Yuxarı

Sümüklərin düşməni: Qırmızı ət

Sümüklərin düşməni: Qırmızı ət

etHər gün qırmızı ət istehlak etmək bədəndəki kalsium nisbətini azaldır

Həkimlər sümük sağlamlığının qorunması üçün tərkibində fosfat turşusu bol olan qırmızı ətin həddindən artıq istehlak edilməməsini məsləhət görür. Qırmızı ət yerinə zülalla zəngin olan paxlalıların yeyilməsi daha məqsədəuyğundur. Heyvani zülalları çox istehlak etdikdə insan orqanizmi bədəndə olan kalsiumu sidik vasitəsi ilə ixrac edir.

Yeni araşdırma maraqlı nəticələr aşkarladı

Türkiyəli professor Yeşim Gökçe Kutsalın bir araşdırması elm dünyasında ciddi səs-küyə səbəb olub. Professor bildirir ki, sümük sağlamlığının qorunmasında həyat boyu şüurlu qidalanmanın böyük rolu var. Onun sözlərinə görə, sümük kütləsinin qorunması üçün kalsium, D vitamini, protein və K vitamini, maqnezium, sink kimi mikro qidaların kifayət qədər istehlak edilməsi vacibdir: “Yaşlılarda zülal və D vitamini qəbulu fərdin müstəqil hərəkət qabiliyyətində əhəmiyyətli rola malikdir. Əzələ və sümük toxumasının ehtiyacı olan ən vacib qida qaynaqlarından biri də zülaldır. Qırmızı ətin tərkibindəki fosfat turşusu yerinə alternativ qidalardan alınan zülal sümük sağlamlığının qorunmasına kömək edir”.

 Qeyd edək ki, bu günədək dünya həkimləri ətin insana xeyrindən çox zərəri olması barədə bir çox iddialar irəli sürüblər. Qədimdən bu yana xəstəyə belə ət yeməklərinin xeyirli olduğunu düşünən cəmiyyətimiz isə ətdən imtina etmək fikrində deyil. Süfrələrimizin baş tacı hesab edilən ət yeməkləri ailənin sosial durumunun göstəricisi kimi xaakterizə edilir. Gələcəkdə bədəndə zülal nisbəti yüksək olacaq, amma bu bədəndəki kalsium, maqnezium, kalium və digər qida maddələrinin böyük nisbətlə azalmasına səbəb olacaq. Həkimlər heyvani zülalı qırmızı ətdən deyil, balıq, yumurta, süd və pendirdən almağı məsləhət görür. Bitki mənşəli zülalları isə soya paxlası, badam, fındıq, fıstıq, quru lobya və taxıllardan istehlak etmək olar. Alimlər hesab edir ki, sümük sağlamlığının qorunması baxımından yeniyetmələr üçün təklif olunan zülal miqdarı insanın çəkisi ilə hesablanmalıdır.

Orqanizm bədənin sahib olduğu hər kilo üçün 0,8-1 qram zülal tələb edir. Gündəlik zülal istehlakı hər kiloqram üçün bu rəqəmdən çox olduqda isə orqanizm bədəndəki kalsiumu sidik vasitəsi ilə bədəndən çıxarır.

Zülal və yağ- ətin tərkibi çox kasıbdır

Qida məhsullarının kimyəvi tərkibi ilə insan orqanizminə tələb olunan maddələrin syahısını tutuşduranda ortaya maraqlı mənzərə çıxır. Məlumat üçün qeyd edək ki, hər 100 qram ətdə 20 qram zülal var, amma 100 qram soyada bu rəqəm 43, eyni miqdarda qaymaqda 38, lobya, mərcimək, noxudda 25, digər paxlalılarda 24, yerfındığında 26, qarpız tumunda 34, pendirdə 24, badamda 21 qram təşkil edir.

Ətin tərkibində karbohidrat yoxdur, amma hər 100 qram şəkərdə 99, balda 80, üzüm kişmişində 75, qarğıdalı, buğdada 70, arpa, qarabaşaqda 60, noxud, lobyada 60, mərcidə 55, qaymaqda 50, düyüdə 48, bananda 27, kartofda 22 qram karbohidrat var. Qırmızı ətin hər 100 qramında cəmi 2-5 qram yağ var, amma təmiz kərə yağında 100,           bitki yağında 100,         qoz və fındıqda 65, pendirdə 25, qatıqda 20, düyüdə 16 qram yağ var. Minerallara gəldikdə isə, hər 100 qram ətdə cəmi 1 qram mineral istehlak edə bilərsiniz, amma eyni miqdarda xama və düyüdə 7, soyada 5, pendir və paxlalılarda 4, qatıq, badam və püstədə 3, yerkökü yarpağında, buğdada və kərə yağında 3, kişmişdə 2 qarğıdalıda 1,5 qram mineral var. Ətdə vitaminlər və sellüloz yoxdur, amma bitkilərdə var. Hər 100 qram ətdə 100-200 kilokalori enerji var. Amma bitki yağında 910, kərə yağında 900, qozda 667, kakos qozunda 662, badamda 655, püstədə 626, yerfındığında 570, soyada 432, şəkərdə 400, düyüdə 393, balda 320, taxıl bitkilərində 300, paxlalı bitkilərdə 360, süd məhsullarında 265 kkal. enerji var.

Vitaminlərə gəldikdə isə A, B, C, K, E vitaminlərini yalnız bitkilərdən və yağlardan ala bilərsiniz. D vitamini həm ətdə, həm də bitkilərdə var. Amma D vitamini almaq üçün hər gün ət yeməyə ehtiyac yoxdur, bədənə düşən bir neçə dəqiqəlik günəş şüası tam kifayət edər.

Xəstəlikləri yanlış qidalanma dəvət edir

Bütün dünya həkimləri əti qaynatmadan yeməyi çox təhlükəli hesab edir. Hazırkı dövrdə əksər heyvanların ətində çox sayda təhlükəli mikrob və bakteriyalar olur ki, bunlar da kabab, dönər, kolbasa, qızartma kimi yeməklərlə orqanizmə keçir. Bunlardan 4-ü hətta qaynadıqda belə ölmür. Ət insan mədəsində çox gec həzm olunur. Əgər meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və vələmir yarması 1 saat 20 dəqiqəyə, təzə süd 2 saata həzm olursa, ət 5-6 saata həzm olur. Məhz bu hal, yəni ətin mədədə həzmə getmədən çox qalması halı insanda yalançı "toxluq" ovqatı yaradır. Amma qan damarlarımız məhz belə vaxtlar korluq çəkir, xeyli vaxt lazımdır ki, mədəyə düşmüş yağlı ət həzm olunsun, yoğun bağırsağa tökülsün və qana sorulsun.

Yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və nəticədə uzun müddət orada qalaraq çürüyür. Bu isə bakteriyaların yaranması üçün ideal şəraitdir. Bir çox təhlükəli xəstəliklər məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır. Ətin tərkibində kulli miqdarda muxtəlif ekstraktiv, toksinlər, xolesterin və s. zərərli maddələr mövcuddur və onlar əsəb sisteminə cox pis təsir göstərir. Heç təsadüfi deyil ki, ət yeyən insanlar arasında nevrasteniya, cinsi pozğunluq, ürək, qan-damar, mədə və digər orqanların xəstəlikləri daha çox olur. Dünya Səhiyyə Təşkilatı da ətin xərçəng, şəkər və digər xəstəliklərin əsas yaradıcılarından biri olduğunu elan edib.

Altay Bayramlı





Həftənin ən çox oxunanları