Yuxarı

Soyuq mənzil, buzlu yol, üfiqdə görünməyən avtobus...

Soyuq mənzil, buzlu yol, üfiqdə görünməyən avtobus...

soyuq havaBu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin soyuyacağına dair proqnozlar var. Üstəlik, bu proqnozlar təkcə yaxın zamanı əhatə etmir, qışın, ümumiyyətlə, sərt keçəcəyinə dair məlumatlar dünya mediasında ən çox müzakirə edilən mövzulardandır.

Okeanın o tayından gələn “soyuq hava”

Mütəxəssislərin bildirdiyinə görə, okean sularının isinməsi nəticəsində yaranan və dünyada qarın yağması, qasırğa, sellə müşayiət olunan “El Nino” təbiət hadisəsi bu il daha çox müşahidə olunacaq. Bu səbəbdən dünyanın şimal yarımkürəsində daha çox qar yağacağı, yağıntının rekord həddə çatacağı bildirilir. Xüsusilə, yanvar və fevral aylarında dondurucu soyuqların olacağına dair təxminlər var.  ABŞ-ın Beynəlxalq Okean və Atmosfer Agentliyi bu barədə xəbərdarlıqla çıxış edərək bildirib ki, 1997-98-ci illərdə baş verən “Super El Nino” təbiət hadisəsinin bənzəri bu qış da yaşanacaq. Qütblərdəki buzlaqların əriməsi ilə dünyanın əksər bölgələrində sel və digər təbii fəlakətlər qeydə alınacaq. İngiltərə Meteoroloji Stansiyası da bu il son 10 ilin ən soyuq qışının yaşanacağını bildirib. ABŞ, Cənubi Avropa və Ağdəniz sahili ölkələrində qış olduqca fırtınalı keçəcək. “Super El Nino” son 30 ildə 1982 və 1997-ci ildə qeydə alınıb.

Nazirlik proqnoz verməyə tələsmir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti isə hələlik qışla bağlı proqnoz verməyin doğru olmadığını deyir. Departamentin məlumatına görə, qışın necə keçəcəyi ilə bağlı prqnozlar bu ayın sonunda hazırlanacaq. Buna səbəb isə hər il keçirilən ənənəvi Cənub-Şərqi Avropa və Qafqaz ölkələri üzrə Forumun nəticələrini gözləməkdir. Sözügedən Forum qışla bağlı proqnozların əsas müzakirə edildiyi tədbirdir və dünya üzrə ən tanınmış mütəxəssislərin fikirlərinə geniş yer verilir. Forumun sonucu olaraq ölkələr üzrə qışla bağlı proqnozlar hazırlanır. Azərbaycan mütəxəssisləri də bu forumda iştirak edir və ordan çıxarılan nəticələr əsasında qışla bağlı daha dəqiq proqnozlar vermək mümkün olur.

“Əhalini qorxutmayın”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalovun fikrincə isə,  Azərbaycan üçün “çox sərt qış” ifadəsi  doğru deyil, “soyuq qış” ifadəsi işlətmək daha münasibdir: “Sərt qışdan yox, soyuq qışdan danışmaq olar. Keçən il oktyabr ayında yağıntı az idi, amma hava çox soyuq idi. Bu il isə oktyabrın 5-dən havanın temperaturu düşüb. Yağıntlar artıb, bəzi yerlərdə artıq ilk qar da yağıb”. Ekoloq belə hesab edir ki, Azərbaycanda qışın həddindən artıq sərt keçəyi xəbərləri ilə əhalini qorxutmaq lazım deyil. Azərbaycanda yayın quraqlı, qışın isə mülayim keçməyinin səbəblərindən biri olan cənub küləkləri əsir. Ona görə də burada mülayim hava şəraiti hakimdir. Azərbaycanda 15-20 dərəcədən çox soyuq olmur. Bu il də bəzi günlərdə 15-17 dərəcə şaxta olacaq. Amma bu, uzun sürməyəcək. Şaxtalı havaları əsasən yanvar və fevral ayının əvvəlində gözləmək olar”.

