Yuxarı

Nigaran ada

Nigaran ada

nargin adasi

Tarixin qaranlığına gömülən Nargin şəhidləri

1915-ci ildən 1940-cı ilədək əvvəlcə çar Rusiyası, sonra da Sovet imperiyası Nargin adasında onminlərlə Anadolu və Azərbaycan türkünü qətlə yetirib. 1915-ci ildən başlayan bu tarixin hər səhifəsi tük ürpədir, ürək dağlayır, göz yaşı tökdürür. Hələ də tarixin qaranlığına gömülmüş sirr olaraq qalır. Bu tarix gün üzünə çıxarılmalı, baiskarlardan hesab sorulmalı, cavab istəməlidir. Rusiyanın ermənilərlə birlikdə törətdiyi əli qanlı siyasəti ifşa olunmalıdır. Qafqaz cəbhəsindən əsir götürülən Osmanlı əsirlərinə qarşı cinayətlər Qars, Gümrü, Batum, Qori, Aleksandropol, Tiflis, Rostov, Tambuk, Kamışlı, Krosnayarosk, İrkutsk, Sibirin Otlağa, Çohluma, Noryevski, Açinski, Skotof, Stavropol, Maykop və başqa şəhərlərində, Moskvada, Nijni Novqorodda, Petroqradda, Ziç adasında və Xəzər dənizinin Nargin adasında törədilmişdir.

Bu qədər əsir düşərgələrində 1915-1918-ci illər arasında 100 minə qədər Osmanlı dövlətinin vətəndaşı amansızlıqla öldürülmüş, ağlagəlməz işgəncələrə məruz qoyulmuşdur. Sarıqamış məğlubiyyətdən sonra bölgə tamamilə Rusiyanın əlinə keçdi. Ərzurum, Qars, Sarıqamış, Ərdəhan və ətraf bölgələr döyüşçüləri və insanları ilə bərabər düşmən əlinə keçmişdi. Əsirlər heyvanlara məxsus vaqonlara doldurularaq öncə Tiflisə, oradan da Rusiyanın müxtəlif bölgələrinə ölüm düşərgələrinə göndərilirdi. 1915-ci ilin ilk aylarında Qarsdan Batumiyə, oradan da Tiflisə çox böyük sayda əsir gətirilir. Bakıda dərc olunan “Kaspi” qəzetinin 1915-ci ildki nömrəsində yazılırdı: “Əsirlərin içərisində mülki vətəndaşlar, qocalar, uşaqlar da var idi. Yaralıların sayı da çox idi. Hər gün ölüm faktları artır, yolxucu xəstəliklər baş alıb gedirdi”. Tiflisə gətirilən əsirlər burada hər dörd nəfərlik yerə 12-13 nəfər yerləşdirməklə vaqonlara doldurulur....Və buradan da tarixin yaşadığı ən ağır insanlıq dramı başlayır. Vaqonların qapıları çöldən kilidlənir və qatar ölümə yol alır. Vaqonun qapıları 4-5 gündən bir açılır və hər açıldığında aclıqdan, susuzluqdan və soyuqdan donub ölmüş əsirlərin cəsədləri Sibirin şaxtalı meşələrinə atılır, qalanlara bir para çörək və su verildikdən sonra yenə qapılar kilidlənərək yola davam edilirdi. Bir ayın tamamında qatar Sibirin Qamışlı stansiyasına yetişir. Bu vaxt vaqonlarda əsir sayları xeyli azalmış, qalanlar da vaqondak çirkabdan, aclıq və soyuqdan yoluxucu xəstəliklərə tutlmuşdu. Döyüş meydanından əsir götürülən yaralı əsgərlərin yarası sarınmır, bəziləri qan itkisindən keçinirdi.

Əsirlərin ikinci böyük hissəsi işğal olunmuş ərazidən Tiflisə gətirilir. Qanlı hadisələrin şahidi olmuş isveçli Qraf Londrof gördükləri haqqında yazırdı: “İzdihamdan və üfunətdən yanlarına yaxın düşülməsi mümkün olmayan qapalı, kilitli, içərisi Osmanlı əsirləri ilə dolu böyük bir vaqon 1915-ci il yanvar ayının sonunda Sirzan stansiyasına gəldi. İçindəki əsirlər sümükləri çıxmış, yerindən tərpənməyəcək şəkildə yorğun və qüvvətdən düşmüş, əyinlərində geyimləri yox, ayaqları çılpaq bir halda idilər”. “Frankfurt Saytong” qəzeti 22.6.1916 tarixli sayında yazırdı: “1916-cı ilin fevralında Krosnayarskdan Primorskiyə göndərilən 10 min Osmanlı əsirindən sadəcə 200-ü Primorskiyə yetişdi. əsirlərin paltarları soyundurulmuş, Sibirin soyuğuna buraxılmışdı. Yaralıların çoxu oturdukları yerdə, bəzən ayaqüstə ölürdülər”. Sibir düşərgəsində çox az bir qismi qalan türklərə sonralar Rusiya müsəlmanları sahib çıxır. Ərzaq və isti geyimlə onlar təmin edirdilər. Onlar Moskvada, Petroqradda, Kazanda, Ufa və Orenburqda yardım komitələri təşkil edərək 1917-ci il mayın 17-də Rusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında məsələ qaldırırlar. Bundan sonra onlar Rusiyanın hərbi naziri Kerenskiyə teleqram göndərirlər. Nəticədə əsirlərdən 100-ə qədəri öz başarıları və müsəlmanların yardımı ilə Əfqanıstana, oradan da Türkiyəyə gedə bilirlər.

