Yuxarı

Kibercinayətkarlıq: Necə qorunmalı?

Kibercinayətkarlıq: Necə qorunmalı?

kiber cinayetkarOnun həyatımıza daxil olması ilə olduqca çox üstünlüklər qazandıq. Məhz onun sayəsində çox işlər sürətləndi, uzaq məsafələr qısaldı, yadlar doğmalaşdı. Bütün sahələrdə həyat, iş onunla sürətləndi, elə bizim işimizdə də. Bu gün istənilən qəzetin redaksiyasında internet 2 saat kəsiləndə böyük problemlər  yaranır. Amma üstün tərəfləri ilə yanaşı, verdiyi zərərlər də az deyil. Kibercinayətkarlıq həm övladlarımıza, həm də böyüklərə hər gün bir az da çox zərər verir.

Valideynlər övladının internetdə nə etdiyini bilmir

Aparılan araşdırmalara görə, dünyada valideynlərin 54 faizi övladının internetdə nə işlə məşğul olması barədə məlumatlı deyil. Düzdür, valideynlərin 46 faizi övladının internetdə bu qədər çox vaxt keçirməsindən narahat olduğunu etiraf edib, amma bu vaxt ərzində onların hansı saytlara girmələri barədə məlumatlı olmadıqlarını da etiraf ediblər. Valideynlərin əksəriyyəti uşaqlarının virtual aləmdə hədələrə məruz qaldığını bilir, amma bunu əhəmiyyətsiz bir şey hesab edir. Kaspersky Lab və B2B International şirkətlərinin birgə apardığı bu sorğu-araşdırma nəticəsində məlum olub ki, dünyada övladı internetdən istifadə edən valideynlərin 58 faizi övladlarının virtual aləmdə hədələnməsinin getdikcə adi hal aldığını deyib. Valideynləri narahat edən yeganə məqam azyaşlıların pornoqrafik saytlara girişidir. Bu cür valideynlər 51 faizdir, amma onlar bunun üçün xüsusi qadağalar tətbiq etmirlər, çünki evdə qadağa tətbiq etsələr də, internet klublarına gedən uşalqara nəzarət edə bilmədiklərini deyirlər.

Tacikistan öz uşaqlarını qoruyur

Uşaqların yaşlarına uyğun olmayan saytlara, aqressiv oyunlara aludəsi internetlə başladı, çoxumuz nəzarət edə bilmədiyimizi etiraf edirik. Həm də bu həmişə mümkün olmur axı, uşaqların evdən ayrı olduqları zamanlarda internetdə gəzdiklərini bir çox valideyn bilmir, biləndə isə çox gec olur. Uşaqları internetin zərərlərindən qorumaq üçün son zamanlar dünyada təyinatlı və qadağalı internet barədə geniş layihələr reallaşdırılır.

Hələ 3 il əvvəldən Tacikistanda rəsmi olaraq bu sistem tətbiq edilir. Ölkənin sərhədləri çərçivəsində internetdə xüsusi təyinatlı sistem yaradıldı. Yeni yaradılan qrupun vəzifəsi iki istiqamətdə müəyyənləşdirlib - biri internetdə xəbər və məqalələri müzakirə edərkən istifadəçilər respublikanın tanımış şəxsləri  barəsində xoşagəlməz ifadələr işlədərək onları təhqir də edənlərin kimliyinin müəyyən edilməsi, digəri isə uşaqların istifadə etdiyi oyun saytlarlarında zərərli, psixologiyaya mənfi təsir ediən oyunların istifadəsinə nəzarət etmək.

Mənim başıma gələnlər

Böyüklərin internetdə narahatlıqları isə fırıldaqçılığa məruz qalmalarıdır. Bu bəzən şəkillərinizə edilmiş montaj, bəzən sizə qalmış miras, bəzən isə sifariş etdiyiniz hər hansı bir malın gəlib çıxmaması ola bilər. Bu mövzuda yazmışkən öz başıma gəlmiş bir əhvalatı da oxucularla bölüşmək istədim. 4-5 il qabaq “gmail” poçt xidmətindənki e-poçtuma təkrar-təkrar mesajlar gəldi, spam, casus mesajlar barədə məlumatlı olduğum üçün mesajları tıklamadan zibil qutusuna göndərirdim. Amma göndərən daha çox israr edirdi. Azyaşlı oğlum kompyuterin “siçan”ını qurdalayaraq məndən xəbərsiz bu “mail”lərdən birini açıb, açılmış məktuba baxanda gördüm Aleks Adam adlı bir şəxs ingilis dilində mənim e-poçt ünvanımın e-poçtlar arasında keçirilən müsabiqədə qalib olduğunu və mənə 100 min dollar pul qazandırdığını yazırdı.

Etinasız yanaşdım və məktubu sildim, amma artıq onlar istədiyinə nail olmuşdular. Məktubu tıkladığım üçün professional hakerlər mənim internetə girmək üçün istifadə etdiyim telefon xətti ilə əlaqə yaradıb və ev telefonumun nömrəsini öyrəniblər. Bir neçə saat sonra ev telefonunun zəngi eşidildi. Zəng edən ingilis dilində Amerikadan zəng etdiyini, adının Aleks Adam olduğunu və mənimlə danışmaq istədiyini dedi. Şübhələrim hələ vardı, amma onun Azərbaycana zəng etməsi bir qədər inandırıcı gəldi. “Bəlkə tanışlardan kimsə mənimlə zarafat etmək fikrinə düşüb” deyə də fikirləşdim. Amma danışıq tərzindən hiss olunurdu ki, o həqiqətən də xarici millətdəndir.

İsrarla məndən 100 dollar istəyirdi ki, mənə “qazandırdıqları” pulu bank vasitəsi ilə göndərsin. Onu sınamaq üçün ağlıma ilk gələn variantı söylədim, 100 min dolları göndərmək üçün istədiyi 100 dolların əvəzində ona 1000 dollar təklif etdim, amma mənə “qazandırdığı” puldan götürməsini söylədim. Bir az duruxdu, bundan istifadə edib dedim ki, mən ona etibar edirəm və mənim “qazandığım” puldan 1000 dollar götürə bilər. Son sözlərimdən sonra bir az etiraz etdi, bunun mümkün olmadığını dedi. Amma “çətin adam”a rast gəldiyini anladı və dəstəyi asdı. Bir daha da nə mesaj yazdı, nə də zəng etdi.

Şəklinizi montaj edirlər?

Son illər buna çox rastlanmasa da, internetin həyatımıza daxil olduğu 90-cı illərdə fırıldaqçılara ən çox pul qazandıran variantlardan biri də internet istifadəçilərinin şantaj edilməsi idi. Ən çox cəmiyyətin tanınmış simalarının məruz qaldığı bu vasitə ilə fırıldaqçılar külli miqdarda pul qazanırdılar. Tanınmış ictimai xadim - siyasətçi, alim, mədəniyyət işçisi, həkim, müəllim  - öz internet səhifəsində şəxsi şəkillərini paylaşdıqda peşəkar montaj ustalarının yeminə çevrilirdi, onun şəkilləri montaj olunaraq ədəbsiz formalarda düzəldilib təkrar özünə göndərilirdi. Göndərənin məqsədi bəlli idi - pul almaq. İnternet aləminə yeni düşmüş qurban isə onun fırıldağının qurbanı olurdu və nüfuzuna xələl gəlməsin deyə istədiyi məbləği ödəyirdi.

Bəzən də həssas valideynləri uşaqlarının başına bir iş gələcəyi ilə qorxudurlar, onların əlində sizin gənc oğlunuzun və ya qızınızın şəkli var, o şəkli sizə göndərərək övladınızı tanıdığını və ona lazımi qədər pul vermədiyiniz təqdirdə övladınızı narkoman edəcəyini deyir. Kibercinayətkarlar valideynləri polisə gedəcəyi təqdirdə övladının öldürüləcəyi ilə hədələyirlər. Bu variant daha çox narkotiklə çox sərt mübarizə aparılan ölkələrdə baş verir. Bütün hallarda, internetdən istifadə edən övladınızı nəzarətdə saxlayın, azyaşlıların internetdə sərbəst gəzməsinə icazə verməyin, yeniyetmələrə isə sürgəc proqramlar tətbiq edin, veb-brauzerlər istədiyiniz saytı qadağan edə bilmək üçün xüsusi imkanlara malikdir. Sonda məlumat üçün qeyd edək ki, Azərbaycanda internetdə xüsusi təyinatlı sistemi tətbiq edilmir, amma bu o demək deyil ki, istənilən şəxs internetdə saxta profil ilə hədələyə və fırıldaqçılıqla məşğul ola bilər. Ölkənin əsas aidiyyəti qurumunda bütün İP-lər və istifadəçilər barədə dəqiq məlumat var.

Lalə Mehralı





Həftənin ən çox oxunanları