Yuxarı

Şaxta babalar azalıb

Şaxta babalar azalıb

saxta babaŞaxta baba ucaboy, Qar qız incə...

Yeni ili səbirsizliklə gözləyənlər var. Bu bayramın bir gözəlliyi də bəzənilən yolkalar-şam ağaclarıdır. Xüsusən uşaqlar yeni il bayramının bu atributuna daha çox maraq göstərirlər. Artıq paytaxtda bayramla bağlı hazırlıqlara da başlanılıb. Şəhərin mərkəzi küçələri, parklar artıq yeni ilin rəmzi olan şam ağacları ilə bəzədilib. Mağazalara da yeni il üçün hədiyyələr və şam ağacları gətirilib. Günümüzü boşa verməyib, yeni ilə hazırlıq mənzərələrini seyr etmək üçün yolumuzu ilk öncə Bakı bulvarından saldıq.

Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, yeni il qabağı bulvar ərazisində 8 yerdə şam ağacı quraşdırılacaq ki, həmin ağacların da ölçüsünə görə ən böyüyü Kukla Teatrının arxasında, keçmiş “Dinamo” İdman Cəmiyyətinin yerində tikilən böyük meydançada olacaq.  Nazim Məcidov ötən illərdən fərqli olaraq bu il şaxta baba və qar qızın işə götürülərkən onların görkəmlərinə də diqqət yetiriləcəyini bildirdi: “Şaxta baba hündür boy, qar qız isə incə olmalıdır. Ən əsası da onların intellektual səviyyəsi yoxlanılacaq. Hesab edirik ki, onların intellektual səviyyələri də yüksək olmalıdır. Yeni ilə hazırlıq tam şəkildə dekabrın 20-si tamamilə yekunlaşacaq və tam şəkildə paytaxt sakinlərinin ixtiyarına veriləcək”, - deyə Nazim Məcidov bildirib. Qeyd edək ki, hər il olduğu kimi, bu il də “Azneft” və “Azadlıq” meydanında quraşdırılacaq yolkalar digərlərindən bir qədər fərqlənəcək.

Yeni il hazırlıqlarını seyr etmək üçün gəzintimiz davam edir. Bu günün rəmzi olan şaxta baba və qar qızın da şəhərin müxtəlif istiqamətlərində gözə görünməsinin şahidi oluruq. Şəhərin mərkəzi küçəsi olan Nizami küçəsində  (hansı ki, hamımız onu "Tarqovı" kimi tanıyırıq) yeni illə bağlı kiçik köşklər quraşdırılıb. Uşaqlarla şəkil çəkdirmək və şəhər sakinlərini əyləndirmək üçün şaxta baba da artıq fəaliyyət göstərir. İlk həmsöhbətimiz də elə bu Şaxta Baba oldu. Amma işindən məmnun olsa da, giley-güzarından, daha doğrusu, şikayətindən qalmadı. Başlayan kimi də ittiham etdi. Amma bizi yox, paytaxt meriyasının Ticarət və Xidmət Departamnetini.

Şaxta Baba deyir ki, lisenziya alaraq fəaliyyət göstərir və buna görə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə 5 min AZN pul ödəyib. Şaxta Babanın bu iddiası çox böyük olduğundan, məsələylə bağlı  sözügedən departamentin rəisi Əlabbas Bağırovla əlaqə saxladıq. Müsahibimizsə, barələrində səslənən fikri böhtan adlandırdı:

"Şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərmək üçün şaxta baba və qar qızların fəaliyyəti, həmçinin fotoqraf fəaliyyəti üçün lisenziyaların verilməsi dekabr ayının 25-dən, yanvar ayının 2-nə qədər davam edəcək. Lisenziyaların verilməsi üçün isə 60 AZN dövlət rüsumu tələb edilir. Bu tendensiya təxminən 10 ilə yaxındır ki, bu şəkildə davam etdirilir. Rüsumdan əlavə olaraq isə  heç bir vəsait tələb oluna bilməz. Əgər dövlət rüsumu 60 manat civarında müəyyənləşdirilibsə, biz hansı haqqla ondan əlavə pul tələb edə bilərik? Bu il isə dekabr ayının 15-dən  Bakı şəhəri üzrə şaxta baba fəaliyyəti üçün cəmi 12 nəfər müraciət edib ki, onlardan heç kimə icazə-lisenziya verilməyib. Onun da bizdən hətta 1 manata da olsa, lisenziya-icazə vərəqəsi alması qeyri-mümkündür, nəinki 5 min manata. Biz isə öz növbəmizdə qeyri-qanuni lisenziyasız fəaliyyət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 235-ci maddəsinə əsasən cərimələyə  bilərik ki, bu da 80 AZN təşkil edir".

Şaxta baba və qar qızların hansı kriteriyalar əsasında seçilməsinə dair fikirlərini bölüşən Əlabbas Bağırov deyir ki, ötən illərlə müqayisədə bu sahədə fəaliyyət göstərmək istəyənlər daha çox idi: “Bu il ötən illərə nisbətən çox zəif nəticələrimiz var. Keçən il bu vaxtlar kifayət qədər çoxsaylı müraciətlər olurdu. Hazırda cəmi 12 nəfər müraciətçimiz var. Belə olanda biz necə kriteriya tələb edə bilərik? Heç bir kriteriya tələb olunmur. Sadəcə olaraq gəlirlər, şəxsiyyətini təsdiq edən sənətin surətini təqdim etdikdən sonra ərizə ilə müraciət edirlər, dövlət rüsumunu ödəyir və fəaliyyətə başlayırlar.

Nə boylarının hündür, yaxud qısa olmasına, nə çəkilərinin hansı çəkidə olmasına önəm verilmir. Sağlam olmaqları bizim üçün önəm kəsb edir. Çünki uşaqlarla təmasda, ünsiyyətdə olurlar və onların sağlam olması mütləqdir. Lakin sağlamlıq haqqında heç bir sənəd tələb edilmir. Müraciət edənlər isə uzun illərdir ki, şaxta baba fəaliyyəti ilə məşğul olduqları üçün biz onları tanıyırıq, güman edirik ki, ciddi bir xəstəlikləri yoxdur, onların sağlamlığına güvənirik və onlara icazə vermişik."

Rövşən Əsədov





Həftənin ən çox oxunanları