Nargin adası

Mirzə Fətəli Axundovun başladığı mədəni türkçülük XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əhmət bəy Ağaoğlu, Hüseyn Cavid və digər ziyalıların fəaliyyəti ilə siyasi türkçülüyə çevrilmişdi. Odur ki, Osmanlı dövləti ilə Azərbaycan arasında yaxınlaşma münasibətlərin dövlətlərarası hüquqa əsaslanmadığı vaxtdan yaranmış, can, qan yaxınlığı bu inkişafı xeyli sürətləndirmişdi. Birinci Dünya savaşı başlayarkən Azərbaycanda heç kim Türkiyənin bu savaşa girməsini arzu etmirdi. Çar Rusiyasının Azərbaycan türklərinə qarşı basqılarına baxmayaraq, Bakının zəngin neft maqnatlarının sahibləri və ziyalılar aşkar-gizli Türkiyə ilə təmasları yaxınlaşdırır, Rusiya əleyhinə broşur və vərəqələr yayımlayır, Türkiyənin durumu ilə bağlı yazılar dərc olunurdu. Türk ordusunun məğlubiyyətləri Azərbaycan türklərini üzür, Anadoludan gələn fəlakətli xəbərlərdən pərişan olurdular. Osmanlının məğlubiyyəti Azərbaycan xalqının istiqlal arzularını törpüləyir, xəyal qırıqlığına uğradırdı. Sarıqamış məğlubiyyəti Qafqaz cəbhəsi savaşlarında sanki ümidləri bitirmişdi. Türk qüvvəsi böyük miqdarda gücünü bu savaşda itirdiyindən Ərzurum, Güney Anadolu və Qaradəniz bölgəsində savaşlarda uğur qazana bilmədi, bölgə müdafiəsiz qaldı. Rusiya bölgədə yaşayan türklərə qarşı ağlagəlməz soyqırıma başlamışdı. Çoruh vadisində 52 min nəfərlik əhalidən 7 mini sağ qalmışdı. Ərdahana girən Sibir kazakları “Türkləri alqışlayıb onlara yardım etdiniz” deyə bütün qəsəbəni qılıncdan keçirirmişdi. Erməni çetələri işğal altındaki Ərzurum, Ərzincan, Trabzon və Van bölgəsində müdafiəsiz xalqa amansız divan tutur, yüzminlərlə insanı qılıncdan keçirirdilər.

Xəzər dənizinin ortasındakı Nargin adası Birinci Dünya savaşına qədər imperiyanın bir növ dustaqxanası olmuşdu. Çar Rusiyası ona xəyanət edən, cinayət törədən əsgərini ən ağır cəzaya məhkum edəndə Nargin adasına sürgün edirdi. Birinci Cahan savaşı başlayanda Rusiya buranı əsir düşərgəsinə çevirdi. Savaş illərində Qafqaz cəbhəsində 100 minədək türk əsgəri və mülki şəxsi çar Rusiyasının əlinə keçmişdi. Onlardan 10 mindən çoxu Xəzər dənizinin ortasındaki Nargin adasına gətirilmişdi. Gözdən uzaq ciddi rejimli əsir düşərgələrindən biri də Nargin adası idi. 1905-ci ildə burada həbs düşərgələri salınmışdı. Xalq yazıçısı Qılman Musayev yazırdı: “Burada taxtadan düzəldilmiş baraklara işıq damdan açılmış pəncərələrdən düşürdü. Bir neçə barakda taxtlar olsa da məhbusların əksəriyyəti quru torpaq döşəmə üstündə yatırdılar. Qış aylarında baraklar qızdırılmırdı. Su çatışmırdı: hərdənbir şəhərdən gətirilirdi. Belə yaşayışdan məhbuslar cana doymuşdular…”

