Yuxarı

Qiymətə minən boş yerlər

Qiymətə minən boş yerlər

bagcaPaytaxtın bir sıra uşaq bağçalarında “Boş yerimiz yoxdur” elanı ilə hamımız rastlaşırıq. Əslində, bu məzmunlu elanlar uşaq bağçalarında rüşvət tələsidir.  Əlaqədar şəxslər bunu inkar etsələr də, problem göz önündədir. İstər Bakıda, istərsə də əyalətdə bağça problemi aktual olaraq qalır. Bu sahədə haqlı narazılıq doğuran  məsələlərdən ən başlıcası dövlət bağçalarında yerlərin dolması bəhanəsi ilə valideynlərdən rüşvət tələb edilməsidir. Uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləndən sonra problem nəinki olduğu kimi qalıb, hətta bir qədər də dərinləşib.

Hazırda körpələr evi-uşaq bağçasına yerindən asılı olaraq bir uşağı yerləşdirmək 150, hətta 500 manata başa gəlir. Özəlləşdirilən bağçaların əksəriyyətində isə aylıq haqqının çox yüksək olması aztəminatlı ailələrin büdcəsinə uyğun gəlmir. Valideynlərlə söhbətimizdə də bu və digər problemlər öz təsdiqini tapıb. Adının çəkilməsini istəməyən azyaşlının anası bildirib ki, Nərimanov rayonu Montin qəsəbəsində yerləşən uşaq bağçalarından birinə müraciət edib. Əvvəlcə bağça rəhbərliyi ona uşaq qəbulu üçün yer olmadığını deyib. Valideynin israrını görəndə isə bağça rəhbərindən valideynə rüşvət tələbi gəlib. Belə ki, uşağının bağçaya qəbul edilməsi üçün valideyndən 500 manat tələb olunub. İmkanı omadığını bildirən valideynə bu təklifdən imtina edib və bu səbəbdən uşaq bağçaya qəbul edilməyib. Bir başqa fakt isə Binəqədi rayonundakı uşaq bağçalarından birində baş verib. Valideyn 2 yaşlı oğlan övladını uşaq bağçasına yazdırmaq üçün bağça rəhbərliyinə müraciət edib. Bağça müdiri uşağı qəbul etmək üçün əvvəlcə valideyndən 500 manat istəyib. Ananın razılaşmadığını görən müdir qiyməti 300 manata endirib və bu məsələdə valideynlə əməlli-başlı bazarlıq edib. Valideynlərlə söhbətdə məlum olub ki, sadalanan faktlar paytaxtın digər uşaq bağçalarında da mövcuddur. Amma təbii ki, fərqli qiymətlərlə...

Məktəbəqədər təhsil müəssisə rəhbərləri uşağın bağçaya götürülməsi, tərbiyəçilərin, müəllimlərin isə onlara baxması müqabilində valideynlərdən pul istəməsi faktını inkar edirlər. Amma apardığımız araşdırmalar bunun əksini deyib. Yəni valideyn bir ayda uşağ bağçasında 55-60 manat xərc sərf edir. Əks təqdirdə bu xərcləri çəkməkdən imtina edən valideynlərin uşaqları arasında ayrı-seçkilik qoyulur.

Sual yaranır: Necə olur ki, əvvəlcə uşaq qəbulu üçün bağçada boş yer olmur, amma rüşvət verilən kimi dərhal sərbəst yerlərin sayı çoxalır?

 Qeyd edək ki, bağçaya sərf olunan xərc bununla bitmir. Valideynlər hər ay bağça haqqı ödəməli, tərbiyəçi və texniki işçiyə isə “hörmət” etməli olurlar. Bundan əlavə məktəbəqədər təhsil müəssisəsində aylıq nəzərdə tutulan bəzi lazımi tələbatlar da valideynlər tərəfindən ödənilir.  Məsələ ilə bağlı “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”nin Proqram rəhbəri Elmina Kazımzadə Cebhe.info-ya deyib ki, yaxın ərəfədə məktəbəqədər təhsil müəssisələrində təqdiqatlar aparmadığından bəzi faktlardan xəbərsizdir: “Belə faktlar yoxlanılmalıdır. Dəqiq araşdırmalar aparılmalıdır ki, bağçada bir qrupda dəqiq neçə nəfərlik yer var. Son vaxtlarda bu barədə tədqiqat aparmamışam. Ona görə də heç nə deyə bilmərəm”.

BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bu barədə məlumatlara rəy almaq mümkün olmayıb.

Qeyd edək ki, hazırda ölkədə bu il üçün məktəbəqədər təhsil müəssisələrinin sayı 1706-dır. Onlardan 972-si şəhər, 734-ü isə kənd yerlərinin payına düşür. Məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların sayı isə 116049 nəfərdir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları