Yuxarı

Elmi işçinin qardaşını nazirin qohumunun obyektində ölümcül döydülər

Elmi işçinin qardaşını nazirin qohumunun obyektində ölümcül döydülər

elmi isciAzərbaycan Dövlət Pedaqoji Universitetin elmi işçisi Zemfira Abbasova üç gün əvvəl qardaşının qayınları tərəfindən ölümcül vəziyyətdə döyülməsi ilə bağlı Cebhe.info-ya müraciət edib. Onun sözlərinə görə, qardaşı Namaz Əliyev qayınları Vüqar Əsgərov, Taleh Əsgərov və İsmayıl adlı qonşusu tərəfindən Göyçay rayonunda yerləşən “Yeni Göyçay” şadlıq evində işgəncə verilərək döyülüb:

“Qardaşım evlidir, üç övladı var.Yoldaşı Şahnaz Əliyeva yüngülvarı ailə söhbəti ilə bağlı 2 ay yarımdır ki, küsüb ata evinə  -  Göyçaya gedib. Gedəndən sonra qardaşımla boşanmaq üçün ərizə göndərdi. Qardaşım isə məhkəməyə getmədi ki, yoldaşımı boşamıram. Onunla övladlarına görə ayrılmaq istəmirdi”.

Şikayətçi deyib ki, üç gün əvvəl qardaşı gəlinlə əlaqə yaradaraq övladlarını görmək istədiyini bildirib. Gəlin isə 1 saatdan sonra əlaqə yaratmasını istəyib: “Sonradan əlaqə yaradan qardaşımın üzünə telefonu qaynı Vüqar Əsgərov açıb. Vüqar qardaşıma deyib ki, uşaqları görmək istəyirsənsə, bu gün Göyçaya gəl. Hətta bibi olaraq mən də getmək istəyirdim. Amma gəlin mənə telefon edərək buna imkan vermədi. Qardaşım atamla birgə Göyçaya getdi. Qapını açan gəlin atamı evə salaraq, Vüqar Əsgərovun qardaşımı şadlıq evində gözlədiyini deyib. Məhərrəm ayında şadlıq evinə dəvət edilən qardaşım vəziyyəti anlamayıb. Amma qaynı ilə görüşməyə gedib. Sən demə, gəlin və qayınları qardaşıma tələ qurublar”.  Şikayətçinin sözlərinə görə, Vüqar Əsgərov şadlıq evində administrator kimi çalışır. Həmçinin həmin restoranın birinci mərtəbəsində kafe işlədir: “İçəri daxil olanda onu Vüqar Əsgərov qarşılayıb. Sonradan isə gəlinin iki qardaşı və qonşusu İsmayıl onlara yaxınlaşıb. Oturub çay içəndən sonra qardaşımdan gəlməyinin səbəbini soruşublar. Cavab almadan dərhal sonra üç nəfər qardaşımın qolunu tutaraq masanın üzərindəki çaydanı sınana qədər onun başına vurublar. Namaz Əliyevi xeyli qan aparsa da, buna əhəmiyyət verməyən qardaşlar bu dəfə ofisianta yemək sifariş ediblər. Masaya içki gətiriləndə Namaz Əliyev etiraz edib ki, Məhərrəm ayında içmir. Qardaşıma deyiblər ki, nə yemək, səni tikə-tikə edib atanın maşınında evinə yollayacağıq. Bizim arxamızda İcra Hakimiyyətinin adamları durur. Qardaşım üç nəfərlə bacara bilmədiyini anlayıb üç balasının canına and verib ki, onu azad etsinlər. İçki içə-içə qardaşıma olmazın işgəncələr veriblər. Biri boğazından yapışıb, digərləri isə qarnına, bədəninə təpiklər endiriblər. Boğulmasını görən qardaşım növbəti dəfə də yalvarıb ki, onu buraxsınlar. Fikirləşib ki, atam infarktdır, ölümünü eşidəndən sonra buna dözməz. Amma buna da əhəmiyyət verməyiblər. Yemək süfrəsində olan bütün içki şüşələrini qardaşımın başında sındırıblar. Ona ölümcül işgəncə verəndən sonra döyənlər haqqında heç kimə xəbər verməməsi üçün hədələyiblər. Hətta deyiblər ki, onsuz şikayətlərinin heç bir əsası olmayacaq. Çünki “Göyçay” şadlıq evi Ziya Məmmədovun qohumunundur. O, onlara arxa duracaq. Elə o vəziyyətdə məcburi ayaqda saxlayaraq gəlinin oturduğu evə heç nə olmamış kimi gətiriblər. Atam qardaşımın üzündəki yaraları görüb soruşsa da, qardaşım hadisəni yıxılıb darvazaya dəydiyi kimi ifadə edib”.

Zemfira Abbasova deyib ki, həmin gecə Namaz Əliyevin vəziyyəti ağırlaşıb. O, çoxlu qan itirdiyini atasına bildirərək, dərhal onu xəstəxanaya çatdırılmasını istəyib. Xəstə Təcili Tibbi Yardımla 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İki litr yarım qan itirən xəstənin başına 7 tikiş qoyulub. Hazırda Namaz Əliyev qapalı beyin silkələnməsi, kəllə-beyin travması və beyindaxili təzyiqdən əziyyət çəkir. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər. Hadisədən sonra ailənin gəlini Şahnaz Əliyeva peşiman olduğunu nümayiş etdirərək, ard-arda baldızları ilə əlaqə yaratmağa çalışır: “Gəlin hər gün bizə yalvarır ki, qardaşlarımın adını verməyin. Məni buraxın həyat yoldaşımı görüm. Amma biz onun səmimiyyətinə inanmırıq”. Qeyd edək ki, hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi qaldırılıb: “Müstəntiq xəstəni məcburi ayağa qaldıraraq ondan hadisə barədə izahat alıb. Həmçinin Göyçay rayon Prokurorluğu da işi icraatına alıb”. Şikayətçi onu da əlavə edib ki, baxmayaraq ki, qardaşı üç gündür xəstəxanada yatır, Göyçaydan onun üçün tibbi ekspertiza göndərilmir: “Biz sadəcə, haqq-ədalət axtarırıq. Bir nəfəri aldadaraq aparıb döymək hansı insanlığa, hansı hüquqa sığır?”

Alçina Amilqızı





Həftənin ən çox oxunanları