Yuxarı

Akustik terror: Xilasa aparmayan cərimələr

Akustik terror: Xilasa aparmayan cərimələr

qulaq“Bir dəfə efirdə qonaq idim, müğənni oxuyanda az qaldı durum qaçım”

Gənc nəsil karlaşma təhlükəsi ilə üz-üzədir

Bu günlərdə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələrin artırılması barədə xəbər yayıldı. Cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Layihəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə tətbiq olunur. Eyni zamanda, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə cərimələr artırılır. Belə qanun pozuntusuna görə cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub. Yeni məcəllənin 305-ci maddəsinə əsasən, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə, 40 manat məbləğində cərimə ediləcək. Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis dəyişiklikləri qəbul edərsə, yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

“Moyka”lar evimizi yıxır

Məsələ burasındadır ki, indi hər həyətdə bir avtomobil yuma profilaktoriyası quraşdırılıb, güclü su səsindən, yuyulan maşınların yüksək səslə oxudulan radiolarından ətrafda yaşayan sakinlərin həyatı kabusa dönüb. Bakıxanov qəsəbəsinin Sülh küçəsinin bir qrup sakini qəzetimizə müraciət edərək bildirir ki, yaşadıqları qəsəbədə, yaşayış evlərinin həyətində fəaliyyət göstərən “moyka” səs-küyü ilə sakinləri narahat edir: “Bu “moyka” 3 il qabaq inşa edildi, özü də tamamilə sağlam bir ağacı kəsərək tikdilər. Ekologiya Nazirliyinə xəbər verdik, amma gəlib bir şey edə bilmədilər, bir az söhbət etdilər, sonra da çıxıb getdilər, onlar gedəndən sonra ağac tamamilə kəsildi, yerində “moyka” tikildi. Tikilən gündən nə gecəmiz var, nə gündüzümüz. Bütün günü təzyiqlə vurulan suyun, yuyulan maşınlarda radio-maqnitofon səsindən evdə durmaq mümkün deyil. Körpə uşaqlar səsdən səksəkəli olublar, dərman verməsən, yatmırlar. Başı, əsəbi xəstə olan insanlar var”. Sakinlər bildirir ki, əraziyə dəfələrlə polis çağırıblar: “Polis gələndə sakitləşirlər, gedən kimi yenə öz işlərində olurlar. “Moyka”nın öz səsi yetmirmiş kimi, üstəlik, maşınların baqajını da açırlar, ora səsgücləndirici qoyub dəhşətli bir səslə bizə işgəncə verirlər. Gecə saat 2-3 olanda belə sakitləşmirlər. Hələ yay aylarında “moyka”nın aid olduğu kafe-restoranın saunasına toplaşan sərxoşların qışqırığını demirik. Səs-küyləri bir yana, qız-qadın demədən hamam xalatında həyətdə gəzişirlər. Pəncərəni açmağa peşmanıq. Gələn ayın mayınadək necə səbr edəcəyik, kim bilir?! Prezidentin cərimə qərarı qüvvəyə minənədək bizim günümüzü göy əskiyə bükəcəklər. Heç inanmırıq 400 manat cərimə ödəsin onlar. Çünki biz fakt üstünə çağırdıq Ekologiya Nazirliyini, gəlib yarı kəsilmiş ağacı gördülər, amma bunun üçün təyin edilmiş 2 min manatı kim ödədi ki? Yenə eyni şeylər davam edir. Evin içində bir-birimizlə qışqıra-qışqıra danışırıq, eşitmə sistemimiz pozulub”.

Hər addımda təhlükədəyik

Avtobusa minəndə, küçədən keçəndə, dayanacaqlarda, disk satan mağazaların qarşısından yolumuz düşəndə beynimizə, sinir sistemimizə təcavüz edilir. İşıqforun qırmızı işığında dayananda belə yanımızda dayanan maşının salonundan ətrafa yayılan dəhşətli gurultu əsəblərimizi tarıma çəkir. O musiqini dinləyənlər nəinki səs tonunun və ya musiqi janrının ətrafdakılar tərəfindən narazılıqla qarşılanacağını fikirləşir, hətta səs tonunun öz səhhətlərinə mənfi təsiri barədə ən cüzi məlumata malik deyillər.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, eşitmə qabiliyyətlərini qorumaq üçün insanlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdır. Qurum bildirir ki, audio-pleyerlər, konsertlər və barlar sağlamlıq üçün ciddi təhlükə yaradır. ÜST-nin rəqəmlərinə görə, hazırda dünyada 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır. Xüsusi olaraq vurğulanır ki, eşitmə problemlərinin artmasına səbəb akustik terrora məruz qalmağımızdır.

Televiziya işçiləri və gənclər təhlükədə

Müntəzəm olaraq qulaqcıqdan istifadə edən peşə sahibləri, eləcə də musiqiyə bu vasitə ilə qulaq asanların eşitmə funksiyasını itirmə riski daha böyükdür. Daha çox gənclərin istifadə etdiyi qulaqcıq tədrici karlıq yaradır. Evdə, nəqliyyatda, küçədə, idman zalında, dənizdə belə onun vasitəsilə musiqi dinləyənlər kifayət qədərdir.

