Yuxarı

Sahibsiz itlərin “sahibi” yoxdur

Sahibsiz itlərin “sahibi” yoxdur

sahibsiz itlerBakı Şəhər İcra Hakimiyyətində bir suala günlərlə cavab tapa bilən tapılmır. Paytaxtın bir çox yerlərində, ələlxüsus da sallaqxanaların (qəssabxana) ətrafında  sahibsiz küçə itlərinin sayı-hesabı yoxdur. Bu canlılar bəzən ac vaxtlarında şəhər sakinlərinə hücum etməkdən belə çəkinmirlər. Paytaxtın Nizami rayonu, Hövsan qəsəbəsi və Xırdalan şəhərindən redaksiyamıza daxil olan bir neçə şikayət əsasında apardığımız araşdırma sahibsiz itlərlə bağlı xeyli sayda maraqlı məqamların üstünə işıq saldı.

  Küçə itlərinin daha çox olduğu ərazilər əsasən sallaqxananın sıx olduğu yerlərdir ki, sakinlərin sözlərinə görə, bununla bağlı yerli icra nümayəndəliyinə, rayon icra hakimiyyətinə, bələdiyyə orqanlarına ünvanladığı yazılı müraciətlər cavabsız qalır. Xatırladaq ki, Azərbaycan Avropa Konvensiyaya üzv olduqdan sonra ölkədə itlərin vurulması, məhv edilməsi qadağan edilsə də, bu qanunun 12-ci maddəsinin "a" bəndinə əsasən; "Tərəf sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda, o, heyvanları yol verilməməsi mümkün olan əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirir."   Heyvanların Hüquqlarının Müdafiə Cəmiyyətinin rəhbəri Azər Qarayev deyir ki, İtlərin həmçinin kimsəsiz küçə heyvanlarının birmənalı şəkildə məhv edilməsi, nəinki konvensiyaya, hətta insanlığa belə ziddir: "Onarın çoxalmasının səbəbkarı da biz özümüzük. İlk öncə biz özümüzdən başlamalıyıq. Nəyə görə küçədə qeyri-qanuni şəkildə sallaqxana fəaliyyəti ilə məşğul olub, küçə itlərini ətrafında cəmləşdirən obyektlərdən danışmırıq, lakin küçədə kimsəsiz ac-yalavac , kimsə ilə işi olmayan itlərin məhvinə, kökünün kəsilməsinə bu qədər hər kəs maraqlıdır? Mənə də çoxsaylı şikayətlər daxil olur, itlərin məhv edilməsini tələb edirlər. Daha demirlər ki, itlərin məhvi ölkədə siçovulların baş qaldırmasına səbəb olacaq. O zaman nə edəcəklər? Siçovullarla mübarizə aparacaqlar? O itləri məhv etmək yox, o itlərlə doğru rəftar qaydalarını öyrənmək lazımdır, o itlərin də haqqı var. Onların məhvi birbaşa olaraq onlara qarşı haqsızlıqdır. Həmçinin onların zərərsizləşdirilməsi, vaksinasiya olunması, xüsusi sığınacaqlarla təmin edilməsi üçün xüsusi dövlət proqramı mövcud deyil, aidiyyəti orqanlar, sırf bu işlə məşğul olan qurumlar olmasa da, yaxın gələcək üçün xüsusi dövlət proqramının yaradılması, qurumların təsis edilməsi nəzərdə tutulub. Həmçinin bu itləri məhv etmək olmaz, onlar xüsusi laboratoriyalarda cərrahiyə əməliyyatı ilə "axtalanır" nəsil artırmasının qarşısı alınır, bir neçə gün sığınacaqda saxlanılaraq öz yerinə sərbəst buraxılır.

" Kənt Təsərrüfatı Nazirliyinə zəng etsək də, telefonun dəstəyini qaldıracaq kimsə tapılmadı...

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Epidemioloji nəzarət və profilaktika  sektorunun müdiri Klimet Əsədov isə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Yolçu Xanvəli ilə əlaqə saxlamağımızı buyurdu.

"Bu kimi məsələlər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin səlahiyyəti  xaricindədir. Bizim səlahiyyətimiz daxilində olan məsələlər isə əgər həmin itlərdə, yaxud heyvanlarda xəstəlik aşkarlanarsa onların müalicəsi, müayinəsi, xəstəliyinin qarşısının alınması istiqamətində tədbir görməkdir deyən Yolçu Xanvəli bu məsələnin İcra Hakimiyyətləri daxilində kommunal təsərrüfat birlikləri və Sahibsiz İtlərlə Mübarizə İdarəsinin səlahiyyətinə aiddir:

"Bu cür nəzarətsiz halda mövcud olan itlərin şəhərlərdən, qəsəbələrdən uzaqlaşdırılması onların səlahiyyətindədir. Əgər hər hansı sahibsiz heyvanlar üçün sığınacaqlar yaranarsa, Dövlət Baytarlıq Nəzarəti xidməti həmin sığınacaqları  baytarlar həkimlərlə təmin etməyə borcludur, profilaktik tədbirlər görmək üçün kifayət qədər güclü bazamız var. Bundan əlavə cari ildə 150 mindən artıq sahibsiz və qeydiyyatda olan itdə quduzluğa qarşı vaksinasiya işləri aparmışıq."

Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı açıqlama almağa çalışsaq da, bütün cəhdlərimiz boşa çıxdı. Aldığımız yeganə cavab belə oldu: "Müraciətinizi yazılı formada göndərin biz isə yazılı formada cavablayaq"...

Yazını bu qurumun münasibəti olmadan çapa vermək istəmədiyimizdən gözlədiyimiz bir neçə gün də hədər getdi. Şəhər icra hakimiyyətində bizim suallara cavab axtarmağa çalışırlar deyəsən, bu neçə gündə.

Rövşən Əsədov 





Həftənin ən çox oxunanları