Şimali Qafqaz dəmir yolundan Bakıya eşalonla gətirilən minlərlə osmanlı əsir «Knyaz Borodanski» gəmisi ilə gecələr Nargin adasına daşınırdı. O vaxt Nəriman Nərimanovun rəhbərlik etdiyi «Hümmət» təşkilatında bundan xəbərdar olsa da, qadağan olunmuş zonaya heç kim buraxılmadığından orada nələr baş verdiyini heç kim bilmirdi. Nərimanov Bakı şəhər Dumasına seçiləndən sonra onu çoxdan narahat edən Nargin adasında saxlanan türk əsirlərinin vəziyyəti ilə maraqlanır.O, həmfikirləri ilə Dumada bir komissiya seçib Nargin adasına göndərilməsi məsələsini tələb edir. «Hümmət» 1917-ci il 28 noyabr tarixli sayında yazır: «Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə gedib əsirlər barəsində mükəmməl məlumat toplayıbdır. Bu barədə Dumada bir məruzə oxuyacaqdır». Beləliklə, Dumanın «Təhqiqat komissiyası»nın üzvləri-Nəriman bəy Nərimanov, Əbdülbağı Məmmədov, Ağa Məhəmməd İbrahimov, Mürsəlov, Almaniya, Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları Nargin adasına gedir, orada əsirlərin vəziyyətindən və saxlanma şəraitindən dəhşətə gəlirlər. «Açıq söz» qəzeti 1917-ci il 7 dekabr tarixli sayında «Təhqiqat komissiyası» üzvlərinin Nargin cəzirəsində gördüklərini belə şərh edir: «Cəzirədə yaşayan dəhşətli vəziyyətin izlərini görən komitə üzvləri hönkür-hönkür ağlamaqdan özlərini saxlaya bilmirdilər. 400 adam yerləşəcək xəstəxanada 1200 xəstə balıq kimi bir birinin üstünə tökülmüşdü, bəzisi can verirdi, bəzisi «Əfəndim su», «Əfəndim yemək» deyə qışqırırdı. Bir tərəfdən isə o gün ölmüş 40 əsir bir-birinin üstünə yığılıb dururdu. Gündə 40-a qədər əsir acından susuzluqdan soyuqdan ölür”.

1917-ci il dekabrın 5-də Bakı şəhər Dumasının növbəti iclasında Nərimanov zalda oturanlara müraciətlə dedi: “Adanın halı hər tərəfdən fənadır. Buradakı evlər adamlar üçün tikilməyibdir. Bu evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir. Burada heç vaxt soba yandırmazlar. Çünki odun yoxdur, bu daxmaların soyuqluğuna səbəb taxtaların aralarında olan deşiklər və damların üstəki şüşəsiz pəncərələridir. Mən əsirlər üçün bişən şorbanı gördüm: itini sevən kişi bunu itinə verməz», su da burada çox vaxt tapılmır. Burada insanlar susuzluqdan can verirlər”.

Nəriman Nərimanovun Dumadakı çıxışı təsirsiz qalmadı. Duma Nərimanovun rəhbərlik etdiyi komissiyanın Tiflisə, Qafqazın Mərkəzi İnzibati İdarəsinə göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi düşərgəsindən ən ağır xəstələrin çıxarılmasına və cəzirədə yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin köməyinə icazə verilirdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində komissiyanın müəyyən etdiyi üç yüz xəstə- türk, alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı lazaretdə yerləşdirdi. Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər körpə türk balaları şəhərə gətirilib Çəmbərəkəndin qabağındakı mülkdə yerləşdirildi.

Bunu «Möhtaclara yardım» Cəmiyyəti öz öhdəsinə alıb və hər bir məxarici boynuna götürdü. Türkiyənin müharibədə düçar olduğu faciə ümummüsəlman dərdinə çevrilmişdi. Bakıda məhəllə-məhəllə maddi yardım-pul, əşya, yorğan-döşək toplanırdı.

Nargin adası təkcə Osmanlı türklərinə deyil, Azərbaycan türklərinə də cəhənnəm adası olub. Milli genofondumuzun məhvinə yönəlmiş mürtəce siyasət bəşəri cinayət idi. 1918-1919-cu illərdə Azərbaycanda Milli Ordu quran 13 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu həbs edildi. Onlar 1920-ci il iyunun 16-da gecə ikən Nargin adasına aparılıb güllələndilər. Azərbaycanda Milli Ordu quruculuğu tarixinə şanlı səhifələr yazan hərbçilər-Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri-general-mayor Həbib bəy Səlimov, general-mayor İbrahim ağa Usubov, general-mayor Əmir Kazım Qacar, general-mayor Məhəmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Qaytabaşı, general-mayor Murad Tlexas (çərkəz), Əlyar bəy Haşımbəyov qırmızı ordunun bolşevik-daşnak terroruna tuş gəldilər.

Rəsmiyyə Qarayeva





Həftənin ən çox oxunanları