Yuxarı

"Yel əsib, yengələr oynayan" baxcalar

bagcalarHər bir ailə övladının ən kiçik yaşlardan gözəl, təhlükəsiz, sanitar bağçalarda böyüməsini, keyfiyyətli təhsil alaraq orta məktəbi bitirməsini və bu ardıcıllıqla müstəqil həyata qədəm qoymasını istəyər. Təbii ki, ilk bünövrənin möhkəm olması təməl şərtlərdən biridir. İlk təlim, tərbiyə və körpələrin formalaşması da bağçalardan başlayır. Təhsil, təlim, tərbiyəylə yanaşı, hər bir körpənin sağlamlığı, həyatı təhlükəsizliyi də vacibdir. Bağçalarda yüzlərlə körpənin nə dərəcədə qorunmasını, bağça kollektivinin nə qədər ayıq-sayıq olmasını yoxlamaq üçün ilk öncə 132 saylı körpələr evi uşaq bağçasına üz tutduq.

Qapının kandarında içəri girənlərə nəzarət etmək üçün xüsusi kabinə olsa da, təəssüf ki, nə kabinənin içində oturacaq adam, nə də bizi qarşılayan bir kimsə olmadı. Rahat şəkildə bağça həyətini dolaşdıq, lakin naməlum birisi olsaq belə bizə mane olan, kim olduğumuzu soruşan tapılmadı.... Biz çox təhlükəli birisi ola bilərdik... Və bağçadakı  yüzlərlə Azərbaycan övladının, neçə-neçə körpənin taleyi sual altına düşməzdimi?!

Bu laqeyidliyi görüb bağça müdiriyyətini axtardıq. Təəssüf ki, iş vaxtı olsa da, onu yerində tapa bilmədik. Özünü təsərrüfat müdiri Cəmilə Məmmədova kimi təqdim edən xanım bildirdi ki, müdirə Kəmalə Əliyevanı Nəsimi rayon İcra Hakimiyyətindən seçki ilə bağlı çağırdıqları üçün iş yerində deyil. Həmsöhbətimiz gözətçinin isə qızının toyu olduğunu, bu münasibətlə məzuniyyətə çıxdığını, onun yerinə isə başqa bir adamın bu vəzifəni icra elədiyini qeyd etdi. Biz öz həmsöhbətimizlə uzun-uzadı söhbətləşdiyimiz ərəfədə gözətçi əvəzi gəlib xidmət yerinə çıxa bildi.

Bütün uşaq evlərində analoji halın olduğunu nəzərə alıb yolun əks istiqamətindəki "Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası"-na getdik. Qapı girişində qapıdan girənlərə nəzarət etmək üçün xüsusi məntəqəyə bənzər evi olan gözətçi Rais Dadaşov bizi sorğulamalı olduğu halda heç bir maneəsiz içəri keçdik. Uşaqların yataq otaqlarına qədər getdik və nəhayət, bağçanın tərbiyəçisi bizi qarşıladı. Jurnalist olduğumuzu bildirdik. Eyni vəziyyət bu bağçada da hökm sürürdü. Bağça müdirəsi seçki ilə bağlı iş vaxtı xidmət yerində deyildi. Müdirə Sədaqət Cəfərova ilə telefon əlaqəsi yaratdıq. Bizi çox səmimi qarşılayan müdirə müəssisənin mühafizəsi ilə bağlı aidiyyaəti qurumlar qarşısında məsələ qaldırdığını və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yaxın gələcək üçün bağçanın mühafizə xidməti ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirdi.

Təhsil ocağının giriş qapısındakı gözətçi məntəqəsinin qapısını döyürük. Sən demə, Rais Dadaşov iş başında yatıbmış. Amma bizi onun həyat yoldaşı qarşıladı. Gözətçinin harada olduğunu soruşduq, məzlum şəkildə "elə indicə yatıb" deyərək qapını üzümüzə bağladı.

Bağçalarla bağlı məsələnin ən pik, ən kuliminasiya nöqtəsi isə 266 saylı körpələr evi uşaq bağçası ilə yaşandı.

Qapı kandarında xüsusi müəssisəyə daxil olanlara nəzarət etmək üçün məntəqə olsa da, buradan da rahatlıqla içəri daxil olduq. Müəssisəyə 4 ədəd kamera quraşdırılıb. ancaq buna rəğmən, nəzarətsiz qalan müəssisənin 4 tərəfini dolaşdıq, içəri daxil olduq, uşaqlarla söhbət etdik, kimsə yaxınlaşıb nə üçün gəldiyimizi soruşmadı, kameralara nəzarət edən şəxslər, görünür, iş başında deyildi.  Nəzarət məntəqəsində oturan Kubra Dadaşova adlı xanıma yaxınlaşıb rəhbərliklə görüşmək istədiyimi dedim. O da bizi müəssisənin metodisti olan Tərifə Vəliyeva adlı həmcinsinin kabinetinə apardı. Məsələdən agah olan Tərifə xanım müdiriyyətin seçkilərlə bağlı İcra Hakimiyyətində olduğunu, ona görə iş vaxtı iş yerində olmadığını qeyd etdi. Müdirənin ad, soyadını öyrənmək istəyərkən isə sərt təpki ilə qarşılaşdıq. "Gedin, yolda müəssisənin divarına yazılıb, ordan götürün" deyə bizi müəssisədən kənarlaşdırdı.

Qısa bir haşiyə çıxaraq qeyd edək ki, 266 saylı körpələr evi - uşaq bağçasının müdirəsi Dilbər Səmədova ilə bağlı 27-06-2015 tarixdə KİV-lərdə yazı dərc edilib. O yazıda Dilbər Səmədovanın körpələri yalnız ödənişli əsaslarla, qeyri-qanuni olaraq 250-300 AZN civarında ödənişlərlə qəbul etdiyini, körpələr bağçaya yerləşdirildikdən sonra aylıq 40-60 AZN civarında pul yığılmaların olduğunu, qruplara isə 20 uşaq daxil olmalı olduğu halda 30-a yaxın uşağın qəbul edildiyi barədə iddia öz əksini tapıb. ( mənbə: http://olay.az/xeber/3968)

Bütün valideyinləri isə bu məsələlərdə xüsusi həssaslıq nümayiş etdirməyi və övladının təhlükəsizliyinin təmin edilməsi üçün övladını yerləşdirdiyi körpələr evindən bu təhlükəsizliyə ciddi əməl edilməsini tələb etməyə çağırırıq. Övladlar, körpələr, gənclər Azərbaycanın gələcəyidir. Gələcəyimizi qoruyaq!

Rövşən Əsədov





Həftənin ən çox oxunanları