Yuxarı

İçməli su: Əhali qorxu içində

İçməli su: Əhali qorxu içində

su

İnsan orqanizminin 2/3 hissəsini təşkil edən su artıq molekulyar səviyyədə çirkləndiyindən bioloji strukturun mutasiyaya uğramaq təhlükəsi yaranıb

Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. “Cumhuriyyət” qəzetinin nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Bəzi KİV zəhərlənənlərin sayının daha çox olduğunu bildirir. Azərsu isə iddia edir ki, zirzəmidə texniki qəza nəticəsində kanalizasiya suyu evlərə vurulub. Hazırda faktla bağlı araşdırma aparılır. Biz isə içməli su problemini yenidən gündəmə gətirməyə çalışdıq.

Xəstəlik və ölüm hallarının 80 faizi “içməməli su” ilə bağlıdır

Ötən əsrin ortalarından başlayaraq sürətlə inkişaf edən texniki proseslər əlçatan su mənbələrini həddən artıq çirklənməyə məruz qoyub. Sənaye tullantıları nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyub. Son vaxtlar bir sıra ölkələrdə kəskin içməli su çatışmazlığının yaranması təhlükənin yaxınlaşdığını xəbər verir. Hazırda dünyada 2 milyarddan çox adam içməyə yararlı olmayan su içir.

Təxminən, 50-60 il bundan əvvəl ətraf mühitin çirklənməsi əsasən, iri sənaye müəssisələri və ayrı-ayrı dövlətlərin hərbi-sənaye kompleksi tullantıları hesabına baş verirdisə, günümüzdə ölkələrin əksəriyyətində bu amilə daha biri-iri yaşayış məntəqələrinin məişət çirkabı amili əlavə olunub. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir.

Beynəlxalq təşkilatların hesablamalarına görə, suyun antropogen çirklənməsi ilə bağlı xəstəliklər ildə 3,8 milyon uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər və ölüm hadisələri məhz içməməli su ilə bağlıdır.

Mütəxəssis: “Kür suyundan imtina edilməlidir”

Azərbaycanda bu problem özünü tam çılpaqlığı ilə büruzə verir. Çünki ölkəmizin su hövzələri böyük sürətlə çirklənməyə məruz qalır və insanlarımız bu ifrat dərəcədə çirklənmiş, təhlükəli xəstəliklər yaradan suyu içmək məcburiyyətində qalır. Bu proses ən çox Abşeron yarımadasında özünü büruzə verir. Məlum olduğu kimi, Bakı şəhəri və Abşeron rayonu uzun illərdir ki, şirin su tələbatını əsasən 5 su kəməri vasitəsi ilə təmin edir. Bunlar Şollar, Samur-Abşeron, Kürdən gələn 1-ci və 2-ci su kəmərləri, həmçinin Bakı-Qəbələ-Oğuz su kəməridir.

su1Başlıca narahatlıq isə ondan ibarətdir ki, Bakı və Abşeronun, habelə bəzi şəhər və kəndlərin əsas hissəsi Gürcüstan və Ermənistanın hədsiz dərəcədə çirkləndirdiyi Kür suyu ilə təmin olunur. Digər narahatlıq doğuran məqam isə, Bakı-Qəbələ-Oğuz su kəmərinin və Şollar su kəmərinin suyunun sonradan Kür suyu ilə qarışdırılması, nəticədə bu suyun da çirklənməsi ilə bağlıdır. İçməli suyun keyfiyyəti ilə bağlı ictimai təşkilatların da mövqeyi çox sərtdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə ki, son zamanlar suyun palçıqlı vəziyyətdə olması ilə bağlı təşkilata xeyli şikayətlər edilir. Texniki suyun içməli suya qarışması halları ilə bağlı şikayətlər də çoxluq təşkil edir. Eyyub Hüseynov Bakıda içməli suyun keyfiyyətsizliyinin səbəbini ilk mənbəyin, yəni Kür suyunun çox çirklənmiş vəziyyətdə olması ilə əlaqələndirir: "Bu, Ceyranbatan su anbarına tökülən suyun da çirklənməsinə səbəb olur. Nəticədə bu suyu heç bir təmizləyici qurğu təmizləyə bilmir". AİB sədri yaranmış vəziyyətdən çıxış yolunu alternativ su kəmərlərinin çəkilməsində, eyni zamanda Kür suyundan tamamilə imtina edilməsində görür. “Çünki Kür suyu artıq molekulyar səviyyədə çirklənib. Gürcüstan və Ermənistan Kürü təhlükəli həddədək çirkləndirir”.

Ermənilərin gizli yeraltı kəməri Arazı necə zəhərləyir?

Kür çayında isə ekoloji durum tam böhranlı vəziyyətdədir. Araz çayı ilə daha da çirklənməyə məruz qoyulan Kürdə artıq canlıların yaşaması üçün imkan qalmayıb. Bu iki çay isə birlikdə Xəzəri çirkləndirir. Kürün Gürcüstanda maksimum çirklənməyə məruz qoyulması təkcə paytaxta və Abşeron üçün deyil, həm də ölkənin xeyli hissəsi üçün təhlükə yaradır. Gürcüstan paytaxtının, həmçinin Rustavi kimi iri sənaye şəhərinin bütün məişət və texniki tullantıları bu çaya axıdılır. Bu azmış kimi, Ermənistan da Araz çayı vasitəsilə Kürü daha dəhşətli maddələrlə çirkləndirir.

Arazın çirklənməsi ilə bağlı qəzetlərin birinə müsahibəsində Suyun mikrobiologiyası üzrə tanınmış mütəxəssis, professor Məmməd Salmanov bildirmişdi ki, hələ Sovet dövründə Ermənistan SSR-in rəhbərliyi Moskvaya müraciət edərək, Metsamor Atom Elektrik Stansiyasının və bir neçə filizsaflaşdırma fabrikinin çirkab sularını toplayıb təmizləmək üçün süni bir su anbarının tikilməsi üçün vəsait istəyib. SSRİ hökuməti bu məqsədlə Ermənistana 1 milyon sovet rublu maliyyə ayırıb. Maliyyəni alan ermənilər su anbarı və onun üzərində sutəmizləyici qurğu tikmək əvəzinə, Ermənistan boyunca- düz Sədərəklə sərhədədək böyük diametrli asbest borularla yeraltı bir kanalizasiya xətti çəkiblər. Neçə illərdir ki, Ermənistan ərazisinin böyük bir hissəsinin bütün məişət və sənaye çirkab suları həmin yeraltı kanalizasiya xəttilə axıdılaraq, Surenavan kəndinin aşağısında Araz çayına axıdılır!

Bu səbəbdən də hazırda Araz çayının suyunda radioaktiv nuklidlərin, müxtəlif kimyəvi birləşmələrin (fenol, benzol, toluol, qatı sulfat turşusu və s.), ağır metalların və neft məhsullarının buraxıla bilən konsentrasiyası Sanitariya Norma və Qaydaları ilə limitləşdirilən maksimal həddən 100 dəfələrlə yüksəkdir!

Çirkli su mutagen proseslərin başlanmasına gətirib çıxarır

Maraqlıdır ki, paytaxtda içməli suyun çirkli olması faktı real olaraq ortada olsa da, aidiyyəti dövlət qurumları bunu inkar edir və bu sahədəki vəziyyəti normal hesab edirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov bir qədər əvvəl yerli qəzetlərdən birinə Bakıda içməli suyun tərkibinin mütəmadi olaraq yoxlanıldığı barədə məlumat verərək bildirib ki, təmsil etdiyi qurum bütün digər ərzaq məhsulları, geyim əşyaları kimi şəhərə verilən içməli suyun da keyfiyyəti məsələsinə hər ay xüsusi diqqət ayırır və bununla bağlı laboratoriya müayinələri keçirilir.

GEM rəsmisinin fikrincə, əsas məsələ bakterioloji çirklənmənin olmamasıdır. "Bakterioloji çirklənmə yoxdursa, əlbəttə, bu suyu içmək olar". Mütəxəsislər isə deyir ki, insanın qəbul etdiyi bütün qidalar orqanizmdə yalnız suda həll olmuş şəkildə həzm oluna bilir. Çirkli qidanın tərkibində olan zərərli qarışıqlar da məhz onların sulu məhlulundan sorulur və insanın qanına keçir. Çirkli suyun hesabına davam edən bu proses toplumu ən müxtəlif fəlakətlərə sürükləyir. Belə ki, qana daxil olan həmin çirkləndiricilər insanın gen strukturlarına dağıdıcı təsir göstərir- genetik informasiyanı pozur, gen kodlarını dağıdır. Bu da insan orqanizmində ən müxtəlif patalogiyaların və mutagen proseslərin başlanmasına gətirib çıxarır.

Təmizləyici qurğular suyun molekulyar tərkibini təmizləyə bilməz

Qeyd etmək lazımdır ki, hətta mövcud təmizləyici qurğularla belə tullantı suların tam təmizlənməsi mümkün olmur. İçməlu su təchizatına cavabdeh olanlar daim iddia edirlər ki, Kürün, Ceyranbatanın və digər hövzələrin suyu yetərli səviyyədə emala məruz qoyulandan sonra əhaliyə təklif olunur və bu səbəbdən də içməyə yararlıdır. Bu mənbələrdən Abşeron yarımadasına gətirilən suyun içməyə tam yararlı olduğu bütün müvafiq dövlət orqanları tərəfindən iddia edilir və rəsmi sənədlərlə təsdiqlənir.

"Azərsu" ASC bildirir ki, "Kür çayı və Ceyranbatan gölünün suyu bulanlıq olduğundan sutəmizləmə qurğularında bir neçə mərhələdə yeni tətbiq edilən kimyəvi reagentlərlə emal olunur. Mütəxəssislər isə bildirirlər ki, Kür-Abşeron Su Kəmərləri Şəbəkəsinin layihəsinə görə, bu şəbəkənin baş sutəmizləyici qurğuları sudakı mexaniki qarışıqların 10,0 mq/l-lik maksimal həddinə hesablanıb. Amma il boyu Kür çayının suyunun bulanıqlıq dərəcəsi 50,0-80,0 mq/l intervalında dəyişir. Buradan aydın olur ki, suyun burada mexaniki qarışıqlardan tam təmizlənməsindən söhbət belə, gedə bilməz! Digər tərəfdən isə həmin sutəmizləyici qurğular suyu yalnız mexaniki qarışıqlardan təmizləmək üçün nəzərdə tutulub, bu qurğular Kür suyunun kimyəvi tərkibini təmizləmək qüdrətində deyil.

"Azərsu" bildirir ki, əhaliyə təklif olunan su xlorun köməyi ilə emal edilir və bu zaman suyun tərkibində olan mikroblar ölür: "Xlorun təsiri ilə suda olan bakteriyaların hüceyrə maddələri oksidləşir, müxtəlif virus və zooplanktonlar məhv olur. Suyun xlorla emalından sonra o, içməyə yararlı olur". Burada meydana bir sual çıxır- bəs Kür və Araz suyunun tərkibində normadan on dəfələrlə artıq olan sənaye tullantıları, radioaktiv nuklidlər, kimyəvi qarışıqlar, ağır metallar necə təmizlənir?

Ümidvaram ki, müvafiq dövlət orqamnları bu suallara cavab verəcək.

Elçin





Həftənin ən çox oxunanları