Yuxarı

Dünya qadınlara qənim kəsilib

Dünya qadınlara qənim kəsilib

qadinlarQadınlara qan udduran kişilər: 1 həftədə 5 qadın öldürülüb

Son günlər Azərbaycan qadınlara qarşı cinayət xəbərləri ilə silkələnir. Bir həftə ərzində 5 qadın evində və ya küçədə öldürülüb. Cinayətlər bəzi hallarda uşaqların gözü qarşısında baş verib. Vəziyyət hətta o dərəcədə ağırlaşıb ki, qadın təşkilatları problemin qarşısının alınması üçün ölkə prezidentinə müraciət etmək qərarına gəliblər. Artıq “Təmiz dünya” İctimai Birliyi belə bir müraciətlə çıxış edib.

Birliyin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ölkədə yaranmış duruma prezidentdən operativ reaksiya verən ikinci bir dövlət adamı olmadığına görə, müraciət məhz ona ünvanlanıb: “Çox dəhşətli vəziyyət yaranıb. Elə gün olmur ki, hansısa qadınla bağlı  cinayət baş verməsin. Dəhşətli qətllər artıq zorakılıq hallarını üstələyib, vəziyyət o dərəcədə ağırlaşıb ki, indi hansısa qadını fiziki, psixoloji, cinsi zorakılıqdan yox, ölümdən qorumağa çalışırıq. İnsanlar bütün aqressiya və bütün uğrusuzlqularını qadınlar üzərində sınaqdan keçirməyə çalışır və bəzi zamanlar buna nail də olurlar. Artıq qadının qətli xəbəri ilə heç kəsi təəccübləndirmək olmur. Dəhşətli qətllər bir çox hallarda ailə üzvləri - ər və ya ata, qardaş tərəfindən törədilir”.

“Hər şeydə qadın günahkardır”

Qadınlara qarşı qətllərin artmasının səbələrindən danışan Mehriban Zeynalovanın sözlərinə görə, səbəblər müxtəlifdir. Bura ilk növbədə, aqressiyaya meyl, stress, iqtsadi-sosial problemlərin yaratdığı əsəb sarsıntısı səbəb olur: “Ən narahatlıqverici məqam odur ki, artıq qadın sanki cəmiyyətdə baş verən hər hadisənin günahkarına çevrilib. Əgər evin kişisi iş tapmırsa,  qadın günahkardır. Əgər uşaq dərsdə yaxşı qiymət almayıbsa, qadın günahkardır. Əgər qadına kimsə küçədə söz deyirsə, qadın günahkardır. Əgər kimsə yanlışlıqla belə olsa qadının telefonuna zəng edibsə, qadın günahkardır. Qadına günah obyekti kimi baxanların sayı artıb və nəticədə bu “günahkarların” cəzalandırılmasını çıxış yolu hesab edənlərin də sayı buna paralel olaraq artmaqdadır. Kişilər bir çox hallarda qətli namus məsələsi kimi təqdim etməyə çalışırlar Səbəb aydındır - özlərini sığortalamaq. Cəmiyyətdə, daha sonra neçə illərini yaşamalı olacağı həbsxanada özünə qarşı xüsusi münasibət gözlədiklərindən əl atdıqları son vasitə, məhz bu olur. Ancaq araşdıranda görürük ki, hadisənin qadının əxlaqı ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə, kişinin özünü müdafiə insktiktidir, hadisəni törətdikdən sonra onun ağırlığını dərk edir və özünü qorumaq üçün yollar axtarır. Tarixdə də namus üstündə dedikləri qəbildən cinayətlər olub, amma bunu törədən kişilərin böyük əksəriyyəti hadisəni məhz niyə etdiyini hətta məhkəmədə də açıqlamayıb. Yəni indiki kimi kamera qarşısına keçib “əxlaqsızlıq edirdi, öldürdüm” deməyib. Sanki xarakterlər də süquta uğrayır. Neçə illik həyat yoldaşına, uşaqlarının anasını onun etmədiyi hərəkətdə günahlandıracaq qədər xasiyyət dəyişikliyi baş verib.

Təhdid edən ərə qadağa yoxdur

Məsələnin çox ciddi hal aldığını deyən Mehriban Zeynalovanın sözlərinə görə, qadın təşkilatlarının birləşərək buna qarşı ciddi mübarizə aparması şərtdir: “Ancaq diqqətlə baxanda görərik ki, ölkədə qadın hüquqları sahəsində ciddi fəaliyyət göstərən təşkilatların sayı çox deyil. Halbuki, buna indi daha çox ehtiyac var. Qoy bu təşkilatlar təkcə qadınlarla yox, kişilərlə də iş aparsınlar. Psixoloqlar, sosioloqlar işə cəlb edilsin, qadın-kişi ayrıseçkilyi qoymadan problemli insanlarla iş aparılsın. Bunu, sadəcə, sistemləşdirmək lazımdır. İndiki halda, məsələn, “Təmiz dünya” İctimai Birliyi olaraq bizim gücümüz zorakılığa məruz qalan bir neçə qadını sığınacağa yerləşdirməyə çatır. Onların sonrakı mərhələlərdəki problemlərini həll etməyə çalışırıq, üstəlik, bizim əməkdaşlar aylardır ki, bunu ictimai əsaslarla edirlər. Bu qadınlar potensial qurbanlardır, ancaq biz bu potensial qutbanlardan neçəsini xilas edə bilirik? Bizə bir qadın müraciət edib, Sumqayıtda yaşayır. Onun danışıqlarından belə başa düşdüm ki, bir az da geciksək, o qadınla yaxud onun ailə üzvlərindən kiminləsə bağlı dəhşətli xəbər eşidəcəyik. Bu hadisənin qarşısını almaq üçün polisə müraciət ediləcək, özüm də onlarla görüşəcəyəm. Ancaq hətta qadını ölümlə təhdid edən keçmiş ərin ona yaxınlaşması qadağan edilsə belə, bunu icra etmək mümkün olmayacaq. Çünki Azərbaycanda bu praktika yoxdur”.

Öldürülən qadınlar: 37, 56...

Azərbaycanda qadınlara qarşı cinayət hadisələrini statistikası da QHT sədrinin narahatlığını təsdiqləyir.  Birliyin apardığı araşdırmaya görə, 2012-ci ildə öldürülən qadınların sayı 37 nəfər olub ki, onlardan da 15-i əri tərəfindən qətlə yetirilib. Bundan başqa 13 kişi həyat yoldaşlarını öldürməyə cəhd edib. 2 qadın qardaşı tərəfindən qətlə yetirilib.  4 kürəkən qaynatasını öldürüb. Bacısı oğlu tərəfindən 5 nəfər, tanışı tərəfindən 10 nəfər, atası tərəfindən isə 1 qadın qətlə yetirilib. 2013-cü ildə isə öldürülən qadınlarla bağlı rəqəm artıb- 56 nəfər. Əgər öldürülməsinə cəhd edilən 32 qadınla bağlı da bu plan alınsaydı, say daha da artıq olardı. Öldürülən qadınlardan 24 nəfəri qısqanclıq zəminində, 9-u ailə münaqişəsi zamanı, 1-i isə namus üstündə qətlə yetirilib. Daha 18 nəfər münaqişə nəticəsində öldürülüb. Qısqanclıq zəminində ölüməqəsdlə üzləşənlər 21 nəfər, münaqişə nəticəsində ölümə qəsdlə üzləşənlər isə 12 nəfər olub. 2014-cü illə bağlı isə hesabatı hazırlamaq mümkün olmayıb. Səbəb təşkilatın ötən il demək olar ki, maliyyə dəstəyi almadan fəaliyyət göstərməsi olub. Başqa sözlə desək, monitorinq aparmaq üçün əməkdaş olmayıb. Eyni vəziyyət bu il də təkrar olunur.

İqtisadi problem kişilərin psixikasını pozur

Psixoloq Şəhla Vəliyeva da cinayətə əl atan adamların bir qrupuna bir anlıq qəzəb hissinin hakim olduğunu deyir. Digər qrup isə qətlə uzun müddət hazırlaşır: “Hazırda qadınlara qarşı baş verən cinayətlərin səbəblərindən ən başlıcası qadına qarşı mövcud olan mənfi münasibətin daha da yayılmasıdır. Qadının daha çox ittiham edilməsi və bunun gen-bol təbliği cinayətlər üçün şərait yaradır. Qadına qarşı, ümumiyyətlə, heç bir cinayətə bəraət qazandırıla bilməz”. Psixoloqun sözlərinə görə, qətlin əsas səbəbləri arasında sosial-psixoloji gərginlik əsas yer oynayır. İqtisadi problemlər artdıqca, bu insan psixikasının pozulmasında da özünü göstərməyə başlayır. Nəticədə düşünülmədən edilən cinayət baş verir. Bundan başqa səbəblər arasında uşaq vaxtı şəxsin zorakılığa məruz qalması da önəmli faktordur. Sanki kişilər bununla uşaqlıqlarının qisasını alırlar. Virtual aləm də kişiləri buna itələyir, dəhşət filmləri və virtual oyunların təsirini də unutmaq olmaz”.

Qadına qənim kəsilən dünya

Dəhşətli qadın ölümləri ancaq Azərbaycan üçün xarakterik deyil. BMT dəfələrlə bununla bağlı narahatlığını bildirib. BMT-nin Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın təkcə namus məsələsinə görə öldürülür. Qatillərin 70 faizi ərlər, ya da sevgililərdir. Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, ailədə zorakılıq qurbanları arasında 90 faiz qadınlar, 10 faiz kişilər olur. Ümumilikdə isə dünyada hər 18 saniyədə bir qadın ölür. Dünya səhiyyə təşkilatının hesabatına əsasən hər 18 saniyədə bir qadın təcavüzə məruz qalır. Amerikada qətlə yetirilən 10 qadından 3-ü əri və ya başqa kişi tərəfindən öldürülür. Kanadada təkcə 1987-ci ildə qətlə yetirilən qadınların 62 faizi ərləri tərəfindən öldürülüb. Rusiyada isə təkcə 1999-cu ildə 14 min qadın yaxınları tərəfindən qətlə yetirilib. Cənubi Afrikada evdə odlu silahla qətlə yetirilən qadınların sayı evdən kənarda qətlə yetirilən qadınların sayından çoxdur. Bir sözlə, dünya qadınlara qənim kəsilib.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları