, “Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə”ni və “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. Bu sənədlərə əsasən, hökumət tütün istehsalına dəstək verilməsini və bu sahəyə ciddi nəzarət edilməsini nəzərdə tutur. Lakin 13 il keçməsinə baxmayaraq, bu sahədə ciddi irəliləyişlər müşahidə olunmayıb. Bu sektora edilən ən böyük dövlət yardımı Azərbaycan Prezidentinin 27 noyabr 2001-ci il tarixdə təsdiq etdiyi “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanuna əsasən 3 il müddətinə (2001-2003-ci illərdə) vergi ödəməkdən azad edilməsi olub. Lakin bu güzəşt həmin sektorun inkişafına təkan verməyə kifayət etməyib. Respublikamız daha bir gəlirli və ənənəvi sahəni itirmək üzrədir. Daxili bazarımız isə təhlükəli, şübhəli tütün məmulatları ilə doldurulub. Tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək sahələrdən biridir. Ən azı daxili tələbatı yerli məhsul hesabına ödəməklə idxaldan asılılığı ləğv edə bilərik.

Turan

P.S. Kənd Təsərrüfatı Nazirliyinin veb-səhifəsində tütünçülüklə bağlı heç bir məlumat tapa bilmədik. Orada bu sahəni deyəsən, tamam unudublar, biz yazdıq ki, yada salaq...





Həftənin ən çox oxunanları