Yuxarı

Məzhəbçi terrorun 70 illik hekayəsi

Məzhəbçi terrorun 70 illik hekayəsi

terrorcuII yazı

Prezident seçildikdən sonra 2009-cu ilin aprel ayında Obama ilk xarici səfərini Türkiyəyə edir. May ayında isə  Səudiyyə Ərəbistanına baş çəkir və Kral Abdullahdan qızıl nişanını aldıqdan sonra Qahirəyə gedib “demokratiya və çeviriliş” istəyir. Bu arada “Ərəb baharı” hazırlıqları da öz axarı ilə davam edirdi. Tunis, Liviya, Yəmən, Mərakeş, Əlcəzair, Suriya və ən əsası Misir “Müsəlman Qardaşları” təşkilatının qurulduğu və daim imperializmə xidmət edən ölkələr sırasında idi. Səudiyyə kralı və Körfəzin digər zəngin kral, əmir və şeyxləri milyonlarla dollarlarını məhz bu ölkələrdəki İslamçılara sərf etməyə başladı.

ABŞ prezidenti Obamanın ən böyük dəstəkçisi Səudiyyə Ərəbistanı kralı Abdullah idi. Onlar birlikdə bölgəni qan gölünə çevirməyə nail oldular. İraqın şiələrin əlinə keçməsinin qarşısını almaq məqsədilə Səudilər işğala və şiələrə qarşı döyüşən sünni “Qaidə”çiləri və onların havadarlarını dəstəkləyirdilər. Bağdadi isə hələ ki, ortalıqda görünmürdü. Bu şəxs haqqında çox şeylər yazıldı. O, 2004-cü ildə amerikalıların 26 min dustağı doldurduğu Boka düşərgəsində xüsusi bir otaqda saxlanılır və  həddindən artıq diqqət görürdü. Bağdadi 2009-cu ildə azadlığa çıxdıqdan qısa müddət sonra “Qaidə”nin İraq lideri olmuşdu.

 “Ərəb baharı” nın mərkəzində  Suriya dayanırdı. Çünki Misir, Tunis, Əlcəzair, Mərakeş və Liviyada “kafir Ələvi və Şiələr” yox idi. Təbii ki, onlarsız müharibənin bir mənası olmazdı. 70 illik hekayənin azğın beyinləri, qanlı əlləri funksiyasız qalardı. Səudilər yenidən fəaliyyətə keçdilər. Səudiyyə Ərəbistanının və Körfəzin pulları ilə “baş bəlası” Əsəddən xilas olmaq üçün hər şey səfərbər edildi. 70 ildir hazırlanan qaranlıq beyinlər fəaliyyətə başlamışdı. İordaniya vasitəsilə Suriyaya silah göndərilirdi. Beləliklə, bir anda hər yerdə terror hücumları başlandı. Terrorçuların öz çirkin əməllərini həyata keçirmələri üçün tank, top, tüfəng, raket və hər növdə silahları vardı.  Əsədə “xalqını öldürən qatil” damğası vuruldu və Suriya hədəfə alındı. Dünya tarixi hələ bu cür alçaq və qanlı hücum görməmişdi. Yüz ölkə var gücləri və imkanları ilə Suriyanı yox etmək üçün hərəkətə keçmişdilər. Guya Səudiyyə Ərəbistanı və Körfəzin köhnə düşüncəli, ibtidai, fanatik, rəzil kral, əmir və şeyxləri Suriyaya demokratiya və azadlıq gətirəcəkdi. Amma yüz ölkənin hücumu qarşısında Suriya xalqı məğlub olmurdu. Suriyanın, yəni Şam torpaqlarının sosial, mədəni, dini, siyasi və bəlkə də genetik tarixini bilməyənlər bunun səbəbini və niyə baş verdiyini əsla anlaya bilməzlər.

“Cənnətlə” aldadılan cihadçılar

Suriyada çeviriliş etmək məqsədilə təxminən, 80 ölkədən 50 minə qədər çihadçı radikal silahlandırılaraq  Suriyaya köçürüldü. Məqsəd isə ələvi və şiələrin yox edilməsi idi. Çinlilər və ruslar ələvi və şiə deyildilər. Amma “kommunist artığı” olduqları üçün onlar da kafir hesab olunurdu. Nəhayət ki, ərəblər yetmiş illik idealogiyalarını işə saldılar. Məscidlər, din adamları, televiziyalar, qəzetlər, qaranlıq və köhnə beyinlər və əlbəttə ki, siyasi fiqurlar sayılan krallar, əmirlər, şeyxlər, prezidentlər, nazirlər bir ağızdan “Ələvi və şiələri məhv edək” deyirdilər. İraq artıq işğal edilmişdi, işğala qarşı çıxanlar isə nəyə görəsə amerikalılardan çox şiələrlə düşmənçilik edirdilər. Məsələn, 2004-2011-ci illərdə  “Qaidə”çilərin həyata keçirdiyi 5 minə qədər intihar hücumlarının 85 faizi şiələri hədəf almışdı. Köhnə dost “Qaidə” bu dəfə də Amerikaya xidmət edirdi. Təbii ki, ərəblərin yardım və dəstəyi ilə. Cihadçı terror təşkilatlarının militanlarının başları “cənnət”lə aldadılırdı. Onlara cənnət vəd edilirdi.

Tunis, Liviya, Mərakeş, Səudiyyə Ərəbistanı və Çeçenistandan gələn 15 min silahlı “Suriyanı ələvi Əsəddən xilas edəcəkdi”. Heç kim də “Bunların Suriyada nə işi var” demirdi. Daha doğrusu, deyə bilmirdi. Deyənlər də  Suriya agenti elan edilmişdi. CİA, MOSSAD, bölgələrarası və beynəlxalq kəşfiyyat təşkilatlarına hamballıq edənlər isə “azadlıq savaşçısı” elan edilmişdi. Bağdadi bu işlər üçün mükəmməl hazırlanmışdı. O, 70 illik hekayənin əsas fiquruna çevirilmişdi. Ərəblərin ingilis və Amerika patentli sələfi olan Vəhabi idealogiyası yenidən fəaliyyətdə idi. Üstəlik, dünyada bu idealogiyadan xoşu gələnlərin sayı milyonları aşmışdı. “Kafir ələvi və şiələri” öldürmək onlar üçün cənnətə getməyin ilk şifrəsi olmuşdu. Cənnətdə isə onları yüzlərlə huri və kənizlər gözləyirdi. 2011-ci ilin may ayında Antakyada “Azad Suriya Ordusu” yaradıldı. Tərkibi Liviya və Tunisdən gətirilmiş 200-ə yaxın mücahiddən ibarət olan bu dəstə iyun ayında Cisr Əlşuğur qəsəbəsinə hücum etdi və 120 məmuru faciəvi şəkildə öldürdü. Ölənlərin görüntüləri hər kəs tərəfindən paylaşılaraq Suriya xalqı üzərində qorxu və terror küləyi əsdirildi. Əl-Cəzirə, Əl-Ərəbiyə, BBC, CNN və bunabənzər yüzlərlə kanal sanki televiziya kimi deyil, CİA - MOSSAD-ın əməliyyat mərkəzi kimi fəaliyyət göstərirdi.

Əsəd üç ay içərisində getməli idi

Onlara görə Əsəd ən gec üç ay içərisində devriləcəkdi. Bunun üçün davamlı olaraq iclaslar keçirilirdi. Baş koordinator isə ABŞ-ın keçmiş Dəməşq səfiri Robert Ford idi. Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Tunis, İngiltərə, Fransa, Almaniyanın kəşfiyyat təşkilatları onun əmrində idi. Əsəd mübarizə apardıqca işlər korlanırdı. Bu arada ürəyi sıxılan bir dəstə yaradıb “islam uğrunda cihad” elan edirdi. Bu cür dəstələrin sayı hardasa 1600-ü keçmişdi. Ford və əməkdaşları üçün bu həm yaxşı, həm də pis hal idi. Əsədə nə qədər zərər verilərsə, bir o qədər yaxşı idi, amma bu dəstələrin sayı artıqca vəziyyəti idarə etmək çətinləşirdi.

“Suriya Dostları Qrupu”

Bir tərəfdən də Rusiya ilə Çin işləri korlayırdı. Onlar birlikdə başladıqları işi böyütmək məqsədilə “Suriya Dostları Qrupu”nu yaratdılar. 100 ölkənin yer aldığı bu qrup hər tərəfdən Suriya üzərinə hücuma keçdi. O cümlədən də  BMT, İslam Konfransı, Ərəb Birliyi, AB, NATO və ağla gələn  bütün təşkilatlar. Təkcə BMT Mühafizə Şurası var idi ki, orda da Rusiya və Çin oyunu pozurdu. İmperiya müharibəsi heç cür bu əngəli aşa bilmədi. Əgər aşmış olsaydı, bu gün Suriya deyə bir ölkə olmayacaq və bütün coğrafiya orta əsrlərin zülmət qaranlığında boğulacaqdı.

Ancaq Əsəd əngəlini aşmaq üçün hər yola baş vurmaqda qərarlı idilər. Suriyanı yox etməyə çalışan hər kəsə dəstək olmağa başladılar. Onlardan istədikləri bircə şey var idi: Əsəd, ələvi və şiələri, həmçinin onlarla birlikdə mübarizə aparan hər kəsi öldürmək və Suriyanı yox etmək. Məzhəbçi təxribat heç vaxt bu qədər dərinləşdirilib yayqınlaşdırılmamışdı. Bu yolda Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin pulları iş başında idi. Fərqi yox idi. Əsas olan ələvi və şiə düşməni olmaq və onlara qarşı döyüşmək idi. Heç kim də onlara, yəni “Allah üçün döyüşənlərə”: “Yaxşı 70 ildir dayanmadan müsəlman öldürürsünüz, amma din düşmənlərinizə heç toxunmursunuz” demirdi. İsrail də bu jestləri qarşılıqsız qoymurdu. Terrorçulara hər sahədə sərhədsiz dəstək verir, yaralıları xəstəxanalarda yerləşdirirdi.

Ərəblərin qaranlıq idealogiyası - “Əl-Qaidə”

Adamlar partlamağa hazır mina kimi ortalıqda gəzirdilər. Öldürməyə proqramlaşdırıldıqları üçün əmr gözləyirdilər. Əmr vermək işin asan tərəfi idi. Əmrlə birlikdə milyonlarla dollar, həmçinin hər növ silah və dəstək də əhəmiyyətli idi. Daha çox ələvi və şiə öldürdükləri üçün əlavə mükafat belə alırdılar. Bu dəstələrin əsgər, komandir və siyasi liderlərini beynəlxalq və bölgələrarası kəşfiyyat təşkilatları paylaşmışdı. Hamısı da yalançı, saxtakar, oğru və ruhunu şeytana satmış xainlər idi. Xainin kimə və nə məqsədlə xidmət etdiyi əhəmiyyətli deyildi. Əsas olan əmrləri yerinə yetirmək idi. Onlar da öz vəzifələrini “layiqincə” yerinə yetirirdilər. Amma ortada yenə də bir “əmma” vardı. Bu təşkilatlar öz aralarında qənimət davası edirdilər. Hər gün onlarla yük maşını Suriyada döyüşən terror təşkilatlarına silah və ərzaq daşıyırdı. Terrorçu yaralıları daşımaq üçün Suriyaya girən təcili yardım maşınlarından belə bu missiya üçün istifadə olunurdu. Dünyanın dörd bir tərəfindən gələn minlərlə fanatik əl-qolunu sallayaraq Suriya torpaqlarına keçirdi. Möhtəşəm şəkildə təşkilatlanan bu adamlar 2012- ci ilin əvvəllərində yaradılan “Nüsrət Cəbhəsi” və digər qruplara qatılırdılar. “Nüsrət Cəbhəsi” quran Kolani Bin Ladenin ölümündən sonra “Əl-Qaidə” lideri olan misirli Əymən Zəvahiriyə bağlı olduğunu söyləyirdi. Zəvahiri isə Bağdadiyə “Sən də İraqdakı işləri idarə et” deyirdi. Əl-ələ verib Suriyadakı insanları öldürürdülər. İntihar hücumları, baş kəsmələr, diri-diri basdırılmalar, ürək çıxarmalar və daha nələr nələr... Ən dəhşətlisi isə bütün bu görüntülərin dünyaya nümayiş etdirilməsi idi. Bu görüntüləri görən hər kəs Suriyaya axın etməyə başladı. Onların arasında cinsi pozğunlar da vardı. Onlar Tunis və mərakeşli qızları imam nikahı ilə yataqdan yatağa dolaşdırırdılar.

2013- cü ilin oktyabr ayında ilk savaş başladı. Bağdadinin adamları Kolani və müttəfiqlərinin Reyhanlının önündə yerləşən silah anbarlarına hücum etdilər. “Əl-Qaidə”nin iki adamı artıq düşmən olmuşdu. İraq Şam İslam Dövlətini elan edən Bağdadi “Kolaniyə biət et” dedi. Ərəblərə görə, Dəməşq yalnız Suriyanın paytaxtı kimi tanınmır. Eyni zamanda Suriya, Livan, İordaniya və Fələstin deməkdir. Yəni Bağdadi özünü bunların əmiri elan etmiş və 2014- cü ilin may ayında “Əl-Qaidə” lideri  Zəvahiriyə “əmrimə tabe ol” demişdi. Savaş get-gedə qızışır və xaricdən gələn radikal cihadçıların böyük hissəsi Bağdadini seçirdilər. Bu savaşda on min insan bir-birini boğazladı. Üstəlik, hər iki tərəf sünni və onlara dəstək verən ölkə, kəşfiyyat təşkilatı din adamı idilər. Bağdadi get-gedə məşhurlaşırdı. Çünki həm suriyalı Ələvilərə, həm də iraqlı şiələrə qarşı döyüşürdü. Adamları isə daha qəddar idi. Bağdadinin adamları Suriyanın bir çox yerlərində “Nüsrət Cəbhəsi” və mütəffiqlərini təmizləyib hər şeyə əl qoyurdu. Ölüm fətvaları havada uçurdu. Hər iki tərəf “Ən həqiqi müsəlman mənəm” deyir, bunu ayə və hədislərlə sübut etməyə çalışırdılar. Əslində isə, hər iki tərəfin həqiqi dinlə heç bir əlaqəsi yox idi. Hər iki tərəfə inanaraq Suriya və İraqa gələn on minlərlə dindarın vəziyyəti daha maraqlı idi. Ərəb dilini bilməyən bu tiplərin əksəriyyəti özlərini ərəbcə davam edən bir savaşın içinə atdılar və sorğu-sualsız öldürməyə başladılar.

Hamı İŞİD üçün işləyirdi. O da fürsətdən istifadə edib hücuma keçdi. İyunun 9-da İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirdi. Həm də döyüşsüz və itkisiz. Çünki Səddamın keçmiş general və əsgərləri ilə iş görən İŞİD bölgədəki sünni tayfalarını da öz yanına çəkə bilmişdi. Səudiyyə Ərəbistanı, Qətər, İordaniya ona bu yolda kömək etmişdi. ABŞ və qərbli mütəffiqlər müsəlmanları bir-birinə qırdıracaq və bölgəni daha da əyləncəli hala salacaq bu qəribə yenilikdən az da olsa xoşhal olmuşdu. Çünki onların hər zaman qaranlıqdan xoşu gəlir.

Günel Musa





Həftənin ən çox oxunanları