Doğrudur, bütün proqnozların 100 faiz doğru olacağını söyləmək olmaz. Ancaq sinoptiklərin proqnozları cəmiyyətdə doğruluq payı ən çox olan proqnozlar kimi dəyərləndirildiyindən narahatlığı başa düşmək çətin deyil. Son 10 ilin ən sərt qışı ilə bağlı proqnozlarla paralel olaraq Bakının, ümumilkdə ölkənin qışa hazırlığının hansı səviyyədə olduğu barədə də narahatlıq yaranır. Çünki ortada ötən illərin acı təcrübəsi var və Bakının ilk qardaca təslim olmayacağı ümiddən o tərəfə keçmir. Hər qış ərəfəsində əlaqədar dövlət qurumlarının “qışa hazırıq” pafoslu bəyanatları elə ilk qarın altında əriyir. Məlum olur ki, şəhər təsərrüfatı nəinki qışa, heç yaz yağışına da hazır deyilmiş. Bir neçə gün davam edən yağışların paytaxtın müxtəlif ərazilərini bir andaca Venetsyaya bənzətməsi çox da uzaq olmayan gələcək üçün müəyyən fikirlər yürütməyə əsas verir. Noyabrın 15-dən verilməli olan istilik isə hələ də əksər ərazilərdə xoş arzudan başqa bir şey deyil.

Statistika və reallıq

“Azəristiliktəchizat” ASC-dən verilən məlumata görə, 2015-ci il üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə müəyyən edilmiş tədbirlərin icrası üzrə 95 obyektdə məhəllədaxili və aşağıpaylama istilik sistemlərinin bərpası, 8 obyektdə qazlaşdırma, "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı" üzrə isə 10 obyektdə məhəllədaxili və aşağıpaylama istilik sistemlərinin bərpası, 4 yeni istilik mənbəyinin yaradılması, 20 obyektdə qazlaşdırma işlərinin görülməsi başa çatdırılıb. Sözügedən obyektlər artıq istismara qəbul edilib. Hazırda Bakıda 335 qazanxana var ki, onlar da 3035 bina, 184 məktəb, 123 uşaq bağçası, 102 səhiyyə, 460 digər obyekti mərkəzi istilik sisteminə qoşulub. İstilik verilən məktəblərin sayı ötən mövsümlə müqayisədə 4 dəfə artsa da, bağçaların sayı  azalıb. Səhiyyə obektlərinin sayında isə cəmi 2 artım var. İstilik alacaq binaların sayı isə bu mövsümdə ötən ildəkindən 55 bina artıq olacaq. Ümumilikdə “Azəristiliktəchizat” respublika üzrə 3450 bina, 287 məktəb, 162 uşaq bağçası, 157 səhiyyə obyektini istiliklə təmin edir. Bunlar ancaq statistik rəqəmlərdir, reallıq isə başqadır. Və bu reallığı noyabrın 15-dən etibarən istilik almalı olan binaların sakinləri son 2 gündə hiss ediblər. Noyabrın 15-i çatanda məlum olur ki, heç də hamı istiliyə bu tezliklə ümid etməsinlər. Binalara istilik hissə-hissə, xətlər tam yoxlandıqdan sonra veriləcək. Halbuki bu prosesi daha əvvəldən başlayıb noyabrın 15-də başa çatdırmaq olardı.  “Azəristiliktəchizat” isə hələlik sakinlərə bir məsləhət verir- Çağrı mərkəzi. ASC-dən verilən məlumata görə, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədilə   "Cağrı mərkəzi" fəaliyyətə başlayıb: “Birbaşa olaraq 956 nömrəsini yığmaqla istilik təchizatı ilə bağlı bütün suallara cavab almaq olar. "Cağrı mərkəzi" bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionları da istifadə edə bilərlər”. Bunlar hələ qışın özünün yox, ancaq proqnozlarının hiss olunduğu xoş günlərdir. Bakıda qarın yağması ilə eyni zamanda qazın təzyiqinin azalması, işıqların verilməsində fasilələrin yaranması, nəqliyyatın hərəkətinin çətinləşməsi, yollara səpilməli olan qum və duzun anbarlarda ancaq görüntü üçün saxlanması kimi problemləri də əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Çalışın, Bakımızı elə belə də sevin!

Sevil





Həftənin ən çox oxunanları