Yuxarı

Qızım, səni ərə verim...

Qızım, səni ərə verim...

gelin1

Əsasən müsəlman ölkələrində yaşanan erkən nikah problemi Azərbaycanda da çox müşahidə edilir. Bir zamanlar ölkəmizin ən çox cənub bölgəsinin və Bakıətrafı kəndlərində rast gəlinən erkən nigahlar bu gün bütün ölkəni cənginə alıb. İndi Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsi adət halını alıb.

Statistikaya müraciət etsək, 1960-cı illərdə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən, 2 minə çatırdısa, 2008-ci ildə bu rəqəm 5500 nəfəri keçdi, son illərdə isə bu göstərici 6-7 mindən aşağı deyil. Statistik qeydiyyata alınmayanların sayının bu rəqəmdən 2-3 dəfə çox olduğu ehtimal edilir.

Qeyd edək ki, aşağı yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Ümumdünya Səhiyyə Təşkilatı  xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər. Burada orqanizmin fiziki və psixoloji hazırlığı məsələsi nəzərə alınır, çünki 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Məlumat üçün bildirək ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, bu problemlə əhali özü də mübarizə aparmalıdır. Qadağalar problemi həll etmir, tətbiq edilən cəza üsulları da həmçinin.  Övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıya biləcəyini bilməlidir. Ekspertlər hesab edir ki, Cinayət Məcəlləsində bu barədə dəyişiklik edərək valideynlərin məsuliyyətini artırmaq da bir çıxış yolu ola bilər. Çünki bu, əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur.

Erkən nikahların uşaq psixologiyasına vurduğu zərərlər, problemin həlli yolları ilə bağlı psixoloq Elnur Bayramovun münasibətini oxucularımızın diqqətinə çatdırırıq.

-Elnur müəllim, erkən evləndirilən yeniyetmələrin psixoloji durumu sonrakı həyatında problem yaradır?

-Əlbəttə, yaradır. Bu problemlər müxtəlif formalarda təzahür edə bilər. Erkən evləndirilən gənclər gənclik çağını keçdikdən sonra bunun bir hiss olduğunu düşünə bilər, ailəsindən soyuya bilər, vaxtından əvvəl yaranmış ailə ağırlığından, məsuliyyətindən bezə bilər.

O bu problemlərdən uzaqlaşmaq üçün öz subay həmyaşıdları kimi macəra axtarışı düşüncəsində ola bilər.

- Evliliyə, ailə həyatına hazır olmayan 13-15 yaşlı qızlar bunu travma kimi qəbul edir?

-Təbii ki, həm fizioloji, həm də psixoloji baxımdan tam formalaşmamış bir gəncin ailə qurması düzgün deyil. Erkən evlilik onun həyatından və psixologiyasında bərpası mümkün olmayan izlər buraxır. Bu, heç vaxt unuda bilməyəcəyi və dilə gətirə bilməyəcəyi bir hiss olaraq qalır. 13-15 yaşlarında ailə quran qızların böyük əksəriyyəti bu evliliyi travma kimi qəbul edir. Onlarda stress depressiya halları zaman-zaman müşahidə edilir. Vəziyyət uzun sürsə, mütləq peşəkar köməyinə ehtiyac duyulur.

- Onların uşaq yaşda valideyn olması özlərinin və uşaqlarının psixologiyasına necə təsir edir?

-Valideynlərdə yaşından tez qocalmaya səbəb olur, çünki  gənc yaşda ata-ana olan insanların güzəşt etmə, bağışlamaq kimi hissləri zəif olur, eyni zamanda onlarda səbirsizlik də müşahidə edilir, bu kimi hallar da valideynlərdə problemlərə, uşaqların psixi inkişafında ləngimələrə gətirib çıxara bilir. Belə uşaqların cəmiyyətə adaptasiyası ya gec olur ya da ümumiyyətlə, olmur.

-Bu cür problemi olan və psixologiyası erkən evliliyə görə pozulan, özünü ətraf aləmdən təcrid edən gəncləri cəmiyyətə qaytarmaq üçün nə etməliyik?

- Bunun üçün xüsusi dövlət proqramı olmalı və bu proqram çərçivəsində psixoloqlar, sosioloqlar birlikdə işlər aparmalıdır. Yalnız bu halda biz onları çəmiyyətə qaytara bilərik. Onların cəmiyyətə qayrtarılması və erkən evlilik hallarının azaldılması üçün 5 əsas şərt yerinə yetirilməlidir. Maariflədirməni gücləndirməli, erkən evliliyin zərərləri barədə sosial reklamlar hazırlamalı, mütəxəssislərin valideynlər və uşaqlarla ayrı-ayrılıqda və birlikdə görüşlərini təşkil etməli, Təhsil və Səhiyyə nazirlikləri birlikdə layihələr reallaşdırmalı, ərazi icra nümayəndələri erkən evləndirmə hallarına maksimum nəzarət etməli və erkən evlilik halı aşkarlanarsa, gəlinin kimliyi mediaya çıxarılmamalıdır.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada hər il 10-12 milyon qız uşağı erkən evliliyə məcbur edilir. Beynəlxalq Qadın Araşdırma Mərkəzi (ICRW)  açıqlayır ki, erkən nikahlar daha çox Afrika və Cənubi Asiyada rastlanır.

Avropada evliliklərin 10 faizi erkən nikahdırsa, Afrika və Cənubi Asiyada bu rəqəm 70 faizi keçib. Nigeriyada 75, Çadda 72, Banqladeşdə 66 faizlik statistikaya malik erkən nikah dünyanın ən vacib problemi olaraq qalır.

Lalə Mehralı





Həftənin ən çox oxunanları