Yuxarı

Bunu da içək xəstəliyin sağlığına...

Bunu da içək xəstəliyin sağlığına...

ickilerMağazalarda satılan “təbii” içkilər insanlara qeyri-təbii xəstəliklər bəxş edir

İnsan ömrünün getdikcə qısalmasının və müxtəlif xəstəliklərin sürətlə yayılmasının araşdırılmasına aid tədqiqatlar maraqlı faktlar üz çıxarıb. Yuxarıda sadalanan hallara gətirib çıxaran əsas amillər sırasında ekoloji cəhətdən təmiz olmayan, keyfiyyətsiz və ya saxta ərzaq məhsullarının xüsusi rol oynadığı təsdiqlənir. Araşdırmalar göstərir ki, əksər xəstəliklərin səbəbi də məhz elə keyfiyyətsiz ərzaq məhsulları ilə, xüsusən də içki məhsulları ilə bağlıdır. Bu yazımızda azərbaycanlıların süfrəsini bəzəyən içkilərin problemlərindən yazacağıq.

Nəzarətsiz sektorda nələr baş verir?

Ölkəmizin mağazalarında satılan içkilərin çoxunun keyfiyyətsiz və saxta olması haqda mütəmadi olaraq məlumatlar yayılır. Dəbdəbəli adları olan bəzəkli limonadlar, “təbii şirələr”, spirtli işkilər, “mineral sular” alıcıları qane etmir. Çünki bu içkilərin təbii olmadığını artıq hamı bilir. Hamı bilir ki, limonad və şirələr heç də tarla və bağlardan damla-damla toplanmır. Kimya elminin inkişafı təbii maddələri eyni effekti verən süni maddələrlə əvəz etməyə imkan verib, həm də bu maddələr təbiilərdən xeyli ucuz başa gəlir. Bu içkilər, xüsusi dad və rəng verən kimyəvi komponentlərdən ibarətdir və onların tərkibinə qatılan kimyəvi şəkər və digər konservantlar olduqca təhlükəlidir. Bu cür məhsulların qiymətlərinin aşağı olması onların bazarda rəqabət qabiliyyətini artırır və çox satılmasına gətirib çıxarır. Mineral sular sahəsində də eyni vəziyyətdir. Mineral bulaqlardan alındığı deyilən sular, adicə suya qaz vurulması ilə hazırlanır və bu haqda coxlarının məlumatı var. Ölkə mağazalarında hər gün eyni marka altında min tonlarla su satılır. Amma anlamaq çətin deyil ki, həmin şüşələrin üstünə yazılan bulaqların yerini firma işçiləri heç özləri belə tanımırlar. Həm də, ölkədə elə bir mineral bulaq yoxdur ki, gün ərzində oradan min tonlarla təmiz su alınsın.

Konkret misal üçün, “Damcılı” bulağını göstərmək olar, o bulaqdan gün ərzində 1 ton belə su yığmaq olmur. Eləcə də, “Turşsu”, “Mor-mor” və sair bu kimi bulaqlardan. Lakin bu markalar altında hər gün ölkədə on minlərlə ton su satılır.

Spirtli içkilər sektorunda vəziyyət daha pisdir

Bu sahədə saxtakarlıq və qanunsuzluq daha çox vüsət alıb. Pivə həvəskarları bu içkini içəndə “bu pivə deyil, kimyəvi paraşokdur” kimi şikayətlər səsləndirir. Eləcə də arağı sevənlər də bu arağın təbii olmadığını tez-tez qeyd edirlər. Mütəxəssilərin fikrincə, onlar haqlıdır. Çünki indi pivələrin əksəriyyəti hansısa “paraşok”dan hazırlanır.

Araqların da çoxu texniki spirtdən hazırlanır. Bu məhsulun qiymətinin ucuzluğu da bunu təsdiq edir. Mağazalarda 1-2 manata da araq tapmaq olar. Mütəxəssislərin dediyinə görə isə, təbii məhsuldan hazırlanmış arağın qiyməti 10 manatdan ucuz ola bilməz. Ölkəni başına götürmüş saxta içkilərin çoxu yerli istehsaldır. Qalanları da ölkədə bağlanır, sadəcə, etiketlərinə xarici firmaların adı yazılır. Yerli istehsalın inkişafı ilə bağlı verilən bəzi fərman və sərəncamlar, qəbul edilən qanunlar kənar mudaxilələrdən uzaq olan azad sahibkarlığa sərait yaradır və nəticədə bundan sui-istifadə edən bəzi işbazlar saxta və keyfiyyətsiz istehsal fəaliyyəti ilə məsgul olurlar. Qeyri-rəsmi məlumatlara gorə, hazırda təkcə paytaxtımızda keyfiyyətsiz məhsul istehsalı ilə məşğul olan yüzlərlə gizli obyekt var. Belə istehsal sexlərinin bir çoxu içkilərlə bağlıdır. Bir çox belə sexlərdə kustar üsulla nəinki keyfiyyətsiz, hətta təhlükəli məhsullar istehsal olunub alıcılara sırınır. İstehlakşılar isə, ağına-bozuna baxmadan, cəlbedici xarici görünüşü olan istənilən məhsulu almaqda davam edir. Belə istehsal prosesindən kifayət qədər məlumatlı olan mənbədən əldə etdiyimiz məlumatlara görə, kustar sexlərdə istehsal olunan araq və konyak məhsullarının əksəriyyəti texniki spirtdən hazırlanır. Bunun nə dərəcədə təhlükəli olduğunu istənilən kimyaçı və ya həkim tam izah edə bilər. Bu gün artıq orta qiymətli, yəni 2-3  manat civarında olan spirtli içkilərdən istifadə edən alıcılar arasında belə fikir formalaşıb ki, istənilən yeni adda məhsulu almaq lazımdır. Çünki, hər hansı yeni adda spirtli içkinin bir müddətdən sonra gizli sexlərdə saxta variantlarının istehsalı başlayır. Əvvəllər ciddi istehsalçılar məhsullarının saxta variantları bazara çıxdıqdan sonra məhsulun adını və şüşəsinin formasını dəyişməklə çıxış yolu tapırdılar. Lakin son vaxtlar onlar da məhsulun adını və şüşəsinin formasını dəyişməklə yanaşı, əvvəlki məhsulun bazarda satışının yaxşı getdiyini gördükdə, alıcıların həmin adda məhsuldan imtina edəcəkləri vaxta qədər nisbətən keyfiyyətsiz mal istehsal etməkdə maraqlı olurlar.

Həkim: “Alkaqol zəhərlənməsi daha təhlükəlidir”

Həkim-terapevt Rizvan Məmmədovun sözlərinə görə, adətən mikroböldürücü kimi qəbul edilən spirtin tərkibi zəhərlənmə yaradacaq səviyyəyə qədər korlanmış olduqda, ondan zəhərlənmə çox təhlükəli olur: “Hər il dünyada kəskin alkoqol zəhərlənmələrindən on minlərlə adam ölür. Belə ki, antifriz, odekolon və ya digər kimyəvi maddələrdən düzəldlmiş içkilər zəhərlənmələrin sayını xeyli artırır. Spirtli içkilər heç vaxt insanlara xeyir gətirməsə də, bu məhsuldan ölkəmizdə istifadə edənlərin sayı az deyil. Azərbaycanda analoji statistika haqda məlumata mən rast gəlməmişəm, əgər olsa belə, fikrimcə, həmin rəqəmlər reallığı tam əks etdirə bilməzdi”. Həkimin fikrincə, ən təhlükəli hallardan biri isə saxta alkaqollu içkilərə daha çox şadlıq evlərində rast gəlinməsidir: “Bu isə kütləvi zəhərlənmələrlə nəticələnə bilər. Şadlıq evlərinin çoxunda gizli sexlərdə hazırlanmış araqlar Rusiya arağı adı ilə baha qiymətə qonaqlara verilir. Heç bir nəzarət də yoxdur, baxmayaraq ki dəfələrlə toyda araqdan zəhərlənənlər olub”.

”Saxta içkiləri müəyyən etmək asandır”

Keyfiyyətsiz və saxta içkilər təhlükəli problemlər yaradır. Həkim-mutəxəssislərin sözlərinə görə, keyfiyyətsiz, tərkibi müvafiq standartlara cavab verməyən spirtdən hazırlanmış içki məhsullarından zəhərlənmə hallarının bas verməsi istənilən digər məhsuldan zəhərlənməylə müqayisədə daha təhlükəlidir.  Şərabçılıq üzrə SSRİ texniki elmlər namizədi Gülağa Ağazadə məsləhət görür ki, saxta spirtli içkiləri müəyyən etmək üçün şüşə butulkanın ağzında olan tıxacın bərk və ya boşluğu yoxlanmalıdır. Əgər boşluğu varsa və ya şüşəyə yapışdırılan etiketlərin arxa hissəsi zolaqlı deyilsə, içkini fırladarkən içərisində yaranan köpükcüklər xırda deyilsə, içki saxtadır.

Daxili bazardakı yerli və xarici məhsulların çeşidi ilə bağlı məsələyə gəldikdə, ekspert yerli məhsulların üstünlük təşkil etdiyini, xaricdən daha çox bizdə istehsal olunmayan likor, viski və digər bir sıra içkilərin gətirildiyini bildirib: “Lakin əminliklə söyləmək olar ki, bəzi şərab və araq məhsullarına görə yerli istehsalda keyfiyyət səviyyəsi çox aşağıdır ki, onlar  da yalnız qiymətinin ucuzluğuna görə bazarda özlərinə yer edə bilir. Bu gün zəngin şərabçılıq ənənələrinə malik Azərbaycanda bir neçə marka istisna olmaqla, əksər şərabçılıq məhsulları keyfiyyət tələblərinə cavab vermir”.

“Saxta içkilər yoluxucu xəstəliklərin səbəbi... ”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, spirtli içkilər seqmenti hazırda ən çox çirklənmis, təhlükəli mallarla zənginləsmis seqmentlərdəndir. Ekspert deyir ki, əhalinin alıcılıq qabiliyyəti yüksək olmadığından bazar daha çox satılan ucuz içkilərə meyl göstərir ki, belə içkilərin də natural olmadığını çoxları bilir. Amma təəccüblüdür ki, bunu bilməyənlər də az deyil. Belə istehlakçılar sadəlövhcəsinə hələ də şüşələrin üzərində yazılanlara inanmaqda və təbii şirələr içdiklərinə əmin olmaqda davam edirlər.

Mütəxəssis deyir ki, bu gün ən dəhşətli hallardan biri də şəhərlərin küçələrində, bazarlarda açıq satılan qazlı və rəngli içkilərdir: “Əslində, belə su və limonad satışı qadağandır. Mənşəyi bilinməyən, gigiyenik sertifikata malik olmayan və heç bir keyfiyyət standartlarına cavab verməyən belə sərinləşdirici içkilər dəhşətli yoluxucu xəstəliklərin yayılmasına tam şərait yaradır. Dəhşətlisi odur ki, adi sanitar normalara belə cavab verməyən bu satış məntəqələrində stəkanlar heç də təmiz yuyulmur və istənilən potensial yoluxucu xəstəliyə mailk şəxs yüzlərlə insanı yoluxdura bilər. Əslində isə, belə satış məntəqələrində hər gün sanitar-gigiyenik analiz aparılmalıdır və üstəlik stəkanlar birdəfəlik olmalıdır”. Belə məntəqələrin çoxunun su kranı isə birbaşa ərazidən keçən su xəttinə birləşdirilib. Konkret olaraq, Sabunçu vağzalının yanında, Velotrekin qarşısında, “Vosmoy” bazarında və s. yerlərdə belə məntəqələr fəaliyyət göstərir.

Əlaqədar təşkilatlar hara baxır?

İqtisadi İnkişaf Nazirliyi yanında istehlak bazarına nəzarət üzrə dövlət xidmətinin, eləcə də digər aidiyyatı təşkilatların ticarət və xidmət obyektlərində apardığı monitorinqlər zamanı minlərlə çeşiddə ərzaq məhsulunun, o cümlədən içki məhsullarının saxta və keyfiyyətsiz olduğu aşkara çıxır. Təkcə cari il ərzində minlərlə litr standartlara cavab verməyən içki məmulatı satışdan çıxarılıb. Amma, hesab etmək olar ki, bu ümumi satış həcminin heç 0,1 faizi belə deyil və bu sahədə vəziyyəti yaxşılaşdırmayıb. Xeyli sahibkar, müəssisə cəzalandırılır, cərimə olunur. Bir müddət əvvəl keyfiyyətsiz istehsala görə, bir neçə müəssisənin lisenziyası dayandırılıb. Lakin bu tədbirlər vəziyyəti düzətmir. Demək, istehsalçılar bundan nəinki nəticə çıxarmayıb, əksinə bazara çıxardıqları saxta və keyfiyyətsiz məhsulun həcmini artırıblar.

Respublika GEM artıq belə halların qarşısını almağı təkbaşına bacarmadığını etiraf edib və bildirib ki, bu işdə digər idarələrin də köməyi lazımdır. Deyilənləri nəzərə aldıqda, bu sahədə saxta, keyfiyyətsiz məhsulların istehsalının, satışının qarşısını almaq üçün müvafiq hökümət idarələrinin, xüsusilə də İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin və digər aidiyyatı dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür. Bu istiqamətdə əhalini maarifləndirmək isə mətbuat və televiziyanın vəzifəsinə aiddir.  Vəziyyəti analiz etdikdə məlum olur ki, hətta buna çalışsalar belə, qeyd etdiyimiz instansiyalar bu işin öhdəsindən lazimi səviyyədə gələ bilmirlər. Bu isə milli genefondumuzun və sağlam gələcəyimizin əleyhinə işləyən tendensiyalardandır. Məncə, bu haqda düşünməyə dəyər.

Elçin Bayramlı





Həftənin ən çox oxunanları