Statistika təsdiq edir ki, karşalma daha çox məhz gənc nəsil arasında sürətlə artır. Elə  Rusiyada da eşitmə problemi yaşayan gənclərin sayı durmadan artır. Ağır eşitmə əvvəllər 50-60 yaşdan sonra yaranırdısa, indi 25-30 yaşda belə eşitmə problemi yaşayanlar var.  Gənclərin yüksək səslə musiqi dinləməsi nəticəsində qulaqlar akustik zədə alır, zamanla bu zədələr qulağa küy verir, bu isə karlaşmanı tezləşdirir.

Həkimlər məsləhət görür ki, adi qulaqcıqlarla maksimum səviyyədən bir az aşağı səslə musiqiyə qulaq asmaq olar. Ancaq bu o demək deyil ki, günün bütün saatı həmin qulaqcıq qulaqda olmalıdır. Arabir qulağa istirahət verilməlidir. Bundan əlavə, ətrafdakı səsi batırmaq üçün qulaqcığa çox səs vermək məsləhət deyil. Bu eşitmə funksiyanızı məhv etmək deməkdir.

Toyxana terroru

Ölkəmizin toy mədəniyyəti deyildikdə birinci yada səs-küy düşür. Çünki toyda ən çox yadda qalan məqam odur. Demək olar ki, indi bir çoxu toya gedəndə səsdən qorunmaq üçün qulaqlarına taxmağa pambıq aparır... İndi apteklərdə güclü səsə qarşı kiçik qulaq tıxacları da satılır.

Məlumat üçün qeyd edək ki, şadlıq evlərində musiqinin səs gücü 85 destibaldan (dBA) yüksək olmamalıdır. Bu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan sənəddə də öz əksini tapıb. Şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Ona görə də bütün şadlıq sarayları bu qaydalara əməl etməli və göstərilən diapazonu keçməməlidir. Mütəxəssislər isə əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 dBA səs gücündən istifadə olunduğunu deyirlər. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.

Vəziyyət qəlizdir

Həkim Mahir Əsgərov deyir ki, yüksək səsli işdə işləyən insanlar ən yüksək risk qrupunda daxildir: “Bu restoranda işləyən ofisiantalara, çalğıçılara da aiddir, əyləncəli televiziya verilişlərinin işçi heyətinə də. Bir dəfə efirdə qonaq idim, bir müğənni də vardı, inanın ki, müğənni oxuyanda az qaldım durum qaçım. Elə yüksək səs qoymuşdular ki, insan o səsə dözməzdi. Üstəlik, orda olan personal bu səsi tam təbii qarşılayır, heç narahat olmurdular. Beləcə, aydın olur ki, onların eşitmə funksiyası artıq məhv olub”.

Həkim deyir ki, tədbir görülməzsə, bu kimi işlərdə işləyənlərin əksəriyyəri karlıqla üzləşəcəklər: “Gurultulu fabriklərdə, avtovağzallarda və hava limanında da bu səs-küy var. Fabriklərdə işçilər qulaq tıxacı istifadə etməlidir, amma yoxlasaq heç kimin istifadə etmədiyini görərik”.

İndi hər 5 gəncdən biri karlaşma təhlükəsi ilə üz-üzədir: “Səbəb MP3 pleyerdir. Hərəsi qulağına bir qulaqcıq  keçirib bütün günü yüksək  səslə musiqi dinləyir. Yeniyetmələr yüksək səs həddini aşmaqla eşitmə mexanizmlərini risqə atırlar. Yeniyetmələrin əksəriyyəti mobil telefonlara qoşulmuş qulaqcıqla  musiqiyə qulan asır. Gün ərzində fasiləsiz musiqi təkcə karlaşmaya deyil, xərçəng, allergiya, psixoloji pozuntuya da səbəb olur”.

Normal göstərici nədir?

Səsin akustik titrəyişinin intensivliyi, loqarifmik şkala üzrə destiballarla (dBA) ölçülür. 1 dBA-lı səs çox yaxşı eşitmə qabiliyyətinə malik olan adam tərəifndən çətinliklə eşidilir. İnsanın normal tənəffüsündən yaranan səs 10 dBA ilə qiymətləndirilir. Səsin belə səviyyəsi normal eşitmə qabiliyyəti olan adamların hamısı tərəfindən eşidilir. Pıçıltı 20 dBA səs yaradır.

25-30 dBA intensivlikli səsdə istirahət və yuxu mükəmməl sayılır. Müəssisə və idarələrdə səs 40-60 dBA-ya qədər yüksəlir. Bəzi səsli müəssisələrdə adamlar 70 dBA səsdə işləyir. Ağrı həddi adətən 120-130 dBA arasında olur, bundan sonra bilavasitə insanın eşitmə aparatı zədələnə bilər. Səhiyyə normalarına uyğun olaraq binalar arasında gündüz saatlarında səsin səviyyəsi 55 dBA-nı, gecə (saat 23-dən səhər 7-yə) - 45; mənzillərdə uyğun olaraq 40 və 30 dBA-nı keçməməlidir.

Əlac qalıb özümüzə, cərimə mexanizmi işə düşənədək qulağınızdan tıxacı, pambığı əskik etməyin. Kar olmağı heç birimiz istəmərik, deyilmi?

Lalə Mehralı





Həftənin ən çox oxunanları