Yuxarı

İdeoloji müharibə: Kim uduzur, kim udur?

İdeoloji müharibə: Kim uduzur, kim udur?

mark tvenDinin cəmiyyətdə yeri: kim tərəfindən və necə tənzimlənməlidir?

“Tarix və təcrübə göstərir ki, inkişaf etmiş ölkələr dini dövlət olduqları üçün deyil, dini dünyəvi fəaliyyətə qarışdırmadıqlarına görə inkişaf ediblər”

Mark Tven

Ta qədimlərdən indiyədək Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə, heç kimə problem yaradılmır. Lakin son vaxtlar dinə meylin artması, dini azadlıqların maksimum təmin edilməsi özü ilə çoxsaylı problemlər dalğası gətirib. Bu şəraitdən sui-istifadə nəticəsində ölkədə təhlükəli təriqətlərin də fəaliyyəti güclənib. Bəs, bu problemi necə həll etmək olar? Bu suala cavab vermək üçün əvvəlcə məsələnin mahiyyətinə və problemin tarixinə nəzər salmaq lazımdır.

Dünya tarixində dini proseslərin qısa icmalı

Etiraf etməliyik ki, dini dünyagörüşün ehkamlaşması, müasirləşməyə qarşı çıxması, elmi yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri, orta əsrlərdə Avropanın, Yaxın və Orta Şərqin tənəzzülünə səbəb olub. Dünyəvilik, deizm və ateizm ideyaları məhz bu mənfi hallara qarşı inkişaf edib. Dini inkvizasiyalar - nə islam dəri soymaları, nə sinaqoq çarmıxları, nə də kilsə tonqalları mütərrəqqi insanları yolundan döndərə bilmədi. Zaman göstərdi ki, dünyəvi düşüncə, nə qədər tənqidlərə məruz qalsa belə, yeni tarixi mərhələdə özünü daha da doğrultdu, ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bildi. Avropanın, Rusiyanın, Yaponiyanın, Çinin, ABŞ-ın timsalında bu, daha aydın görünür. Bəşəriyyətin mənəvi inkişafına səbəb olmalı olan dini ideologiyalar siyasi müstəviyə keçərək, müəyyən dairələrin maraqlarını əks etdirməyə başlayıb və bu böyük faciələrə gətirib çıxarıb. Lakin müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya dini qarşıdurmaların şahididir. Əfqanıstanda Talibanın vəhşiliklərini, Suriyada İŞİD-in kütləvi başkəsmələrini, Əl-Nüsrənin dinc insanlara tutduğu divanları, Pakistanda və İraqda təriqətlərarası qırğınları və terror aktlarını, Türkiyədə dinçilərin dünyəvi fikirlilərə qarşı hansı oyunlardan çıxdığını görməmək mümkündürmü?

Bunları tam olaraq dinin adına yazmaq doğru olmazdı, amma dinlər elə hala salınıb, dini konfessiyaların başında elə adamlar yerləşib ki, onların dedikləri bütün fikirlər ardıcılları tərəfindən ilahi hökm kimi qəbul olunur. Mark Tvenin “tarix və təcrübə göstərir ki, inkişaf etmiş ölkələr dini dövlət olduqları üçün deyil, dini dünyəvi fəaliyyətə qarışdırmadıqlarına görə inkişaf ediblər” fikrinin həqiqətə necə də uyğun olduğunu görmək üçün dünyanın fərqli ölkələrindəki vəziyyətə baxmağa ehtiyac var.

Hansında ki, din dövlətdən ayrıdır, o ölkələrdə yüksək inkişaf, savadlı və mədəni cəmiyyət var (məsələn, Yaponiya, Şimali Amerika, Avropa, Rusiya, Çin və s.) Hansında ki, din faktoru güclüdür, o ölkələr böyük problemlər içindədir (məsələn, Əfqanısan, İraq, Suriya, Pakistan və s.) Fakt budur ki, Tanrının insanlara bəxş etdiyi azadlıqları dini rejimlər insanın əlindən alır, amma dünyəvi dövlətlər yox. Dünyəvi dövlətlərdə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, demokratik institutlar, mətbuat... daha çox inkişaf edib, dini rejimlərdə əksinə. Dünya dinlərinin tarixdəki rolundan danışarkən, bunu bütün sivilizasiyalara, dinlərə aid etmək ədalətsiz yanaşma olardı. Tarix göstərir ki, belə hallar əsasən, Yaxın Şərqdə yaranan “semit” mənşəli dinlərin təcrübəsində var. Bu dinlər ancaq zor gücünə, savaş və qan tökmək hesabına yayılmağa can artıb (örnək - xaç və islam yürüşləri).

Turan elləri, Hindistan, Çin, Misir dərin fəlsəfi izahlara söykənən ilk təktanrılı dinlərin beşiyi olsa da, bu ideologiyaların başqa xalqlara zərəri dəyməyib. Türklər kimi, Afrika, Amerika, Uzaq Şərq xalqları da heç zaman dini əldə bayraq edib başqa xalqlara təcavüz etməyiblər. Əksinə, yanlış olaraq bütpərəstlik adlandırılan bəzi dinlərin mənsubları daha sülhsevər mədəniyyət formalaşdırıblar.  Göründüyü kimi, dünya din tarixində mənfi hallarla yanaşı, müsbət təcrübələr də var. Bu təcrübədən niyə yararlanmayaq, axı dinin orijinal funksiyası başqalarına zərər vurmaq deyil, mənəvi kamilliyin və sosial ədalətin bərqərar olmasıdır.

Dini və etnik diskriminasiya nəyə gətirib çıxarır?

Hazırda dünyada qloballaşma, inteqrasiya prosesləri gedir. Tarix irqi, dini, milli, sosial diskriminasiyaya qarşı mübarizənin gücləndiyi yeni minilliyə qədəm qoyub. Bu sıraya Azərbaycan da daxildir. Azərbaycan xalqı da tarix boyu dini rejimlərin zəncirindən azad olan kimi, da bu yolu seçib. Təəssüf ki, bir çox ölkələrdə hələ də keçmişin mənfi ənənələri yaşamaqdadır. Bu cəmiyyətlər bəşəriyyətin acı təcrübəsindən dərs götürmək istəmirlər.

Dini deoloji mərkəzlərin hansı oyunlardan çıxdığını hər kəs bilir. Məsələn, kiçik bir qum səhrası üstündə 100 ildir ərəblər və yəhudilər amansız müharibə aparır, dəhşətli terrorlar edilir. Bu məqsədlə yüz milyardlarla dollar xərclənir, nəticədə isə, ortada milyonlarla ac, səfil, xarabalıqlarda yaşayan bədbəxtlər var. Bir də bu savaşlarda qanına qəltan edilən yüz minlərlə günahsız körpələr, qadınlar, qocalar və s...

Ermənilərin torpaq iddiaları bu xalqın özünə hansı fəlakətlər gətirib, bunu ermənilərdən yaxşı bilən yoxdur. Amma bu xalq öz əməllərindən əl çəkmir.

Müsəlman ölkələrini problem içində saxlamaq üçün onların daxilində etnik və dini ayrılıqları qabartmaq, qızışdırmaq yolunu seçən qlobal imperialist dairələr bu ölkələrdə əsasən təriqətlərdən, camaatlardan, separatçı millətçilərdən istifadə edirlər.  SSRİ kimi nəhəng və qüdrətli bir superdövləti məhz milli münasibətləri qızışdırmaqla içdən dağıtdılar. Özəlliklə də, Qərb dövlətlərinin nəzarətində olan erməni lobbisinin təsiri ilə ermənilərdən əsas zərbə qüvvəsi kimi istifadə edildi. İndi də ermənilərin əli ilə Azərbaycanı və Türkiyəni daim təzyiq altında saxlamağa çalışırlar.

Dinin Azərbaycan tarixində rolu

Dünyada olduğu kimi, Azərbaycanda da insanlar zaman-zaman müxtəlif dinlərə inanıb. Bu dinlərin hamısı monoteist xarakter daşısa da, zaman keçdikcə, onların bazasında saysız-hesabsız təriqətlər, məzhəblər, cərəyanlar, camaatlar yaranıb. Nəticədə dinin cəmiyyətdə vahid və sistemli şəkildə qəbul edilməsinə, öyrənilməsinə əngəl yaranıb.

Tarixə baxsaq, dünyada olduğu kimi, Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmayıb. Eramızdan əvvəl və yeni erada bu torpaqlarda müxtəlif dinlərin və fəlsəfi cərəyanların tərəfdarları arasında dəhşətli müharibələr baş verib. Nəticədə, milyonlarla günahsız insan məhv edilib.

VII əsrdən başlanan, ərəblərin din yaymaq adı altında türklərə və digər xalqlara qarşı soyqırımlarla müşayiət olunan təcavüzləri baş tutub, 2 əsr davam edən proses zamanı şəhərlər və kəndlər darmadağın olub. Ərəblərin Azərbaycana təcavüzü zamanı hər iki tərəfdən azı 1 milyonadək insan məhv olub.  Eyni proses XV əsrdən XVII əsrədək davam edən sünni-şiə müharibələrində də yaşanıb.  Bu müharibələrin Türkiyə və Azərbaycan xalqlarına psixoloji təsiri bu günə qədər qalmaqdadır. Eyni zamanda, tariximizdə fərqli fikirli insanların təqib olunması və hətta edam olması faktları da vardır. Nəimi, Nəsimi kimi böyük dahilərin işgəncələrlə vəhşicəsinə qətlə yetirilməsində din (daha doğrusu dini liderlər) faktoru əsas olub. Gəlin, XX əsrin əvvəllərindəki və ortalalarındakı duruma baxaq. Əsrin əvvəllərində Azərbaycan xalqı aclıq, səfalət, mövhumat içində çapalayır və elmi, texnoloji, mədəni inkişaf cəhətdən sivil dünyadan xeyli geri qalırdı. Lakin bu xalqın içində Nərimanov kimi, Mirzə Cəlil kimi, Axundov kimi böyük mütəfəkkirlər, Avropada və Rusiyada təhsil alan aydınlar var idi. Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.

Təriqətləşmə cəmiyyətə nə vəd edir?

Sovet İttifaqının dağılmasından sonra dini missionerlərin post-sovet məkanına soxulma prosesi başladı. Bir çox təhlükəli dini təriqətlər tərəfdarlarını artırmaq üçün hərəkətə keçdilər. Vəhabilər, nurçular, süleymançılar, radikal şiə təriqətləri, Yehova şahidləri, həmçinin digər təhlükəli dini konfessiyalar müxtəlif şirnikləndirici və aldadıcı yollarla ətraflarına daha çox kütlə cəlb etməyə çalışırlar.

Belə təriqətlərin əsas məqsədi isə heç də Tanrı və Yaradılışın gerçək mahiyyəti haqda bilik yaymaq deyil, yalnızca məkrli qlobal mərkəzlərin siyasətinə uyğunlaşmış təhlükəli təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə yaymaqdan və kütlələri öz nəzarətlərində saxlamaqdan ibarətdir. Bununla onların tabe olduğu siyasi-ideoloji mərkəzlər bu qüvvələrin vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər. Belə dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların dayandığı isə heç kimə sirr deyil. Dini fəaliyyət üçün ölkədə heç bir maneə olmasa da, dini maariflənmənin aşağı olması səbəbindən müəyyən problemlər də yaranır. Belə ki, bəzi insanlar din haqqında məqsədli olaraq səhv mülahizələr yürüdür və dinin tələblərini öz təriqətlərinə uyğun şəkildə izah edirlər. Bu da təriqətlər arasında münaqişəyə səbəb olur.

Hazırda ölkənin müsəlman kəsimi 3 əsas təriqət arasında bölünüb. Bunlar “nurçuluq”, “vəhabilik” və şiəlikdir. Əgər təriqətləşmə dərinləşsə, bu icmaların bir-birini qrıması üçün adı qığılcım da kifayət edə bilər. Cəmiyyətin dindar kəsiminin təriqətlərə bölünməsinin acı təcrübəsi- Pakistan hadisələri hələ də unudulmayıb. Bu ölkədə bir neçə təriqətə bölünən cəmiyyət vətəndaş müharibəsi səviyyəsinə gəlib çıxdı və qardaş qırğını baş verdi. Oxşaq hadisələr İraqda da yaşanır - sünnilər şiələrlə, kürdlər, ərəblər və türkmanlar bir-biri ilə “qanlı-bıçaqdırlar”.

Kritik situasiyalarda bəzi qlobal dairələrin radikal dindarları müdafiə etməsi onların dünyaya elan etdikləri prinsiplərinə zidd getməkdən əlavə, həm də gizli məqsədlərinin nədən ibarət olduğunu görməyə imkan verir. Ərəb ölkələrində baş verənləri bir balaca analiz edəndə məsələ aydın olur. Fanatik dindarların özündə cəmiyyətin şəriət qanunları ilə idarəsi və yaşamını ehtiva edən tələbləri ateistləri və deistləri də qıcıqlandırır. Nəticədə vətəndaş bölünməsi yaranır, xalqın monolitliyi pozulur.

Beləliklə, aydın görünür ki, hazırki situasiyada, xüsusilə də Azərbaycan kimi kiçik ölkədə böyük dövlətlər tərəfindən dəstəklənən dini təriqətlər cəmiyyət və dövlətçiliyimiz üçün yaxşı perspektiv vəd etmir.

Turan





Həftənin ən çox oxunanları