Yuxarı

Peşəkarlaşan toy jurnalistikası

Peşəkarlaşan toy jurnalistikası

 

telekanallarTelekanallarda yanvarın 1-dən etibarən dəyişikliklərin şahidi olacağımıza dair məlumatlar var. Xüsusilə sosial xarakterli əksər verilişlərin yayımdan çıxarılacağının davamlı olması bu verilişlərin yerinin nə ilə doldurulacağına dair müxtəlif fikirlər meydana gətirib. Çoxları bu proqramlarn xəbər proqramaları ilə əvəzlənəcəyini təxmin etsə də, bunun əksini düşünənlər də var. Amma Azərbaycan telekanallarına baxanda hələ də dəyişilməyə ehtiyacı çox olan verilişlərin çoxluğuna əmin oluruq. Xüsusən toy adətlərimizidən bəhs edən proqramlardan. O poqramlardan ki, orda ancaq kimlərinsə toyuna baxıb, gəlinin cehizindən, qaynananın xoşbəxtliyindən, qaynatanın özündərazılığından başqa nəsə görmək mümkün deyil.

Dünya praktikasında bölgələrin adət-ənənəsini əks etdirən proqrmaların yayımı təcrübəsi var. Bu, xüsusilə həmin bölgənin turistik əhəmiyətini vurğulamaq, yerli turistləri cəb etmək məqsədi daşıyır və əksər hallarda ərazi özünüidarəetmə orqanı tərəfindən belə verilişlər maliyyələşdirilir. Yaxud həmin bölgədə fəaliyyət göstərən turizm mərkəzləri, otellər rəsmi müqavilələr əsasında növbəti proqramın mən həmin bölgəyə həsr olunmasına şərait yaradırlar. Başqa sözlə desək, verilişlər reklam xarakteri daşıyır, eyni zamanda bölgə haqqında məlumatlandırma məqsədi daşıdığından əhali  arasında  maraqla qarşılanır. Azərbaycanda bu praktikanın necə olduğu məlum deyil. Bir neçə telekanalda adət-ənənələri , xüsusilə də toy adətlərini əsk etdirən proqramlar yayımlanır. Bu tip proqramlar  regional kanallar yarandığı ilk zamanlarda ən çox istifadə olunan efir doldurmaq və təbii ki, həm də pul qazanmaq vasitəsi idi. Toyu olanlardan videokasetlər götürülür və yayımlanırdı. Qohum-əqraba da toplaşıb bu dəfə toylarına  efirdə baxırdı. Öyünənlər də vardı- “bizim toyumuzu telekanalda göstəriblər” deyə. Daha sonralar bu ənənə paytaxta ayaq açdı, güman ki, “pullu” iş olduğuna görə kanallar onu diqqətdən buraxmadı. Bu dəfə başladı toy mərasimlərinin pərdəarxası- qızın cehizindən tutmuş oğlanın evinin olub-olmamasına, qayınananın hansı oğlunu daha çox istəməsinə, hansı gəlinə hansı qızıl dəsti aparmasına, hansı gəlinin daha çox cehiz gətirməsinə qədər bir çox məqamlar gözlər önünə sərildi. Girmədikləri bircə yeni evlilərin yataq otağı qaldı ki, əgər imkan verilsəydi yəqin ki, bunu da özlərinə rəva görərdilər. Bu günlərdə “Ənənə boğçası” verilişində gördüyüm isə fraqment lap “maraqlı” gəldi. Aparıcı xanım hər şeylə maraqlanandan sonra  “nəmər dəftərinə” baxmağı özünə rəva gördü. Məlum oldu ki, kənddə toya ən çox 70, ən az 15 manat pul salınıb. Aparıcı bununla da kifəyətlənmədi, bu dəfə ən azı pul yazdıranın kimliyi ilə maraqlandı. Adını öyrənmədən əl çəkmədi, şəxsin kimliyini öyrənib rahatladı, “önəmli xəbəri” bütün tamaşaçılara çatdırdı. Nəhayət, hər kəs rahat nəfəs aldı, hamı bildi ki, kənddə toya ən az pul yazdıran kim olub. Bunu bilmək Azərbaycana çoxmu lazım idi? Bakıda yaşayan bir tamaşaçı hansısa rayonun hansısa kəndində filankəsin toyuna 15 manat pul yazdırmasından çoxmu narahat və ya xoşbəxt oldu? Yoxsa bu da ictimai qınaqdır? Yaxud əksinə, bölgələrdə insanların vəziyyətini necə olduğunu göstərməyin bir yoludur? “Nəmər dəftərinə” reyd keçirəndə 9 milyonun önündə adı çəkilən həmin vətəndaşı düşünən oldumu heç? Onun adını xüsusi vurğulayaraq “Toya  ən az-15 manat yazıdıran adam” kimi təqdim edəndə özünün, ailəsinin, uşaqlarının hansı hisləri keçirdiyi kimisə düşündürdümü? Bir insanın hüququnu  milyonların qarşısında sirrini faş etməklə pozmaq jurnalistlik deyil. Bu nədirsə, tamam başqa şeydir. Amma  mətbuatla və peşəkarlıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. İnsanların hissiyyatı ilə bu qədər oynamağa kim sizə haqq verib? Toy sahibini dövlət sirri alırmış kimi dalana dirəyib zorla dəftəri açdırmaq, ən az və ən çox pul yazdıranların adlarını elan etməyə vadar etmək peşəkarlqıdan çox uzaqdır. Bunlar insanların özəlləridir, həmin şəxslə toy sahibi arasındakı münasibətlərdir, bu münasibəti milyonların önündə bu formada, üstəlik aşağılayıcı tonda bəyan etmək bir şəxsin hüququnu pozmaqdır. Əgər adı “ən az pul yazıdran” şəxs kimi elan edilən bu adam məhkəməyə müraciət etsə, əminəm ki, prosesi udar və Azərbaycanda məhkəmə nə qədər sifarişli olsa da, ona haqq qazandıracaq hakim tapılar.

Müğənnilərin yataq otağı çəkilir- ictimaiyyətin böyük hissəsi gündəlik problemləri məhz şou-biznes mənsublarının yataq otağına baxaraq unutduğunu düşünüb bununla razılaşır. Kimlərinsə əri kimlərinsə sevgilsi kimi təqdim edilir- bunu da “İP siyasəti” kimi qəbul edib susur. Amma daha tanınmayan, bilinməyən kimlərinsə toyunda hansısa bir kənd sakininin 15 manat nəmər yazdırmasının ictimai marağının nədən ibarət olduğunu anlamaqda mən şəxsən bir tamaşaçı kimi çətinlik çəkirəm. Bəlkə fərqli düşünənlər ola bilər, hər bir düşüncə qəbul edilib-edilməməsindən asılı olmayaraq, hörmətə layiqdir. Amma bu hörməti az da olsa, insanlara qarşı da yönəldin. İnsanı milyonların gözü önündə bu qədər dəyərsizləşdirməyin. Mikrafon əlinizdə, kamera çiyininizdədir deyə hər kəsin özəlini faş etmək haqqı sizə verilməyib. Bu iş deyil, cənablar və xanımlar!

Sevil Ağazadə





Həftənin ən çox oxunanları