Yuxarı

“Qida sektorunda ayrı siyasət yeridilməlidir”

“Qida sektorunda ayrı siyasət yeridilməlidir”

Eyyub HuseynovBir müddət öncə dövlət başçısı sahibkarlıq fəaliyyəti üçün xüsusi razılıq və lisenziya növlərinin sayının azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi və şəffaflığın təmin olunması barədə fərman imzaladı. Bəzi ekspertlər hesab edir ki, sərəncamdan irəli gələn tələblər dəqiq və düzgün yerinə yetirilsə, Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli ortam yaranar.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına həsr olunan iclasındakı çıxışı zamanı sahibkarlara qarşı bəzi problemlərin yaradıldığı mesajını verdi. Dövlət başçısının fikirləri özünü çox gözlətmədi. Belə ki, bir neçə gün sonra prezidentin imzaladığı fərmanın ardından Milli Məclisdə qəbul edilən qanun layihəsi 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tutdu. Bəzi ekspertlər isə yoxlamaların dayandırılmasını, xüsusən, qida sektorunda ürəkaçan nəticələr olmayacağı qənaətindədir. Qida üzrə mütəxəssislər hesab edir ki, bu sərəncamın verilməsi sahibkarlığın inkişafından çox, özbaşınalıqla nəticələnəcək.

Bu fərmanın tətbiqi qida sahəsində öz təsirini necə göstərəcək?

“Yoxlamalar sərt qaydada saxlanılarsa, ölkədə epidemiyalar baş verə bilər”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, son günlər sədri olduğu birliyə gələn ərizələrdən bu nəticəyə gəlmək olur ki, istehlakçıların hüququ pozulur: “Sahibkarlar istehlakçılara deyirlər ki, “get kimə deyirsən, de”, onsuz da bizi yoxlayan yoxdur. Artıq yazılı şəkildə bizə belə məlumatlar gəlir. Əlbəttə, bu, zəruridir, ona görə ki, Azərbaycan istehlakçıları iqtisadiyatda korrupsiyanı maliyyələşdirib. Çünki heç kəs cibindən heç kəsə rüşvət vermir. Hamısı istehlakçıdan alır, şişirdilmiş qiymətlər meydana çıxır. Biz istehlakçılar Azərbaycanda korrupsiyanın inkişafına böyük töhfə vermişik. Prezident hələ 2011-ci ildə Nazirlər Kabinetinin 14 yanvar eləcə də bundan sonrakı iclaslarda ölkədə şişirdilmiş qiymətlərin mövcudluğuna qeyd edib. Buna qarşı mübarizə tədbirləri həyata keçirmək istəsə də, lakin bu, alınmırdı”.

Eyyub Hüseynov hesab edir ki, qiymətlərin aşağı düşməməsi fonunda bu çağırışların əhəmiyyəti olmayacaq: “Biz qiymətlərin 20-25 faiz aşağı düşməsini gözləyirik. Sahibkarlar bu vəziyyətdən sui-istifadə edir. İstehlakçıların hüquqlarını pozmaqla yanaşı, bazarda təhlükəli mallar satmaqla da məşğul olurlar. Düşünürəm ki, dövlət birinci növbədə istehlakçı hüquqlarını saxlamalı idi. Yəni yoxlamaları istehlakçıların şikayətləri əsasında və KİV-in iştirakı ilə açıq və şəffaf keçirilə bilən bir mühit yaradılmalı idi. Yoxlamalar sərt qaydada saxlanılarsa, ölkədə epidemiyalar baş verə bilər. Təhlükəli malların satışı arta bilər. Hesab edirəm ki, hökumət qərarlarında dəyişiklik aparacaq. İnsanların həyat sağlamlığı üçün olan məsələlərə tezliklə reaksiya verəcək”.

Sədr AİB-in bir neçə il öncədən ölkədə istehsal olunan mallara Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı şamil etdiyinin təsadüfi olmadığını bildirib: “Bu nişan ABŞ İnkişaf Agentliyi təşəbbüsü ilə verilir. Nişan 5 il müddətində cəmi 6 şirkətə verilib. Bu müəssisələr “Sab” və “Səhliyalı” kolbasa və süd məhsulları, “Sevimli dad” şirkəti, “Ulduz” şokalad fabriki, “Şirin” MMC qənnadı fabriki və “İceland” MMC dondurma şirkətidir. Bu nişan dövlət qeydiyyatına alınıb. ABŞ İnkişaf Agentliyi Azərbaycanda təhlükəli mal istehsal olunduğundan narahat olub və bizimlə belə bir əməkdaşlıq edib. Belə bir şəraitdə yoxlamaların tam məhdudlaşdırılması istehlakçı hüquqlarının pozulmasına gətirib çıxara bilər. Xüsusilə qida sektorunda ayrı bir siyasət yeridilməlidir. Buna ciddi nəzarət olunmalıdır.

2001-ci ildə duzun yodlaşdırılmasına dair qanun qəbul olunub. Qanuna görə ölkədə yodsuz duz satışı qadağandır. Lakin marketlərdə Ukrayna nişanı ilə yodsuz duz satılır. Bununla bağlı 4 dövlət orqanına müraciət etmişik, amma heç bir orqan duzun yodlaşdırmasına nail ola bilmir. Görün qida sektorunda vəziyyət nə yerdədir”.

Eyyub Hüseynov onu da əlavə edib ki, son fərmandan sonra bazarda yeni bir tendensiya yaranıb: “Bir sıra MMC-lər, QHT və reket jurnalistlər gedib mağazalarda yoxlama keçirirlər. Buna qəti etirazımı bildirirəm. İstehlak hüquqlarını qorumaq adı altında prezidentin bu çağırışından sui-istifadə edib dövlət orqanlarının səlahiyyətlərinin məhdudlaşdırıldığı bir şəraitdə şəxsi məqsədlərinə çatmaq üçün fəaliyyət göstərən bu insan qrupu yığışdırılmalıdır. İnsanlar Azad İstehlakçılar Birliyinə məxsus (012) 441 28 33 nömrəsinə zəng vurmaqla ölkə ərazisində neqativ hala yol verənlər, öz şəxsi məqsədi üçün çalışanların ifşa olunmasına yardımçı olsun. Biznesmenlər özlərinin sosial məsuliyyətini hiss etməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları