Yuxarı

Nardaranda dükanlar işıqsız qalıb

Nardaranda dükanlar işıqsız qalıb

[caption id="attachment_3128" align="alignleft" width="431"]natiq kerimov Natiq Kərimov: “Ödəməyə pulumuz yoxdur”[/caption]

“Bilirsən hamı özünü yaxşı göstərmək istəyir ki, “ya toje oçen xaroşiy”... Sadəcə canfəşanlıq göstərirlər kİ, cənab prezidentə nümayiş etdirsinlər ki, biz varıq”. Bu sözləri Cebhe.info-ya Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının  kənddə evlərə və bağlara baxış keçirməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Nardaran camaatı qanun tərəfdarıdır:

“Narkotik axtarırlar, lap yaxşı. Biz qanunun tərəfindəyik. Narkotik əkilməməli və daşınmamalıdır. Eyni zamanda narkotikə çirkli pullar yığılmamalıdır. Bu gün 15 evdə axtarış apardılar, ancaq heç nə tapmadılar. Ancaq kimdənsə tapacaqlarsa, gedib qanun qarşısında cavab verəcək. Biz belə şeylərlə məşğul olmuruq.  Şəxsən mən pomidor kolu ilə çətənə bitkisini ayıra bilmirəm”. Məşədi Natiq Kərimov dekabrın 1-dən Nardaranın Daxili Qoşunların və polisin nəzarətində olduğunu dilə gətirib: Nardarana kənd sakinlərindən başqa heç kim buraxılmır. Hazırda kənddə “Azərişıq”, “Azərsu”,  “Azəriqaz” və "Azəryolservis”in briqadaları çalışır. Kəndin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə müvafiq qurumlar tərəfindən işlər görülür: “Yaşayırıq da, sakitlikdir. Məktəblərə hələ də istilik verilməyib.  Evlərə işıq verilib, qaz da müəyyən yerlərdə təmin olunur. Amma çox maraqlıdır ki, Nardaranın dükanlarında işıq yoxdur. Bu gün bir çox market sahibləri deyib ki, bizə çox işıq pulu yazılır, ödəməyə isə pulumuz yoxdur. Mən bir şeyi anlamıram. Bu mağazalar evlərdən ayrı müəssədir? Marketlər şam işığı ilə fəaliyyət göstərir. Mən bir neçə marketdə oldum. Bir mağazada işıq yoxdur. Əgər kodda pul ödənibsə, mağazalar ora aid deyil? Əlavə 500 manat hər mağazaya işıq borcu yazmağın nə mənası var? Yəqin ki, müəssisə olaraq ödəmə pulu daha artıqdır.  Ödənmiş marketlərə təzədən haqq qoymaq atrıq başqa söhbətə gedib çıxır”.

Nardaran ağsaqqalı əlavə edib ki,  70-dən çox Nardaran sakininin saxlanılması ilə bağlı Ombudsmana ünvanladığı müraciət hələ cavablandırılmayıb: Yox hələ cavab gəlmiyib. O qədər dərd var ki, hansını deyim. Biz onlara rəsmi məktub göndərmişik. Cavab yazmayacaqlar, onlar bilər. Allah bilər. Əgər nə vaxtsa cənab prezidentlə  və ya onun aparatı ilə nardaranlıların görüşü qismət olsa, orda bu söhbətlərin hamısı dolğunluğu ilə ortaya atılacaq. Burda elə məsələlər var ki. Onların heç biri mətbuata açıqlanmır”. Qeyd edək ki, dekabrın 1-dən kənddə keçirilən əməliyyatlar zamanı saxlanılanlar var. Kənd sakinlərinin iddiasına görə, saxlanılanların sayı 70-ə yaxındır. Lakin rəsmi qurumlar bu haqda məlumat vermir.  Nardaran Ağsaqqallar Şurası da saxlanılanların taleyindən xəbər tutmaq üçün dekabrın 14-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib.

Xatırladaq ki, noyabrın 26-da iki polis əməkdaşının və 4 dindarın ölümü ilə nəticələnən, Tale Bağırzadə ilə yanaşı, daha 13 nəfərin saxlanıldığı hadisədən sonra kənd sakinləri etiraz aksiyaları keçirmişdilər.  Noyabrın 30-dək kəndə giriş-çıxışa kənd sakinləri nəzarət edirdilər. Hökumətlə danışığa gedən kənd ağsaqqalları kənd meydanını boşaltdılar.  Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Həmin gündən keçirilən əməliyyatlar zamanı saxlanılanlardan xəbər yoxdur.

Saxlanılanların sayı haqda sonuncu rəsmi açıqlama daxili işlər naziri Ramil Usubov tərəfindən verilmişdi. R.Usubov saxlanılanların 32 nəfər olduğunu bildirmişdi. Bundan sonra kənddə növbəti əməliyyatlar da həyata keçirilib və saxlanılanların sayı artıb.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları