Yuxarı

Monopoliya iqtisadiyyatı çökdürür

Monopoliya iqtisadiyyatı çökdürür

erzaq satisiAlıcıları və istehsalçıları alverçilərin əlindən necə xilas etmək olar?

Ərzaq məhsullarının satışı mafiozların nəzarətindədir

Son bir il ərzində ölkənin əmtəə bazarında, xüsusilə də ərzaq məhsulları satışında qiymətlərin dayanmadan artımı müşahidə olunur. Payız mövsümündə yaranan məhsul bolluğu nəticəsində axırıncı 2 ayda bu artım müəyyən qədər səngisə də, amma yenidən "hərəkətə başlayıb". Qiymətlərin artması təkcə devalvasiyanın nəticələri ilə bağlı deyil, burada monopoliya faktoru da mühüm rol oynayır. İnhisarçılıq təkcə istehsalı deyil, həm də idxalı, istehlakı və müxtəlif xidmətləri belə nəzarətində saxlayır, bazarda sözün əsl mənasında at oynadır.

Bahalaşmanın əsas səbəbi inhisarçılıqdır

İdxal məhsullarında qiymət artımları başadüşüləndir. Lakin ölkədə istehsal olunan məhsulların qiymətinin artması anlaşılmazdır. Çünki ölkədə nə yanacaq, nə kommunal xidmətlər, nə vergilər, nə də xammalın istehsal dəyəri artmayıb. İqtisadi mahiyyətlə yanaşdıqda, belə qiymət dəyişikliyinin yalnız inhisarlaşma nəticəsində baş verdiyini söyləmək olar. Bəzi mütəxəssislər ərzaq bazarındakı bahalaşmanı tələbatın artması ilə izah etməyə çalışırlar. Konkret desək, guya əhalinin gəlirləri artdığından və istehlak tələbi artdığından qiymətlər qalxır. Bu, absurd yanaşmadır. Birincisi, əhalinin pul gəlirləri əslində, artıb eləmir. O mənada ki, qiymətlərin artımı, maaş və pensiyaların artımından azdır. Yəni əvvəl 100 manatlıq mal alan vətəndaş, indi həmin malı 150 manata almalıdır. Başqa sözlə desək, pulun məbləği artsa da, əmtəə dəyəri bundan xeyli çox dərəcədə aşağı düşür. Müstəqil iqtisadçı ekspertlərin dediyi kimi, faktiki inflyasiyanın təsiri maaş və pensiya artımını əməlli-başlı üstələyir.

Tələbatın artımı nəticəsində və ya əksinə, təklifin azalması hesabına qıtlığın yaranması müqabilində satış qiymətinin bahalaşması iqtisadi mənada qəbuledilən haldır. Lakin 1 il ərzində əhalinin gəlirlərinin kosmik sürətlə yüksəldiyini və ərzaq məhsullarına tələbatının artdığını söyləmək sadəlövhlük olardı.

İnhisarçılığın bir sübutu kimi, son illər ərzində rəsmi statistikaya əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında artımın olduğu halda mal, qoyun ətinin, toyuq məhsullarının satış qiymətlərində heç bir ucuzlaşma qeydə alınmadığını, əksinə, son illərdə xeyli artdığını göstərmək olar. Misal üçün, ət təsərrüfatında da hansısa epidemiyanın, xəstəliyin baş verdiyi və nəticədə qıtlığın yarandığı müşahidə edilməyib. Əksinə, ət istehsalı artır. Amma ətin qiyməti nəinki ucuzlaşmır, əksinə, bahalaşır. Bütün bunlar göstərir ki, Azərbaycanda ət təsərrüfatı və ət satışı inhisardadır.

Təklif artır, tələb azalır, qiymət bahalaşır...

Beləliklə, istehsalçılar və idxalçılar qiymətləri hiss olunmadan, tədricən artırırlar. İri mağazalardan daimi bazarlıq edənlər bunun şahidi olurlar. Bu dəyişməni bazarın tənzimlədiyinə şəxsən mən inanmıram. Misal üçün ət və yumurta tezxarab olan məhsuldur və bazarda da bu məhsulun üstündə qırğın getmir. Üstəlik, getdikcə ölkədə ərzaq məhsullarının istehsalı artır. İqtisadi təcrübədən bəlli olduğu kimi, adətən məhsul artımı baş verdikcə rəqabət və bolluq nəticəsində həmin məhsulun qiymətində ucuzlaşma olmalıdır.

Bunun baş verməməsi isə qiymət məsələsinin vahid mərkəzdən idarə edilməsi və ya razılaşdırılmış şəkildə həyata keçirilməsi nəticəsində mümkündür. Belə olan halda bu qiymətləri kim müəyyən edir? Bu sualın cavabını siz və ya mən yox, müvafiq orqanlar tapmalıdır. Daha doğrusu, açıqlamalıdır. Süni bahalaşma ilə bağlı mətbuatda məlumatların verildiyinə baxmayaraq, müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görülmür. Nəticədə inhisarçılar öz istəklərinə uyğun hərəkət edirlər.

İnhisarçılar bazarı necə idarə edirlər? 

Kənd təsərrüfatı sahəsinin rəsmi şəxsləri dəfələrlə etiraf ediblər ki, maldarlıq və quşçuluq sahəsində istehsalın artmasına rəğmən qiymətlərin də bahalaşmasının bir neçə səbəbi var ki, bunlardan biri də satış məntəqələrində qiymətlərin inhisarda saxlanmasıdır. Yəni ərzaq məhsullarının həm topdan, həm də pərakəndə satış məntəqələrində məhsulun qiyməti inhisarçı qrupun üzvləri tərəfindən tənzimlənir ki, bu da onların qiymətləri hər yerdə istədikləri səviyyədə saxlamaqla onu idarə etmələrinə imkan verir.

Bəzi ət satışı məntəqələrindəki çalışan satıcılarla söhbət zamanı məlum oldu ki, qiymətlərin bahalaşması onların özlərinə də sərf eləmir, çünki bu zaman satış və eyni zamanda gəlir azalır. Satıcılar bildirir ki, əti onlara gətirib verən şəxslər istədikləri qiyməti qoyurlar. Amma qiymətin bahalaşması nəticəsində ət satışının zəifləməsi və satılıb qurtarmaması onları narahat etmir. Ət tez xarab olan məhsul olduğundan onun gün ərzində satılıb qurtarması vacib şərtdir. Bunun üçün isə yeri gələndə günün sonuna yaxın və ya bazarın tələbatına uyğun olaraq, növbəti gün qiymət ucuzlaşdırılmalıdır. Lakin məhsulu satıcılara gətirən şəxslər tonlarla ətin xarab olmasına razı olurlar, qiymətin ucuşlaşdırılmasına yox. Nəticədə hərdənbir bir az “ziyana düşsələr” də, qiyməti istədikləri səviyyədə saxlamaqla xeyli qazanc əldə edirlər.

Ət məhsullarının topdansatışı ilə məşğul olan şəxslər satılmayıb qalan, köhnələn ətdən əslində, ziyana düşmürlər, sadəcə, daha çox qazana bilmirlər. Çünki xarab olmuş ətin də öz müştəriləri var. Köhnəlmiş, artıq açıq şəkildə müştəriyə satılması mümkün olmayan keyfiyyətsiz ətlərin kolbasa sexlərinə, kafe və restoranlara, dönər satışı məntəqələrinə bir az aşağı qiymətə satıldığı heç kimə sirr deyil.

Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş...

Azad bazar, azad ticarət, azad qiymət kimi sözlər Azərbaycanda öz əhəmiyyətini itirib. Belə söhbətlərə heç kəs inanmır. Hamıya məlumdur ki, vətəndaş hətta öz halal malını belə istədiyi qiymətə sata bilməz. Məsələn, bazara öz heyvanını, ya da meyvə-tərəvəzini gətirib aşağı qiymətə satmaq istəyən adamın başına müxtəlif oyunlar gələ bilər. Yəni belə bir hərəkətə sadəcə olaraq, imkan verilməz.

Bunu sübut etmək elə də çətin deyil. Bir heyvanı və ya hansısa məhsulu aparıb istənilən bazarda və ya hər hansı bir yerdə müəyyənləşdirilmiş qiymətdən aşağı qiymətə alıcılara təklif etməyə cəhd edən adam buna əmin ola bilər. Kənd təsərrfüfatı məhsullarının qiymətlərinin azalmamasında ən böyük problem bazarları ələ keçirmiş dəllallar, alverçilərdir. Bunlar bütün yerləri tutublar və kəndli öz məhsulunu satmaq üçün bazara buraxılmır. Nəticədə səhər tezdən bazara gətirilən məhsulu kəndlidən 30 qəpiyə alan alverçi onu alıcıya 1 manata satır.

Burada nə baş verir? Min bir əziyyətlə məhsul yetişdirən kəndli maya dəyərini çıxmaqla məhsuldan 10 qəpik qazanır, alverçi isə havadan 70 qəpik qazanır. Alıcı isə azı 50 qəpik zərərə düşür, çünki o məhsulu alverçidən yox, kəndlidən alsaydı, qiymət uzağı 50 qəpik olacaqdı. Son bir neçə ayda qiymətlərin sürətlə artmaması isə sadəcə olaraq, mövsümlə bağlıdır. Yəni bazara külli miqdarda meyvə-tərəvəz və digər ərzaq məhsulları çıxarıldığından ərzağın qiyməti çox da yüksək sürətlə artmadı. Amma mütəxəssislər bundan sonra sürətli bahalaşmanın olacağını proqnozlaşdırırlar.

Bazarlar alverçilərdən alınıb istehsalçılara verilməlidir

İqtisadiyyatın qanunlarına görə, tələb aşağı düşdükdə və təklif artdıqda qiymətlər düşməlidir. Lakin ölkəmizdə belə deyil. Bu paradoksal tendensiyadır, məncə, istisadçılar da mənimlə razılaşar ki, belə bir təcrübə dünya praktikasında yoxdur. İdxalın da monopoliyada olduğunu Azərbaycanda çox az adam bilmir. Beləliklə, ölkədə məhsul bolluğunun yaranmasına və əhalinin gəlirlərinin artmasına rəğmən əhalinin güzaranı daha da pisləşir. Ölkənin istehsal, idxal və ticarət sektorunda monopoliya aradan qaldırılmasa, iqtisadi inkişafın əhaliyə heç bir xeyri olmayacaq. Ölkə prezidentinin inhisarçılığın qarşısını almaq üçün həyata keçirdiyi islahatlar, fərman və sərəncamlar, qəbul ediən qanunlar bu sahədə vəziyyətin yaxşılaşacağına ümid yaradır, lakin bunun baş verməsi üçün bazarlar dəllalların monopoliyasından çıxarılmalı, kəndliyə verilməlidir. Bu halda, ölkədə həm bolluq, həm ucuzluq olacaq. Həm alıcılar qazanacaq, həm istehsalçılar. Son nəticədə, aqrar sektor inkişaf edəcək, dövlət gəlirləri çoxalacaq, ərzaq təhlükəsizliyi qorunmuş olacaq.

Bunu təmin etmək üçün tək bircə addım atmaq kifayətdir- bazarları istehsalçılara vermək. Kənd təsərrüfatı yarmarkalarını ləğv etmək yox, onların sayını və dövrülüyünü artırmaq lazımdır. Bu haqda hökumət daha ciddi düşünməlidir.

Turan





Həftənin ən çox oxunanları