Yuxarı

Çiyinlərini titrədən qızcığaz...

Çiyinlərini titrədən qızcığaz...

cizgi_filmi_usaq_00“Azərbaycan telekanallarına baxmıram”

Bu gün bir çoxlarının ən çox işlətdiyi ifadə budur. Amma maraqlıdır ki, hər kəs baxmadığını iddia etdiyi Azərbaycan tv kanallarında gördüklərindən sitat gətirir, müzakirələr açır, kimin verilişini nə səbəbdən bağladığına dair versiyalar irəli sürür. Yəni baxmadığı kanallara əslində baxir, bəlkə tənqid üçün hansısa məqam tapmaq, bəlkə gizlətməsinə rəğmən serial həvəskarı olması, bəlkə də sadəcə, boş vaxtını öldürmək üçün...

Mən də hərdən birinci səbəbdən Azərbaycan kanallarına baxıram və hər dəfəsində də baxdığıma peşiman oluram. Amma bu, mənə sonra üçün dərs olmur, təkrar-təkrar yerli kanallara baxıb gileylənmək üçün nəsə tapıram. Sağ olsunlar, onlar da şikayətlənməli çox sayda mövzu verirlər, yəni mövzu qıtlığı yaşamırıq.

Dünən də belə mövzu axtarışlarından birində ATV telekanalına yayımlanan bir proqramın üstündə dayandım. Aparıcı İlqar Mikayıloğlu “Xeyrə qarşı” proqramında qonaqları ilə ənənəvi qaydada hay-küylə, ləhcə ilə söhbət edirdi, bundan həmişə yazılıb və yəqin ki, onun aparıcı olduğu müddətcə, yaxud Milli Televiziya və Radio Şurası bu məsələyə də bir əncam çəkənə qədər yazılacaq. Mənim diqqətimi çəkən başqa məqam oldu-verilişin kiçik qonağı olan qızcığaz.

Aparıcı qədər bu uşaq da kifayət qədər dilli-dilavər (hay-küyçü demək istəmirəm)  idi. Xeyli danışdı, yaşına uyğun olmayan, “bir dəfə böyüyüb sonra kiçilib” dediyimiz ifadəni təsdiqlədi və ardınca rəqs etdi. Deyə bilərsiniz ki, burda gileylənəsi heç nə yoxdur.

Nə yaxşı ki, bir uşaq ağlamayıb, rəqs edib, adətən sevincli, xoşbəxt uşaqlar rəqs edərlər. Bunlarla mən də razı, amma axı xanımlar və cənablar, bu uşaqları efirə buraxanda onların rəqsinə, geyiminə bir azca da olsun diqqət yetirmək olmazmı? Nə zamana qədər uşaqlar ekranlarda göbəyi-çiyni açıq, zərli qadın paltarlarında çıxacaqlar? Nə zamana qədər yaşlarına uyğun olmayan rəqslərlə tamaşaçıları əyləndirəcəklər? Nə zaman qədər özlərini kiçik ikən böyümüş kimi aparacaqlar? Və nə zamana qədər bunlara imkan yaradılacaq? Görəsən, uşaqları bu görkəmdə milyonlarla insanın qarşısına çıxarmaq kimin üçün xoşdur? Uşaq dünyası bu ola bilməz axı. Uşaq dünyası bu olmamalıdır. Uşaq açıq çiyinlərini əsdirərək rəqs etməməlidir, uşağa ayağına dolaşan zərli paltarla vulqar görünüş verilməməlidir. Uşağı belə qadınlaşdırmaq, zamanından çox-çox tez qadınlaşdırmaq olmaz. Konkret bu misalda uşaq istedadlıdır, rəqs bacarığı var, normal istiqamətləndirmək olarsa, bəlkə gələcəkdə Azərbaycanın ən məşhur rəqqasələrindən biri olacaq. Hələlik isə o, uşaqdır. Ona qarşı məhz belə münasibət göstərilməlidir. Onun indi çəməndəki otlardan, göydəki Günəşdən, atasının aldığı rəngli karandaşlardan, nənəsini çox sevməsindən oxumasının zamanıdır. Lap qoy bizim zamanımızdakı kimi “Sağıcıdır mənim nənəm”, ya da “Uçdu ğöylərə bizim peykimiz” oxusun, amma açıq çiyinlərini titrətməsin. Bunu verilişlərin aparıcıları, prodüsserləri, sponsorları, kanalın rəhbərliyi, övladını ekrana çıxarıb kənardan qürurla izləyən valideyni görməyə bilər. Amma bunu MTRŞ mütləq və mütləq görməlidir. Görməli və qərar verməlidir. Uşaq televiziyasının illərdir ki, müzakirə olunduğu, amma bir nəticəyə gəlməyin mümkün olmadığı ölkəmizdə uşaqların uşaqkən böyüməsinin qarşısını almağın bir yolu da məhz budur. Onlara qarşı bu münasibətə son qoymaq. Ancaq MTRŞ hələlik Xoşqədəmlə, Zaurla məsələni həll edib qurtarandan sonra üzünü uşaqlara tərəf çevirəcək. Hər halda buna ümid etmək istəyirk. Əks təqdirdə gecənin uşaqlar üçün heç də münasib olmayan zamanında uşaqları efirə çıxarıb, açıq çiyinlərlə rəqs etdirib, ardınca sorğu-suala tutub, başını sığallayıb, əlini öpüb, təriflər yağdırıb gələcəyimizi kor etməyi izləməkdən başqa çarəmiz qalmayacaq.

Uşaqlar əyləncə vasitəsi deyil, xanımlar və cənablar! Hətta ən istedadlı uşaq belə yaşından böyük geyindirilib, yaşından böyük danışdırılıb, vaxtından tez böyüdüləndə xoş təəssürat yaratmır. Belə olmasaydı, böyük-böyük insanlar balaca-balaca uşaqlar üçün xüsusi olaraq teatrlar, ədəbiyyat, musiqi dərdinə düşməzdi, elə onlara da sevgi nəğmələri oxudub, ərəb rəqsi oynadıb, istedadına alqış deyərdilər. Amma normal ölkələrdəki normal cəmiyyətlərin normal insanları bunu etmir. Onlar üçün uşaq sabah, gələcək deməkdi, sabitliyin, inkişafın qarantı deməkdi, dövlətin bütün fəaliyyəti onlar üçün daha yaxşı bir gələcək yaratmağa yönəlib. Bizdə uşaq demək ya göz yaşı, da ya saxta gülüş deməkdi, ya ekranda onları ağladıb halına milyonları ağladacaqsan, ya da onları oynadıb xoş günlər təəssüratı yaradacaqsan. Kim hansında daha çox tamaşaçı toplayırsa... Tamaşaçı da az deyil. Ən təhlükəlisi də budur- Bu cəmiyyət üçün uşaq məsumiyyət olmaqdan çıxıb.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları