Yuxarı

Faciəyə aparan laqeydlik

Faciəyə aparan laqeydlik

usaq intihariUşaq intiharlarının səbəbləri sosial, yoxsa psixoloji problemlərlə daha çox bağlıdır?

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada hər il 800 min insan həyatına qəsd edir.  Başqa sözlə, hər 40 saniyədə bir nəfər özünü öldürür. Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11,4 nəfəri intihar edir. Maraqlıdır ki, intiharların səviyyəsinə görə, inkişaf etmiş ölkələr ilk onluqdadır. Ən pisi də odur ki, intiharlarda uşaqların payı getdikcə artır və bu rəqəm 20%-ə yaxınlaşır. Son dövrlərdə azyaşlıların intiharı postsovet məkanında, o cümlədən Azərbaycanda geniş vüsət alıb. Bu, bizim üçün alışılmış tendensiya deyil, yaxın tariximizdə belə halların demək olar ki, baş vermədiyini nəzərə alsaq, narahatlıq aydındır. Uşaq intiharlarının səviyyəsi ilə bağlı dəqiq statistika əldə etmək çətindir. Çünki intihardan baş verən ölüm halları çox vaxt başqa səbəblərlə qeydə alınır.

Rəsmi statistikaya görə, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51,  2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə 71, 2014-cü ildə 50 uşaq intihar edib. Ümumilikdə, uşaqlar intihar edənlərin 15 faizini təşkil edir. Bəs uşaqların özünə qəsd hallarının artmasının səbəbləri nədədir? Bu suala cavab axtarmağa çalışacağıq.

İntiharların səbəbi: Sosial, yoxsa psixoloji problemlər?

Mütəxəssislərin bu məsələdə mövqeyi tam yekdil deyil.  Ekspertlər azyaşlıların intiharının da böyüklərin intiharı kimi 2 əsas səbəbdən- sosial və psixoloji səbəblərdən baş verdiyini düşünürlər. Lakin bunların hansının əsas səbəb olduğu haqda ümumi fikirə malik deyillər. Psixoloqlar qeyd edir ki, bunun kökündə psixoloji problemlər, ailədə və uşağın yaxın ətrafında cərəyan edən hadisələr durur. Sosioloqlar isə burda sosial problemlərin rolunu qabardır. Biz bu variantların hansının üstünlük təşkil etməsini araşdırmağa çalışaq. Əvvəlcə, problemin sosial tərəfindən baxaq.  Beynəlxalq statistika göstərir ki, intiharlar, o cümlədən uşaq intiharlarının yüksək səviyyəsi daha çox inkişaf etmiş ölkələr sayılan Norveç, Yaponiya, İsveç, ABŞ, Almaniya kimi ölkələrdə qeydə alınır. Əksinə, ən az intiharlar yoxsulluq içində yaşayan ölkələrdə-  bir çox Afrika və Asiya ölkələrində müşahidə olunur. Ümumiyyətlə, dünyada təxmini hesablamalara görə, uşaq intiharları daha çox imkanlı ailələrin uşaqları arasında olur.

Burada qeyd etmək yerinə düşər ki, Böyük Vətən Müharibəsi illərində intiharlar ən aşağı səviyyədə qeydə  alınmışdı, halbuki çox ağır sosial vəziyyət yaranmışdı. Nəticə etibarilə, problemi “kasıbçılıq” qədər bəsitləşdirmək gördüyünüz kimi doğru deyil. İndi problemin digər tərəfinə- mənəvi-psixoloji aspekltərinə nəzər salaq.

“İntiharların artmasında tv və internetin böyük rolu var”

İntihar etmiş uşaqların bir çoxu əvvəldən yazıb qoyduğu məktubları analiz edəndə ortaya maraqlı məqamlar çıxır. Məlum olur ki, onlar heç də ağır maddi problemlərdən, istədikləri yeməkləri, paltarları əldə edə bilməmələrindən, hansısa maraqlı oyuncaqlarının olmamasından yox, sırf laqeydlik, soyuqluq, təhqir olunma, zorlama, qaçırılma, döyülmə kimi sırf mənəvi-psixoloji təzyiqlərdən bu yolu seçirlər.

Sosioloqların fikrincə, burada əsas səbəblərdən biri də, uşaqların ətrafdan aldıqları zərərli informasiyalardır. Məlum olduğu kimi, indi hər evdə sputnik antenalı televizor, DVD-pleyer, internet və ya videomaqnitafon var. Aqressiv planlı, qorxu yaradan teleistehsallar yayımlanan kanalların sayı-hesabı yoxdur, internetdə azad şəkildə milyonlarla belə filmlər tapmaq olur, plagiat disklər və kasetlər hər yerdə qəpik-quruşa satılır.  Nəzarətsiz buraxılan uşaq istədiyi vaxt istədiyi şeyə baxa bilir. Baxdığı proqramlar və oynadığı kompüter oyunları onun alt şüuruna həkk olunur və psixologiyasını formalaşdırır. Müasir bədii və cizgi filmlərinin əksəriyyəti yalnız və yalnız həyata, insanlara nifrət aşılayır. Bəzi filmlərin sonunda da qəhrəman intihar edərək canını hər şeydən “qurtarır” və “əbədi rahatlıq tapır”. Bütün bunlara baxan yeniyetmə və uşaq da bunu təkrarlamağa meylli olur.

