Yuxarı

Miqrant böhranı qlobal problemə çevrilir

Miqrant böhranı qlobal problemə çevrilir

miqrantAvropada millətçilik və islamobofobiya güclənir

Avropa dövlətlərinin Yaxın Şərq və Afrikadan başlamış miqrant axınının qarşısını almaq cəhdləri nəticə vermir. Yoxsulluq, müharibələr və hakimiyyət zorakılığından əziyyət çəkən minlərlə müsəlman miqrant Avropaya üz tutub. Bəziləri gəmi qəzalarında həyatlarını itirsələr də, müəyyən qismi Cənub hissəsindən - Aralıq dənizi sahillərindən Avropaya keçə bilir. Lakin burada da avropalılar tərəfindən xoş qarşılanmayan müsəlmanların bir hissəsi terrorçu, cinayətkar, oğru ittihamlarıyla həbs edilirlər. 2014-2015-ci illər ərzində 2000-ə yaxın miqrant isə gəmi qəzalarında həyatını itirib.

Avropaya üz tutan immiqrantların əksəriyyətini Suriya, Liviya, Mali, Afrika və Cənubi Asiya ölkələrindən olan insanlar təşkil edir. Aİ və digər Avropa dövlətləri artıq axının qarşısını almaq üçün Aralıq dənizi sahillərindəki hərbi qüvvələrinin sayını artırıb. Qitəyə keçmək istəyən immiqrantları dayandırmaq üçün onlara qarşı odlu silahlardan istifadə edən avropalı hərbçilərin bu addımları əksər hallarda ölümlərlə nəticələnir. Bəzi insanlar isə müdafiə üçün özlərini gəmidən suya atırlar və boğulub ölürlər. Bəzi hallarda isə güllələr gəmiləri deşir və batmasına səbəb olur. İmmiqrantlar Avropaya keçid dəhlizi kimi əsasən İtaliyadan istifadə edirlər. Lakin İtaliya hökuməti miqrantların qitənin müxtəlif dövlətlərinə keçidini asanlaşdırmaq üçün hazırladığı “Mare Nostrum” adlı proqramının icrasını dayandırıb. Avropa İttifaqı da məsuliyyəti üzərinə götürmür. İngiltərənin xarici işlər naziri isə Coys Eniley etdiyi çıxışında artıq ölkəsinin Aralıq dənizində planlı axtarış və xilasetmə işlərini dəstəkləmədiyini bildirib.

Avropa İttifaqı Sərhədlərə Nəzarət Agentliyinin (FRONTEX) verdiyi məlumata görə, qitəyə 2015-ci il ərzində 500 minə yaxın immiqrant üz tutub. Bu keçən illə müqayisədə 100 min nəfər çoxdur. FRONTEX təkcə son 3 ay ərzində 123 500 immiqrantın Aİ ölkələrinə gəldiyini də açıqlayıb. Qurum artan immiqrant xaosunun qlobal iqtisadi, siyasi və sosial böhrana səbəb olacağını bildirib. Avropaya miqrant axınının çoxalmasını Brüssel qitənin təhlükəsizliyi üçün ciddi təhdid mühiti yaratdığını iddia edir. Belə ki, immiqrantların əksəriyyəti üz tutduqları dövlətlərdə yoxsulluq şəraitində yaşadıqları üçün cinayət hallarına yol verirlər. Bu isə yerli vətəndaşlarla qarşıdurma riskini yüksəldir. İmmiqrant axını Avropada son 2 ildə millətçilik hərəkatının genişlənməsinə şərait yaradıb.

Böhran Aİ daxilində çat yaradıb. Yaxın Şərq, Afrika və Asiyadan gələn miqrant axınının hansı formada idarə edilməsi məsələsində Aİ-də fikir ayrılığının yaranması ilə yanaşı, Avrozonada davam edən Yunanıstan böhranı Brüsseli daha radikal addımlar atmağa məcbur edir. Eyni zamanda sosial mediada immiqrantlara işgəncələrin, müxtəlif üsullarla təzyiqlərin edilməsi görüntülərinin yayılması Avropada ksenofobiya və İslamofobiya hərəkatını təhlükəli məcraya yönəldir. Həmçinin Almaniya, Fransa, Norveç və İsveçdə antiislam proseslərini körükləyən böhran, Avropa İttifaqının parçalanma ehtimallarını gücləndirir. Macarıstan, Serbiya, İngiltərə, Avstriya kimi dövlətlər artıq immiqrant qəbul etməkdən imtina ediblər. Fransa və Almaniya hökumətləri isə dövlətlərin bu addımlarını sərt formada tənqid edirlər. Almaniya kansleri Angela Merkel dövlətləri ehtiyatlı qərarlar qəbul etməyə çağırıb: “Əgər Avropa miqrant və immiqrant məsələlərində uğur qazana bilməsə, insan haqları anlayışlarının üzərindən xətt çəkiləcək. İnsan haqlarını müdafiə edən ideal Avropa yox olacaq”. Aİ-də mərkəzdənqaçma meyllərinin gücləndiyini görən, Almaniya kansleri Angela Merkel “Dublin” və “Şengen” anlaşmalarının şərtlərini pozan Aİ dövlətlərinə qarşı hüquqi prosedurlar tətbiq olunacağını və cəzalandırılacaqlarını bildirib.

Merkelin xəbərdarlıqlarına baxmayaraq, Avstriyanın Baş naziri Verner Feymann Brüsseli immiqrantların gəldiyi ölkələrin inkişafı üçün Avropa İttifaqının təşkil etdiyi büdcəni yenidən nəzərdən keçirməyə çağırıb. Feymann həmin dövlətlərə pul yardımının ayrılmasını məqbul hesab etmir. Macarıstanın Baş naziri Viktor Urban isə immiqrantların Avropanın milli və dini kimliyini təhdid etdiyini deyib. Slovakiya və Çexiya da bundan sonra yalnız xristian immiqrantları qəbul edəcəklərini açıqlayıb.  Avropa ölkələrinə axın edən miqrantların qəbul edilməsi ilə bağlı Avropa İttifaqı 120 min nəfərlik kvota elan edib. Bu isə, o deməkdir ki, kvotadan artıq Avropaya gələcək miqrantlar qəbul edilməyəcək və bu, qitədə xaos mühitini dərinləşdirəcək. Artıq proses başlayıb. Hələ iyun ayında miqrant məsələsi İtaliya və Fransa arasında gərginliyə səbəb olmuşdu. Fransanın İtaliyadan gələn immiqrantlara sərhədləri bağlaması müzakirələri başlatdı. Fransa prezidenti Fransua Olland və İtaliyanın Baş naziri Matteo Renzi miqrant probleminin iki ölkəni üz-üzə qoyduğunu etiraf etdilər. Renzi Aİ-də immiqrant məsələsini tənzimləyən “Dublin sazişi”nin ləğv edilməsi təklifiylə çıxış edib. O, güclənən axının Avropada xaos mühitinin dərinləşdirdiyini bildirib: “Etiraf etmək lazımdır. “Dublin sazişi”nin imzalanması yanlış qərar idi”. Renzinin təklifi müzakirə edilməsə də, Brüsselin miqrantlar üçün 120 minlik kvota nəzərdə tutması faktiki olaraq, “Dublin sazişi”ndən imtina etdiyini və Avropada miqrant böhranının getdikcə dərinləşdiyini bildirir.

Almaniya və Fransanın rəhbərliyi ilə Brüssel problemi həll etmək üçün təcili toplantılar çağırsa da, Avstriya, İngiltərə, Macarıstan, Sloveniya kimi dövlətlər radikal addımlar ataraq, immiqrant və qaçqınlar üçün qapıları bağlayıblar. Bəzi dövlətlərin “Şengen sazişi”ni dondurması qərarından sonra bir çox dövlət immiqrant qəbulundan imtina edib. Hətta, Serbiya - Macarıstan sərhədində fövqəladə vəziyyət elan edilib və ölkələrin sərhəd xidmətləri gücləndirilmiş iş rejiminə keçirilib. Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Leynter isə immiqrant axının qarşısını almaq üçün Almaniya ilə aralarına müvəqqəti sərhəd qapıları qoyacaqlarını açıqlayıb. Slovakiya qonşuları Avstriya və Macarıstanla sərhədlərinə çoxlu sayda təhlükəsizlik qüvvəsi yerləşdirib. Çexiya Avstriya ilə sərhədlərində nəzarət mexanizmini gücləndirib. Avstriya Macarıstanla sərhəd bölgələrinə ordu yeridib, Serbiyayla sərhədlərinə isə tikanlı məftil çəkmək barədə qərar qəbul edib. Vəziyyətin gərginliyini nəzərə alan Fransa prezidenti Olland Aİ dövlətlərini “Şengen anlaşması”nın şərtlərinə əməl etməyə çağırıb. O, nəzarətin Aİ daxilindəki sərhədlər yox, Aİ-nin kənar sərhədlərində gücləndirilməsinin vacib olduğunu deyib.

BMT Ali Qaçqınlar Komitəsinin başçısı Antonio Quterres Avropada baş verən immiqrant böhranının Suriyada davam edən müharibədən qaynaqlandığını bildirib. Quterres qeyd edib ki, Suriya ilə yanaşı, digər Yaxın Şərq dövlətləri və bəzi Afrika ölkələrində davam edən qarşıdurmalar başa çatmadıqca, Avropa bu problemdən yaxa qurtara bilməyəcək: “Vəziyyətdən çıxış üçün siyasət dəyişilməlidir. Əks təqdirdə Avropada davam edən immiqrant böhranı qlobal problemə çevriləcək”.

Mənsur





Həftənin ən çox oxunanları