Yuxarı

Xanım sürücü: “Avtoşlar məni dairəyə aldı”

Xanım sürücü: “Avtoşlar məni dairəyə aldı”

xanim surucuQadın sürücülər kiminə görə yolların qənimi, qəzaların səbəbkarı, kiminə görə isə kişilərdən daha ehtiyatlı və peşəkardır. Amma mütəxəssislər deyir ki, qadın sürücülər əks-cinslə müqayisədə daha diqqətlidirlər, daha az qəza törədirlər. Təcrübə, müşahidə, həmçinin statistika da göstərir ki, qadın sürücülər kişilərə nisbətən daha az qayda pozuntusu edirlər.

Qadın sürücülər sürət həddini keçmirlər, hətta bəzən 90 km\saat tələb edən yollarda 50 km\saaat sürətlə gedirlər. Araşdırmalar həm də onu deyir ki, qadınların  törətdiyi qəzaların 82 %-i əks-cinsin nümayəndələrinin xanım sürücüləri yolda “sıxışdırmaları” səbəbindən baş verir. Belə ki, yollarda qadın sürücü görən kişi sürücülər - daha çox gənc nəslin nümayəndələri - qadının avtomobilini sıxışdırır, arxadan və öndən süni tıxac yaradır, nəqliyyat vasitəsinin idarəetməsinə maneə törədirlər.

Amma statistik rəqəmlər göstərir ki, qadın sürücülər kişilərə nisbətən daha çox siqnal verir. Qadınların səbəb olduğu qəzalarda daha çox 45 yaşdan yuxarı olan xanım sürücülər günahkar olur. Maraqlı bir fakt da var ki, bir çox kişi sürücüdən fərqli olaraq qadın sürücülər qəza törədəndə qaçmırlar, zərər verdikləri, yaraladıqları piyadaya kömək edirlər. Qadın sürücülər qaydalara ifrat dərəcədə əməl edirlər, bəzən bu həm yola, həm sürücülərə, həm də xanımın özünə zərər verir. Təhlükəsizlik kəmərini daha çox qadın sürücülər istifadə edir. Bü gün ölkəmizdə də kifayət qədər çox qadın sürücü var. Yol hərəkəti qaydaları ilə bağlı münasibətini öyrənmək istədiyimiz qadın sütrücülərin əksəriyyəti müsahibə verməyə razı olmadı. Bir çoxu isə  şəkli olmadan danışmağa razılıq verdi. Amma həmsöhbətimiz Elnarə Sultanova adlı heç bir kompleks nümayiş etdirmədən özünün sürücülüyü haqda danışmaqdan çəkinmir...

-Elnarə xanım, neçə ildir avtomobil idarə edirsiniz?

-Artıq 4 ildir ölkə daxilində sərbəst sürürəm, amma 16 yaşımdan rayonumuzda, yaşadığımız küçəyə yaxın yerlərdə sürürdüm, atamın nəzarəti ilə təbii ki. Sürücülük vəsiqəsini aldıqdan sonra tək idarə etməyə başladım.

-Sürücülük vəsiqəsini imtahan verərək almısınız?

-Bir dəfə imtahan verdim, kəsildim, ikincidə tələskənlik etdim, bildiyim suallara səhv cavab verdim. Amma 3-cüdə öz bacarığım ilə keçdim.

-Yəni heç pulunuz çıxmadı?

-Çıxdı, bir az şirinlik verdim.

-Bir az? Təxminən, nə qədər?

-Çox deyildi, imtahandan özüm keçdiyimə görə, vəsiqəmi rahat tələb etdim, amma günorta vaxtı idi, onlara nahar etmək üçün şirinlik verdim.

-Hazırda idarə etdiyiniz avtomobil ilk maşınınızdır?

-Xeyr, əvvəllər atamın “Jiquli”sini sürürdüm, mənə bağışlamışdı. Sonra onu satdım, pulun üstünü yoldaşım düzəltdi, ad günümdə bu maşını  - “Kia Rio” markalı avtomobili aldı mənə. Avtomat idarəetməni sürmək rahatdır, ona görə dəyişdim.

-Paytaxt yollarından hamı şikayətlənir, deyirlər, çətindir avtomobil idarə etmək. Sizcə də belədir?

-Mən əvvələr rayonda sürürdüm, orda çox rahatdır, yollar boş olur. 3 il olar Bakıya köçmüşük, işlə bağlı burda yaşayırıq, amma rayon yollarından sonra burda maşın sürmək çox çətin gəldi mənə. Həm bashabas olur, həm mane olan çoxdur, həm də qaydalara əməl etməyənlər. Mən həmişə qaydalara əməl edərək sürürəm, amma qarşı tərəf əməl etməyəndə qəzalı vəziyyət olur.

- Bəs, deyirlər, kişi sürücülər yollarda qadın sürücülərə hörmət edir?

-Yox, kim deyirsə yalan deyir. Onlar nəinki hörmət etmək, əksinə işimizi çətinləşdirirlər. Elə vaxt olur sağımdan da, solumdan da sıxışdırırlar, siqnal verirlər, fit çalırlar, musiqinin səsini yüksəldirlər, hamısı da diqqətni dağıdır adamın, gəl indi belə vəziyyətdə qəza eləmə. Mənim yoldaşım da maşın idarə edir, yanında olanda dəfələrlə görmüşəm, qadın sürücülərə çox hörmət edir, yol verir, qəzalı andan xilas edir. Deyir ki, mən onlara yol verəndə səni düşünürəm, fikirləşirəm ki, o maşındakı sən də ola bilərsən. Amma bütün kişilər belə deyil, qadın sürücünü qəza vəziyyətinə salan kişi sürücülər çoxdur.

-Belə anlarda heç polisdən kömək istəmisiniz?

-Bir dəfə oldu, işdən gec çıxmışdım, hər tərəfdən avtoşlar dairəyə almışdılar məni magistralda, çaşdım qaldım, bilmədim necə çıxım, tıxac oldu, o biri kişi sürücülər də durub baxır, biri gəlib demir ki, ay avaralar nə istəyirsiniz, qız sürücü olanda nə olar? Polis maşını yaxınlaşdı, hamısını çəkdi yol kənarına, akt yazdılar. Amma bu bircə dəfə olub, elə yerlər var ki, orda polis olmur, çətin olur.

- Nə vaxtsa yol polisi sizi qayda pozuntusuna görə saxlayıb?

-Buna maksimum diqqət edirəm, heç vaxt sükan arxasında telefonla danışmıram, telefonu avtomatik cavablayan sistemə keçirirəm, zəng edənə mesaj gedir ki, sonra özüm zəng edəcəm. Mənzil başına çatanda, ya da yolda münasib yer tapanda ora çəkirəm maşını, təkrar zəng edirəm. Mən iki yaxın qohumumu avtomobil qəzasında itirmişəm, ikisi də səhlənkarlığın qurbanı olub, biri sükan arxasında telefonla danışanda, digəri də təhlükəsizlik kəmərini taxmadığı üçün həlak olub. Ona görə bütün qaydalara əməl etməyə çalışıram və bu günə kimi qayda pozuntusu eləməmişəm. İşıqforlara əməl edirəm, yol hərəkət nişanlarına da həmçinin.

-Yolda başınıza maraqlı hadisələr gəlmiş olar...

-Çox olur. Hamiləlikdə təhlükəsizlik kəmərini taxa bilmirdim, qarnımı sıxırdı, 8 ayımadək tək idarə edirdim maşını, qarnım çox böyüdüyü üçün kəmər sıxırdı. Yol hərəkəti haqqında qanunlara görə hamilə sürücü taxmaya bilər, amma təhlükəsini bilirik axı. Keçən il  evdən yaxınlıqdakı marketə gedənədək bağlamadım kəməri, yol polisi gördü, dayandırdı, irad tutdu, amma qarnımı görəndə gülümsəyib buraxdı.

O gündən sonra sürmədim, bir də qızım dünyaya gələndən sonra sürdüm. Bir dəfə də ağ köynək geyinmişdim, kəməri bağladım, yolda dayandırdı polis, sən demə, elə köynəklər çıxıbmış ki, üstündə qara zolaq var, sürücü kəməri bağlamasa da, elə görünür ki, kəmər bağlıdır. Polis də elə bilib o köynəkdən geyinmişəm. Gördü ki, yox, həqiqətən bağlamışam, buraxdı.

-Övladınız üçün uşaq oturacağı var avtomobilinizdə?

-Əlbəttə var, doğulan kimi aldıq. Bayaq qeyd elədim, mən qəzalar barəsində həssas olduğum üçün qaydalara əməl etməyə maksimum çalışıram. Qızımın 1 yaşı yayda tamam oldu, doğulandan uşaq kreslosunda yol gedir. Həm ona rahatdır, həm də özümə.

-Avtomobilinizdə təcili yardım çantası var?

-Var, apteklərdə hazır avtomobil üçün satırlar, hər cür dərman olur içində. Allah lazım eləməsin, qəza anında hansı dərmanı nə üçün istifadə edəcəyimi də bilirəm, sürücülük məktəbində öyrədirlər.

-Qaydaları yaxşı bildiyinizi deyirsiniz, hamısını sürücülük məktəbində öyrənmisiniz?

-Yox, qaydaları kitabdan və xüsusi disklərdən öyrənmişəm, mən sürücülük məktəbinə gedəndə bütün qaydaları bilirdim, amma yenə də formal olaraq məktəbi bitirdim və sonra vəsiqə aldım.

-Heç qəza törətməmisiniz?

-Yox, şükürlər olsun ki, olmayıb elə hal.  Amma bir dəfə qabaqdakı maşın arxa-arxaya gələrək maşınımı zədələdi. Tıxacda idik, məndən öncəki avtomobil mexaniki idarəetmə idi, tıxac da yoxuş yerdə idi, sürücü diqqətsiz olub, bir də gördüm maşın arxaya doğru gəlir, mənim arxamda da maşınlar var, geri çəkməyə yer yoxdur, ona görə maşınımın qabaq hissəsi zədələndi. Amma sığorta həll elədi, ciddi bir şey deyildi.

-Qadın sürücülərə nə məsləhət görürsünüz, yolda rahat gedə bilmək üçün neyləmək lazımdır?

-Əgər Bakıda sürürlərsə, onda çətin olacaq, amma diqqətli olanda çətinlik çox gözə dəymir. Mümkün qədər böyük yollardan uzaq olsunlar, dolayı yollarla hərəkət etsinlər. İndi naviqasiya proqramları var, onun vasitəsilə istənilən yerə rahat getmək olur, lap şəhəri tanımayan sürücü də olsa, azmaz. Yollarda sağ və ya sol yolla getmək yerinə orta xətti tutsunlar, bu qəzadan qoruyur. Sürət həddini heç vaxt keçməsinlər, tələssələr də, qanunun tələb etdiyi qaydalara əməl etsinlər. 5 dəqiqə gec çatmaqla bir şey olmaz, amma qəzadan sağ çıxmamaq ehtimalı da var, sükan arxasında olanda bunu düşünsünlər.

Altay Bayramlı





Həftənin ən çox oxunanları