“Günahkar valideynlər və cəmiyyətin özüdür”

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, hər hansı bir cəmiyyətdə uşaqların özünü öldürməsi o cəmiyyətin artıq mənəvi baxımdan tənəzzülə uğramasının göstəricisidir: “İndiyə qədər maddi sahələrə o qədər diqqət ayırmışıq ki, mənəvi məsələlərə o qədər də əhəmiyyət verməmişik. Sovet dövründə əksinə idi deyə, belə hallar demək olar ki, yox idi. Son dövrlərdə cəmiyyətdə, hətta ailə daxilində zorakılıq və qətllərın sayı artır. Üstəlik, televiziya, kompyuter oyunları da vəziyyəti daha da pisləşdirir. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi problemləri olacaq.

Sosioloqun fikrincə,  ailə fərdi şəxsiyyət kimi cəmiyyətə hazırlayan xüsusi məktəbdir: “Normal bir ailədə, normal şəkildə, qaydalara, tələblərə uyğun böyüdülən uşaq cəmiyyətə də yararlı olacaq, xeyirli vətəndaş olacaq. Gərgin münasibətlər olan ailədə böyüyən uşaq isə  intiharlar barədə daha çox düşünür. Hələ nəzərə alsaq ki, ailə institutumuz dağılmağa doğru gedir, onda bu statistikanın getdikcə artacağını düşünmək olar”.

 “İntihar olanda “psixoloji problemdir” deyib işi bağlayırlar”

Uşaq psixoloqu Ülkər Sadıqova isə deyir ki, Azərbaycanda azyaşlıların bir vətəndaş olaraq qəbul edilməməsi normal hal deyil: “Uşağın istəkləri, arzuları valideyn tərəfindən çox vaxt arxa plana atılır. Adi bir misal- tutaq ki, ana uşaq üçün paltar alır, amma onun fikrini dinləmir.  Yaxud, bizdə ictimai nəqliyyat vasitələrində uşaqların ayrıca yer tutmasına imkan verilmir, o saat hər yerdən irad tuturlar ki, bəs “uşaqdır, alın qucağınıza, o niyə ayrıca oturacaq "zanit" eləməlidir?” Bütün bunlar uşaqların psixologiyasında dərin iz buraxır. BMT tərəfindən Uşaq Konvensiyası qəbul olunub. Konvensiyanın mahiyyətində uşaqların da bir vətəndaş kimi qəbul olunmaları durur”.

Ülkər Sadıqovanın sözlərinə görə, sivil ölkələrdə mövcud olan qaydaya görə, intihar faktları toplanır, kateqoriyaya görə tədqiq edilir: “Amma Azərbaycanda intihar baş verən günü “psixoloji problemdir” deyib işi bağlayırlar. Sanki, bu ölkədə yaşayan uşaqların hamısı psixi problemi olan uşaqlardır”.

“Stress və depressiya intihara səbəb olur”

Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılovun sözlərinə görə, bəzi xəstəliklər, məsələn, təşviş pozuntuları və ya depressiyalar çox geniş yayılır və ildən-ilə artır: “Müasir həyatda stresslər getdikcə artır. Evdən çıxdığımız andan ta axşam geri qayıdana kimi hər addımbaşı streslə üzləşirik. Bu uşaqlara da aiddir. Bütün bunlar depressiyaya, o da bəzi hallarda intihara gətirib çıxarır”. Mütəxəssisin sözlərinə görə, Beynəlxalq Psixi Pozuntuların təsnifatında göstərilir ki, 2 həftə ərzində əgər depressiyanın 3 əsas simptomundan heç olmasa 2-si və əlavə simptomlardan 2-si müşahidə olunursa, bu, klinik depressiyadır: “Əsas simptomlara ruh düşgünlüyü, marağın və zövqün itirilməsi və ya enerjinin tükənməsi, əlavə simptomlara isə yuxusuzluq və ya yuxululuq, iştahasızlıq və ya iştahanın artması, özünə qarşı qiymətləndirmənin aşağı düşməsi, intiharla bağlı fikirlər, ümidsizlik, köməksizlik hissi, diqqətin azalması və s. daxildir. Klinik depressiyanın yüngül, orta və ağır dərəcəsi olur. Ən pis nəticəsi isə intihardır. Təəssüf olsun ki, depressiv xəstələrin 10-15 faizi intihar edir”.

“Uşaqları özünü öldürmə həddinə çatdırırlar”

Hüquqşünas Leyla Məhərrəmovanın fikrinə görə, intihar edən azyaşlını özünü öldürmə həddinə çatdırma faktları da az deyil: “Özünü öldürmə dərəcəsinə çatdırma Cinayət Məcəlləsində ayrıca bir maddə kimi nəzərdə tutulub, ancaq bu maddə hər bir intihar faktına tətbiq oluna bilməz. Özünü öldürmə dərəcəsinə çatdırma konkret o hallarda tətbiq olunur ki, cinayəti törədən şəxs zərərçəkənin qanunla qorunan hüquq və mənafeyinə birbaşa qəsdlə zərbə vurur. Bir sıra intihar hallarında bu pozuntuya rast gəlinir. Sadəcə, həmişə intihar hadisələrində hadisənin əsl səbəbini müəyyənləşdirmək olmur, çünki intihar hadisələrində özünəqapanmanın təsirindən hadisənin əsl səbəbini tapmaq çox çətin olur”.

Müsahibimiz bildirir ki, bəzi hallarda intihar edənlər bunu qeyri-ixtiyari edirlər, yəni ölmək istəmirlər, amma buna məcbur edilirlər: “Hüquqda bu proses, “özünü öldürmə həddinə çatdırmaq” kimi tərif olunur. Uşağa valideynləri və yaxud da başqa biri fiziki və ya mənəvi təzyiq edə bilər. Əslində, fiziki zorakılıqdan daha təhlükəli olan mənəvi zorakılıqdır ki, çox vaxt buna əhəmiyyət verilmir”.

Psixoloq və sosioloqların ümumi fikri əsasında problemin səbəbləri, təyin edilməsi və qarşısını alma yollarının qısa konsepsiyasını hazırladıq.

Mütəxəssislərin fikrincə, uşaqların intihara əl atmasında aşağıdakı səbəblər əsas rol oynayr:

* Heç kimə lazım olmamaq duyğusu;

* Valideynlərdən soyuq münasibət;

* Ailəsinin ümidlərini boşa çıxarması;

* Valideynlərinin boşanması;

* Sərt cəzalandırması və alçaldılması;

* Qəfil uğursuzluq (məs. imtahandan kəsilmək);

Bəs intihara meyl edən uşağı necə təyin etmək olar? Əgər aşağıdakıları edərsə;

* Ölum və intihar haqqında söhbətlər, belə halları mənfi qəbul etməməsi;

* Tənhalığa can atma istəyi,

* “Mən hec kimə lazım deyiləm” kimi fikirlər;

* Musiqidə, bədii ədəbiyyatda ölüm haqqında sözlərə daha cox maraq göstərməsi;

* Gizli, üstüörtülü vidalaşma cəhdləri (ona əziz olan əşyaların dostlara hədiyyə olunması, işlərinin tələsik yekunlaşdırılması və s.)

Valideynlərə “qızıl məsləhətlər”

* Uşağınıza artıq böyümüş şəxsiyyət kimi münasibət göstərin;

* Ona daha cox inandığınızı büruzə verin;

* Onun fərdi dünya görüşünə, xüsusiyyətlərinə hörmətlə yanaşın;

* Danışanda intihar haqqında işarələrinə ciddi yanaşın;

* “Özümü öldürəcəm”, “hər şeydən bezmişəm” kimi hədələrinə “özün bilərsən”, “buyur, yolun açıqdı” kimi cavablar verməyin;

* Onunla yaxın dost kimi söhbət edin, səmimi danışın;

* Onunla mümkün qədər çox vaxt keçirin, dərsləri, əyləncəsi, istəkləri ilə maraqlanın, ona sevginizi göstərin.

Gələcəyimizin məsuliyyətini kim daşımalıdır?

Valideynlər bu məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Bu problemin qarşısının alınması üçün nə dövlət, nə də vətəndaş cəmiyyəti tərəfindən ciddi işlərin həyata keçirildiyini söyləmək olmaz. Bu haqda monitorinqlərə, tədqiqatlara və maarifləndirici tədbirlərə demək olar ki, rast gəlinmir. Hüquq-mühafizə orqanlarından və digər aidiyyəti təşkilatlardan tendensiyanın səbəbləri, miqyası və nəticələri haqda bağlı qaneedici məlumatlar almaq praktiki olaraq mümkün deyil. Bu sahəyə birbaşa məsul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə bəzi işlər həyata keçirsə də, ciddi nəticə əldə olunmayıb. Kimsə bu işi görməlidir, əks halda gələcəyimiz ağır təhlükə altında qalacaq. Milli təhlükəsizlik hər şeydən vacibdir.

Elçin Bayramlı





Həftənin ən çox oxunanları