Yuxarı

Uşaqlar dörd əcnəbi dil mənimsəyə bilər

Uşaqlar dörd əcnəbi dil mənimsəyə bilər

dil bilmekXarici dil öyrənmək... Həyatımızda ən çox gündəmdə olan əsas məsələlərdən biri də məhz budur - Azərbaycanda valideynlərin əksəriyyəti orta məktəbin ilk sinfindən əcnəbi dilin tədrisini istəmirlər. Valideynlər və bəzi təhsil ekspertləri bunu uşaqlara yük hesab edirlər. İşə qəbul elanlarında həmişə qeyd olunan, iş görüşlərində özəlliklə “xarici dil bilirsinizmi?” sualını verən işəgötürənlər üçün işçinin əcnəbi dil bilməsi həmişə vacib olub. Elə işə qəbul zamanı xarici dil bilməyimiz də bizim üstünlüyümüz olur. Necə deyərlər, neçə əcnəbi dil bilirsənsə, iş həyatında o qədər çox "yaşıl işıq"la qarşılaşırsan. Maraqlıdır, əcnəbi dili neçə yaşdan öyrənmək lazımdır ki, ən az ana dilimiz qədər təmiz bilək?

Öyrənməyin yaşı varmı?

Valideyn, eyni zamanda pedaqoq Aliyə Məmmədova deyir ki, övladı rus bölməsində təhsil alır: “4 yaşından etibarən rus dilini öyrətməyə başladıq, sonra bağçaya rus bölməsinə qoyduq, müəllimləri məşğul oldu, məktəbə gedəndə artıq rus dilində yaxşı danışır və başa düşürdü. Məktəbdə rus sektorunda oxuyan uşaqlar həm ingilis, həm də Azərbaycan dili fənlərini öyrənir. Dilimizi yaxşı öyrətmişik, 5 yaşınadək ona görə dil öyrətmədik ki, əvvəlcə öz dilimizi bilsin, qarışdırmasın. Pedaqoq olmağım bəlkə də övladımın  üstünlüyü oldu, xarici dili kor-koranə öyrənmədi. Amma indi məktəbdə rus və Azərbaycan dillərindən başqa ingilis dilinin 1-ci sinifdən tədrisini doğru hesab etmirəm, çünki onlar tez yorulur, üstəlik indi dərs proqramları da ağırdır”. Pedaqoq deyir ki, ingilis dilinin tədrisini ən azı 3, ya da 4-cü siniflərdə tədris etmək lazımdır. Amma beynəlxalq dil öyrətmə proqramlarını hazırlayan, tədris edən ekspertlər isə hesab edir ki, uşaqlar iki yaşından etibarən əcnəbi dili öyrənməyə başlamalıdır. Amma bu yaşda tədris edilən əcnəbi dil uşaqlarda tez nəticə vermir. Unutmaq lazım deyil ki, uşaqlar eyni zamanda öz dillərini də öyrənməlidir. Beynəlxalq ekspertlər hesab edir ki, əcnəbi dillər paralel öyrədilən doğma dil əcnəbi dilin tez qavranmasına da kömək edir, çünki uşaq ana dilində “alma” sözünü öyrəndiyi gün onun ingilis dilində “apple” olduğunu da mənimsədiyi üçün yadında daha tez saxlayır.

 “Əcnəbi dilin ilk sinifdən tədrisi...”

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, Azərbaycan təhsil sistemində əcnəbi dilin tədrisi düzgün qurulmayıb. Xarici ölkələrin təhsil sistemində əcnəbi dilin təhsilin ilk illərində tədris edilmədiyini deyən ekspert bunu doğru hesab edir: “Fənlərin çoxluğunu nəzərə alıb xarici dili üçüncü sinifdən sonra tədris edirlər. Yalnız ana dili və riyaziyyat kimi fənlərin tədrisi möhkəmləndirilir. I-II siniflərdə xarici dilin tədrisi şagirdlərdə ana dilinə hörmətsizlik yaradır. İstər məktəb təhsilinin sonrakı pillələrində, istərsə də ali təhsildə insanların xarici dil öyrənməsi üçün yetərincə imkanları var”.

Ekspert deyir ki, xarici dil üzrə təmayüllü siniflərdə təhsil alanlar üçün birinci sinifdən xarici dilin keçilməsi mümkündür. Amma bütün məktəblərdə birinci sinifdə xarici dil tədrisi doğru deyil.

Qeyd edək ki, Kaliforniya Universitetinin apardığı tədqiqatlar göstərir ki, ikinci dil öyrənilməsində olan fərq bioloji amildən daha çox, psixoloji və sosial faktorlarla bağlıdır. Uşaqlar daha çox öz çevrələrində, məsələn rus və ya ingilisdilli dostları ilə rahat söhbət etmək üçün, sevdikləri əcnəbidilli cizgi filmini başa düşmək üçün dil öyrənməyə həvəsli olurlar, bu da onlarda dil öyrənmək bacarığını artırır. Amma amerikalı mütəxəssislərin apardığı eksperimentlər isə göstərir ki, əcnəbi dillərin öyrənilməsində yetişkin insanlar uşaqlardan daha yaxşı nəticə göstərir.

Beyinin ana dili guşəsi var

Məlumat üçün qeyd edək ki, 8-9 yaşına qədər öyrənilən bütün dillər beyinin ana dili bölgəsinə yazılır. İngilis alimlərinin apardığı araşdırmalar sübut edib ki, uşaqlar ana dilini hələ ana bətnində ikən öyrənməyə başlayır. Hətta ana bətnində olanda uşaqlar ana dilini əcnəbi dillərdən ayıra bilir. İnsan beyni çox qəribə bir üsulla ana dilini beyinin ana dili adlandırılan xüsusi bölgəsinə yazır. Ona görə də 8-9 yaşınadək öyrənilən əcnəbi dillər də beyninin məhz bu bölgəsinə yazılır. Ana dili bölgəsinə dil yazıldıqdan sonra öyrənilən bütün dillər beyinin başqa bölgəsinə yazılır. Elə buna görə də gənclik və orta yaş dövründə dil öyrənmək çətinləşir.

Uşaqların 2 yaşınadək bir neçə söz bildiyini, amma eşitdikləri hər şeyi beyninə yazdığını deyən alimlər hesab edir ki, valideynlər uşaqlarının dil öyrənmək istəyini dəstəkləsələr və kiçik yaşda dil öyrənmələri üçün imkan yaratsalar uşaqlar daha yaxşı nəticə əldə edərlər. 2 yaşlı uşağın eyni zamanda 4 dil öyrənə bilməsini mümkün hesab edən alimlər bunu araşdırmalarla sübut ediblər. Üstəlik, uşaq hər dilin qrammatik qaydalarını da kifayət qədər yaxşı öyrənir. İndiyə qədər uşaqların məktəb yaşınadək əcnəbi dil öyrənməsini çətin hesab edən fərqli araşdırmaların nəticələrini əsassız hesab edən yeni təcrübəyə görə, əgər fiziki və psixoloji problemləri yoxdursa, uşaq 2 yaşından etibarən 4 dili eyni zamanda öyrənməyə başlaya bilər. Çünki ana dilində öyrəndiyi bir əşyanın başqa dildə adını da eyni zamanda öyrənir və beləliklə yaddaşına dərhal yazılır.

Dil öyrənməyi əyləncəli edəndə...

Pedaqoq Qənirə Məlikova deyir ki, uşaqlarda dil tədrisinə başlamanın dəqiq bir qaydası yoxdur. Valideyn bu tədrisi uşağa uyğun formalara sala bilər: “Sizin övladınız meyvələri çox sevirsə bir meyvənin müxtəlif  dillərdəki adını öyrədə bilərsiniz. Zooparka gedəndə heyvanların adlarını hər dildə deyə bilərsiniz. Yaxud da oyuncaqlarla dil öyrədə bilərsiniz. Öyrətdiyiniz zamanlarda biləcəksiniz ki, o daha çox hansı üsulla qavrayır”.

Pedaqoq 2 yaşda dil öyrətməyə qarşıdır: “2 yaşlı uşaq üçün ana dilində bir neçə kəlmə danışmaq da böyük işdir, o ərəfədə kənar dilləri də öyrətmək həmişə effektli olmaya bilər, uşaq beyni yükə dözməz. Biz pedaqoqlar çox zaman 4-5 yaşından öyrətməyin tərəfdarıyıq, həm də birdəfəyə 3-4 dil yox, növbə ilə.  Mənim övladım 2-ci sinifdə oxuyur, 4 yaşından rus dilini öyrətdim, Azərbycan dilində yaxşı bilir və təhsili bu dildə alır, məktəbdə əlavə olaraq ingilis dili də tədris edilir, olduqca həvəslidir, hər gün yeni söz öyrənir, evə gələn kimi özü həmin sözü dəfələrlə təkrarlayır, öz dilimizdə, rus dilində tərcüməsini soruşur”.

Əməl etsək, yaxşı nəticə qazanarıq

Uşaqlar dili əvvəlcə eşidərək, sonra təkrarlayaraq, daha sonra danışaraq öyrənirlər.

Uşaqlara dil öyrətmək dərs öyrətmək demək deyil. Əgər çox kiçik uşaqlardan danşırıqsa, vəziyyətin daha həssas olduğunu anlayırıq. Əgər ailədə xarici dil bilən yoxdursa və uşağa əcnəbi dil öyrətmək istəyirsinizsə, bəzi qaydalara diqqət edin. Uşaq yaşda dil öyrənmək asandır, amma icazə verin uşaq əvvəlcə öz dilinin qrammatik qaydalarını öyrənə bilsin. Uşağa dil öyrədərkən bir şeyi nəzərə almaq lazımdır - biz özümüz də birdən-birə danışmamışıq, əvvəlcə hecalarla, sonra sözlərlə, lap axırda cümlələr quraraq dil öyrənmişik. Buna görə də uşaqlara dil öyrədəndə israr etmək, tələb etmək, məcbur etmək kimi təlqinlər etməyin. Onu pedaqoqun dediyi kimi müxtəlif oyunlarla əyləncəli formada dil öyrənməyə həvəsləndirin.

Lalə Mehralı





Həftənin ən çox oxunanları