Yuxarı

Çirkli hava hər il 7 milyon can alır

Çirkli hava hər il 7 milyon can alır

cirkli hava

Ekologiyanın çirklənməsi erkən ölümə səbəb olur

Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığı təhdid edən risklərin azaldılmasına həsr edilmiş açıqlamasına görə hər il dünyada 7 milyondan çox insan çirklənmiş hava səbəbindən erkən ölür. Açıqlamadan bildirilir ki, qapalı və açıq məkanlarda yaranan çirkli hava insanlarda müxtəlif xəstəliklərə səbəb olaraq ömrünü qısaldır. Havadakı his, ozon və metan nisbətindəki dəyişikliklər sadəcə iqlim dəyişikliyinə səbəb olmur, eyni zamanda hər il milyonların ölümünə rəvac verir.

Planeti kim, niyə çirkləndirir?

Açıq hava çirklənməsi hər il 3.7 milyon, evlərdə və ya ofislərdə yaranan kirli hava isə hər il 4.3 milyon insanı erkən öldürür. Araşdırmalara görə, dünyada ekologiyanın çirklənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz nəqliyyat vasitələri və 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirklənməsinin qarşısı alındığı təqdirdə 2050-ci ilə qədər hər il 3-5 milyon insanın erkən ölümünün qarşısı alına bilər.

Dünya miqyasında mövcud problem

lərdən ən böyüyü ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu respublikamız üçün də olduqca aktual olub, həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neft-kimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır.

Azərbaycanınhavası necədi?

Qeyd edək ki, hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır.

Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır ki, bu tullantıların da təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır. Stasionar və səyyar mənbələrdən atmosferə əsasən bərk toz hissəcikləri, karbon oksidləri, azot oksidləri, kükürd oksidi, karbohidrogenlər və digər uçucu kimyəvi maddələr atılır. Ekoloqlar hesab edir ki, respublikanın ekologiyasına zərər verən əsas səbəblər sənaye və kənd təsərrüfatı müəssisələrinin, həmçinin avtonəqliyyat vasitələrin fəaliyyəti, məişət tullantılarının düzgün idarə edilməməsi, su mənbələrinin çirkləndirilməsi, torpaqların kimyəvi kübrələrlə zəhərlənməsidir. Ekoloq Telman Zeynalovun sözlərinə görə, qlobal ekoloji proseslərin Azərbaycana təsiri əhəmiyyətli dərəcədə deyil, əsasən lokal təsirlərdən rolu çox böyükdür: “Müəssisələrin çoxunda filtrlər, təmizləyici qurğular ya yoxdur, ya da bərbad vəziyyətdədir. Daha Bakıda nəfəs almaq olmur. Tikinti sahələrinin həddən artıq çoxalması və sıxlığı, avtomaşınların sayının artması kimi hallar vəziyyəti daha da kəskinləşdirir”.

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev deyir ki, dövlətin bu sahədə ciddi işlər görməsi vacibdir, lakin əhali ekologiyanın qorunmasında iştirak etməli, vətəndaşlar özləri ekoloji problemlərə gətirib çıxaran əməlləri etməməlidir: “Bunun üçün də güclü maairfləndirmə işi aparılmalıdır: “Biz ötən illərdə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) maliyyə dəstəyi ilə layihələr həyata keçirmişik. Jurnalistlər ölkənin 4 müxtəlif ekodəhlizinə səfər edib, dağlıq və meşəlik bölgələrdə çadırlarda məskən salıblar, monitorinq keçiriblər. Monitorinq müddətində KİV nümayəndələri mövcud vəziyyəti öz gözləri ilə görüb yazılar hazırlayıb dərc etdiriblər və bu yazılar arasında müsabiqə keçirilib”.

Ekoloq hesab edir ki, nə qədər əhəmiyyətli olsa da, burda təkcə maarifləndirmə ilə vəziyyətdən çıxmaq olmayacaq: “Hökumət stimullaşdırıcı və cəzalandırıcı tədbirlər həyata keçirməlidir. Ekologiyanı korlayanlar, ağacları qıranlar, havanı, suyu zəhərləyənlər ciddi cəzalandırılmalıdır”. Ekoloqun fikrincə, nəzarət artırılmalı, cəzalar yüksəldilməli, stimullaşdırıcı tədbirlər görülməli, bununla paralel isə maarifləndirmə aparılmalıdır. Bunların heç biri təklikdə problemi həll etmək gücündə deyil.

Neyləməli?

Həkimlər deyir ki, çirkli ekologiya ürək xəstəlikləri və infarkt hallarına səbəb olur. Dünyada hər 8 ölümdən birinin hava çirkliliyi səbəbindən baş verir. Ümumdünya Səhiyyə Təşkilatının Ailə, Qadın və Uşaq sağlamlığı sektorunun rəsmisi Flavia Bustreo bu məsələ ilə bağlı təşkilatın narahatlığını dilə gətirib: “Nəfəs aldığımız havanın təmizlənməsi başqa uşaqlar və qadınlar olmaqla bütün əhalinin xəstəlikdən vəfat etmə hallarını minimuma endirəcək. Kasıb ailələr kömürlə evi isidərkən o ağır havanı ciyərlərinə çəkərək ölümə yol açırlar. Təsadüfi deyil ki, evlərdə kömür yandıraraq havanı kirlətmələri səbəbindən xəstəliyə yoluxaraq və ya qəfildən ölənlərin sayı 4.3 milyonu ötüb”. Çirkli ekologiya səbəbindən baş verən ölümlər ən çox Cənub Şərqi Asiya və Sakit Okean ərazisində baş verib. ÜST-ün Xalq Sağlamlığı üzrə koordinatoru Karlos Dora isə açıqlamasında ekologiyanın həddən artıq çirklənməsinə səbəb kimi  nəqliyyat, enerji, tullantıların idarəçiliyi və sənayedə yetərsiz siyasəti göstərib. O vurğulayıb ki, hava təmizliyi üçün dünyada daha sağlam strategiyalar qəbul edilsə, həm ekoloji təmiz mühit yaranar, həm də bu səbəbdən baş verən ölüm sayı azalar.

Lalə Mehralı





Həftənin ən çox oxunanları