Yuxarı

AXCP funksioneri: “Vətəndaşların şikayət edəcəyi qurum yoxdur”

AXCP funksioneri: “Vətəndaşların şikayət edəcəyi qurum yoxdur”

Fexrim EbdulezimovMəlum olduğu kimi, prezident İlham Əliyev oktyabrın 25-də Sumqayıtdakı çıxışında ölkədə bütün xoşagəlməz hallara qarşı daha ciddi mübarizə aparılacağını bildirib. Sahibkarlığın inkişafını Azərbaycanın ümumi inkişafının əsas şərti adlandıran ölkə başçısı sahibkarlara maksimum sərbəstlik verilməsinin vacibliyini vurğulayıb.

Prezident bildirib ki, son vaxtlar qəbul edilmiş qərar, qanun, verilmiş sərəncamlar sahibkarlara heç kimin mane olmaması, süni əngəllərin aradan götürülməsi, ölkəyə sərmayə cəlb olunmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadiyyatın inkişafına stimul verəcək. Pezidentin çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirən AXCP funksioneri, iqdisadçı-ekspert Fəxrim Abduləzimov Cebhe.info-ya deyib ki, ölkədəki korrupsiya hallarından hər bir vətəndaşın xəbəri var: “Ölkədə korrupsiyaya qarşı mübarizəyə rəhbərlik edən digər insanların özləri görəsən korrupsiya ilə məşğul deyilmi? Milli Təhlükəsizlik Nazirliyi kimi dövlətin əsas strukturlarından birinin korrupsiya ilə məşğul olması, sahibkarları birbaşa təhdid etməsi, sahibkarların oğurlanması və külli miqdarda vəsait alındıqdan sonra sərbəst buraxılması ölkədə sahibkarlara olan münasibətdir. Eldar Mahmudovun istefaya göndərilməsi ilə ölkədə olan korrupsiya və özbaşınalığın, sahibkarlara olan təzyiqlərin bir hissəsi üzə çıxdı. Bir faktın açılması, bir nazirin əməllərinin üzə çıxması ilə istər sahibkarlara olan təzyiqlər, istərsə də digər baş verənlərin bitdiyini düşünmək sadəlövhlükdür. Bir faktla gömrükdə olan haqsızlıqların qarşısını alınmayacaq. Çünki vətəndaşların şikayət edəcəyi, güvənəcəyi qurum yoxdur. İstər məhkəmə, istərsə də digər strukturlar qanunları yox, tapşırıqları həyata keçirir. Buna görə də sahibkarlar ölkəyə sərmayə qoymaqdan çəkinir və digər dövlətlərə sərmayə qoymağa üstünlük verirlər. Sərmayə qoyulan ölkələr ən çox Türkiyə, Rusiya, Gürcüstan və digər Avropa ölkələridir”. Sahibkarların müflisləşməsinə münasibət bildirən ekspert qeyd edib ki, dəfələrlə belə hadisələr baş verib: “Ölkəyə sərmayə qoyan sahibkarlar müəyyən qurumlar tərəfindən maneələrlə rastlaşdıqlarına görə ya müflis olub, ya da qoyduqları sərmayə əlindən alınıb. Ölkədə sahibkarlığın inkişafı üçün dövlət nəzarəti olmalıdır və dövlət özü bu sahənin inkişafına maliyyə dəstəyi göstərməlidir. Dövlət maliyyə dəstəyi ayırsa da, yenə də bu maliyyə bəzi məmurlar tərəfindən sahibkarlara yox, dələduzlara verilir və bundan külli miqdarda vəsait qazanırlar. Belə faktlar son günlərdə Beynəlxalq Bankda baş verənlərin üzərindən pərdə götürüləndə də üzə çıxdı. Sahibkarların adına ayrılan vəsaitlərin əslində sahibkarlara verilməyərək öz mənafeləri üçün istifadə edildiyi, külli miqdarda dövlət vergisindən yayınmaların olduğu məlum oldu.

Ölkədə ən güclü sektorlardan biri olan tikinti sahəsində maliyyə problemləri nə qədər işçinin işdən çıxarılmasına, müəyyən tikinti şirkətlərinin bağlanmasına və bəzilərinin rəhbərlərinin hətta ölkədən qaçmasına səbəb oldu. Maliyyə problemlərinin yaranmasının başlıca səbəbi isə rüşvətxorluq və korrupsiyadır. Hər hansı bir tikinti şirkətinin bir tikinti üçün verdiyi rüşvət və vergilərə baxanda bu cür problemlərin olması çox normal haldır. Bu da əslində daşınmaz əmlak bazarında bahalaşmaya gətirib çıxarır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları