Yuxarı

Boğazdan gələn bəla...

Boğazdan gələn bəla...

piylenmeSon illər dünyanı bürüyən piylənmə bəlası getdikcə cavanlaşması ilə mütəxəssisləri bu barədə ciddi düşünməyə vadar edir. İş hətta o dərəcəyə çatıb ki, mütəxəssislər uşaqlara verilməli olan qidaların siyahısını hazırlayıb və qadağan edilən məhsulların “qara siyahısı”nın hər bir ailənin mətbəxində olmasının vacibliyini vurğulayır.

Mətbəxdəki “qara siyahı”

Uşaqlar və yeniyetmələr arasında piylənməyə qarşı “xaç yürüşü”nə çıxanlar isə ABŞ-ın məşhur Dyuka Universitetinin mütəxəssisləri və Sinqapurun Milli Universitetinin alimləridir. Bu iki elmi qrup birləşərək dünyadakı bütün uşaqlaırn müdafiəsinə qalxıb.  Və bu işdə ilk hədəf anaların tərtib etdiyi menyudur. Yəni uşaqlar üçün lazımlı və lazımsız yeməklərin siyahısı hazırlanıb. Bunun üçün mütəxəssislər uzun zaman sərf ediblər: tədqiqatların, çoxlu sayda könüllünün üzərində aparılan araşdırmalardan sonra fikirlər ümumiləşdirilib. Məqsəd uşaqları böyüdükcə rastlaşacaqları bəladan xilas etməkdir. O uşaqlar ki, hansı ölkədə və hansı ailədə doğulmasından asılı olmayaraq, müdafiəyə möhtacdır və buna hüquqları var. 3 il davam edən araşdırmadan sonra məlum olub ki, tədqiqatlara 4500 uşaq və yeniyetmə cəlb olunub. Britaniyanın Bristol Universitetinin mütəxəssisləri tərəfindən də əldə edilən nəticələr sözügedən analizlərə cəlb  olunub. Bu universitetin alimləri hələ ötən əsrin 90-cı illərində piylənmə bəlasının uşaqların başını üstünü qara bulud kimi aldığını görürdü və valideynləri də cəlb edərək ciddi bir tədqiqat aparmışdı. Mütəxəssislərin hazırladığı siyahıda aclığı dəf etməyən, orqanizmə heç bir xeyri olmayan, tərkibində çox miqdarda yağ və kalorinin olduğu ərzaqlar yer almışdı. İlk yerdə uşaqların sevimlisi çips dayanır. Çipslər müxətlif dadlarda olsa da, uşaq orqanizminə hamısının təsiri eynidir. “Bu məhsul yüksək kolorisi ilə seçilir, ancaq buna baxmayaraq, orqanizmin qidaya olan tələbatını bütünlüklə ödəmir”, - deyə araşdırma müəllifləri vurğulayır. Siyahıda sonrakı yerdə indi Azərbaycanda da uşaqların sevimli yeməyi olan və qərbsayağı “fri” adlandırılan kartof qızartması, qızardılmış balıq və toyuq, desertlər, şirin və qazlı işkilər durur. Araşdırma zamanı aydın olub ki, uşaqların menyusuna 2 tip yemək mütləq daxil edilməlidir ki, piylənmənin qarşısı alınsın. Bunlardan biri, qızardılmayan toyuq əti, digəri isə soyudulmuş balıqdır. Uşaqların qırmızı ətdən istifadəsini azaltmaq və bunun yerini soyutma balıq və toyuğa vermək lazımdır.

20 qəpiklik alma

Azərbaycan uşaqlarının meyli “abur-cubur” dediyimiz müxətlif zərərli qidalara çoxalır. Valideyn nəzarətindən kənar qaldığı ilk fürsətdə sərinləşdirici qazlı su və ya soklar içən, çips yeməyə meyllənən uşaqlar üçün ən yaxşı şərait məktəbdir. Amma son illər təhsil müəssisələrində bu kimi halların qarşısı müəyyən qədər alınıb. Təhsil Nazirliyindən verilən məlumata görə, məktəb bufetləri bu qurumun nəzarətində olmasa da, bu cür yerlərdə bəzi ərzaqların satılması artıq əngəllənib. Amma buna rəğmən, məktəb bufetlərində meyvə satışını kütləviləşdirmək mümkün olmayıb. Paytaxtdakı bəzi məktəblərdə meyvə satışı təşkil olunsa da, şagirdlərin buna marağı çox deyil. Məktəb bufetçisi İradə Seyidovanın sözlərinə görə, 2 il əvvəl bufetdə ziyanlı qidalardansa, meyvə satmaq barədə tapşırıq verilib: “O zaman bufetə mövsümdən asılı olaraq mandarin, alma satırdıq. Əvvəllər uşaqlara qəribə gəlirdi, elə vaildeynə də. Qiymətlər də bir alma və ya mandarin üçün 20 qəpik idi. Sonra bəzi valideynlər narazılıq etməyə başladılar ki, payızda bazarda almanın 3 kilosu bir manata satılır, bufetdə isə ədədi 20 qəpiyə. Həm də uşaqlara evdə deyilsə də ki, şirniyyat yox, alma al ye, uşaqlar buna əməl etmirdilər. Ona görə də çox vaxt meyvə satılmırdı. Biz də əlavə söz-söhbət olmaması üçün meyvə satışını dayandırdıq. Bufetdə çips, yaxud qazlı içki də satılmır. Amma uşaqlar evdən özləri ilə bunu gətirirlər. Aşağı siniflərdə müəlilimin sözü valideyn üçün də, şagird üçün də qanun olur. Amma yuxari siniflərə keçdikcə, uşaqlara nəyisə qadağan etmək mümkünsüzləşir. Biz satmırıq, amma özləri ilə evdən gətirir, ya da məktəbin bir addımlığında köşkdən alırlar”.

“Can boğazdan gəlir” düşüncəsinə qurban gedən uşaqlar

Dietoloq Əziz Mirzəyevin fikrincə, Azərbaycan uşaqların ən pis qidalandığı ölkələrdən biridir: “Valideynlər elə bilir ki, uşaq nə qədər çox yesə, bir o qədər sağlam olar. Kökündən yanlış fikirdir və təəssüf ki, hətta gənc nəsil də bu düşüncəni dəyişmək istəmir. Hərdən elə müraciətlər olur ki, nə qədər təcrübəli də olsan, məəttəl qalmaya bilmirsən. Məsələn, bir ata 7 yaşlı uşağının az yeməsindən şikayətlənirdi. Soruşanda dedi ki, gün ərzində ona ət məhsulları verə bilmirlər. Gündəlik menyu ilə maraqlananda məlum oldu ki, uşaq səhər məktəbdən evə qayıtdığı müddətdə 2 kiçik çips, bir çubuq və bir parça şokolad yeyir. Bunlar 2-ci sinif şagirdinini  məktəb norması idi. Valideynlər bu qədər qəbul edilməməsi vacib olan qidadan sonra uşağın evdə ət yeməməsindən şikayətlənirdilər. Onların fikrincə, can boğazdan gəlir. Yəni uşaq nə qədər çox yesə, bir o qədər sağlam olur. Bu uşaq üçün gündəlik menyu hazırladıq, qısa müddət sonra uşağın yeməyi normallaşdı. Amma vaideynlər deyəsən, yenə bizdən narazıdır. Onların fikrincə, 7 yaşlı uşaqları azı 35-40 kiloqram çəkidə olmalıdır ki, sağlam olsun. İlk öncə valideynlərin bu düşüncəsini dəyişmək lazımdır. Təsəvvür edin ki, uşaq evdədir, onu bir dəfə anası, bir dəfə nənəsi, bir dəfə bibisi yedirdir. Üstəlik, hər dəfə eyni gündə qəbul edilməsi məqbul hesab edilməyən qidalarla. Uşaq getdikcə buna vərdiş edir və orqanizmin tələbatını ödəmək məcburiyyətində qalır. Bu isə çox sayda fəsadlara yol açır”.

Qırmızı ətə “yox”

Uşaqların menyusunda ilk olaraq sulu yemək və soyutmaların vacib olduğunu deyən dietoloq qırmızı ətin toyuq və ya balıqla əvəz edilməsini tövsiyə edib: “Balıq mövsümü başlayıb. Həftədə azı iki dəfə uşaqlara balıq vermək lazımdır. Balıq hazırlanması və yeyilməsi zamanı xüsusi diqqət tələb edir. Soyutma, buğda bişirməklə uşaqlara balıq verilməlidir. Meyvə-tərəvəz kiçik yaşlı uşaqlara püre halında, 6 yaşdan sonra isə çiy halda verilsin. Hər gün uşağın bir alma, yaxud banan, yerkökü, naringi yeməsinə diqqət edilməlidir. Bananla süd qarışığı da uşaqlar üçün çox faydalıdır. Yatmazdan əvvəl uşaqlara mütləq süd verin. Amma təəssüf ki, çoxlarının bildiyi bu məlumatlara valideynlər əməl etməyə tənbəllik edir”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları