Yuxarı

Boşanma, mühacirət, intihar

Boşanma, mühacirət, intihar

bosanmaDevalvasiya bizə bundan başqa heç nə verməyəcək Devalvasiya şokundan hələ çıxa bilməyən əhalini qarşıda daha böyük problemlər gözləyir. Hər kəsi məsələnin iqtisadi tərəfi düşündürdüyü bir zamanda mütəxəssislər daha vacib bir məqamı - insan həyatını diqqətə almağın vacibliyini vurğulayır. Baş verən proseslərin insanların sosial-iqtisadi durumu ilə yanaşı, psixologiyasına mənfi təsiri də danılmazdır və bunun ən böyük təsiri ailələrdə özünü göstərəcək. Başqa sözlə, mütəxəssislər təhlükə barədə xəbərdarlıq edir. Devalvasiya ailələrə də təsir göstərəcək “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova həyəcan təbili çalır. Onun sözlərinə görə, əsas məsələ ailələrin, xüsusilə də qadınların üzləşəcəyi durumdur ki, bu da ölkənin gələcək vəziyyəti ilə assosiasiya ediləcək: “Son illər boşanmayla üzləşən ailələrin problemləri hec də iqtisadi durumla bağlı deyildi. Əsasən mənəvi, əxlaqi, psixoloji məqamlar ailələrin dağılmasına rəvac verirdi. Lakin hazırda baş vermiş hadisələr fərqli şəkildə ailələrə öz təsirini göstərəcək. Hələ insanlar şokdadır və real vəziyyət kifayət qədər onlara toxunmur. Yəqin ki, bu hal daha çox gələn ilin fevral ayından özünü daha qabarıq büruzə verəcək”.   Dağılan ailələrin sayı artacaq Həmsöhbətimiz deyir ki, hətta boşanmalar olmadan ailələrin dağılması halı da mümkün olacaq: “Bu miqrasiya prosesləri ilə bağlı olacaq. Yəni həm qadınların, həm də kişilərin qazanc dalınca başqa ölkələrə axını müşahidə edəcək ki, bu da öz növbəsində ailələrin dolayısı ilə dağılması ilə nəticələnəcək. Onsuz da ölkədən gedənlər çoxdur, bu gün baş verən hadisələr bu vəziyyəti daha da pisləşdirəcək. Rusiyadakı vəziyyət də iqtisadi cəhətdən stabil deyil, amma bununla yanaşı, bu ölkəyə gedənlərin sayı arta bilər. Avropa ölkələrinə də mühacirət hallarının artması gözləniləndir. Ailələr rəsmən ayrılmasalar da, faktiki olaraq ayrı yaşamaları ailənin dağılması deməkdir. Təəssüf ki. Azərbaycanın bu vəziyyətlə üzləşmək ehtimalı çoxalır”.   “Daxili gərginlik”dən çıxış yolu - əxlaqsız qadınlar Mehriban Zeynalovanın sözlərinə görə, əxlaq normalarında da ciddi fəsadlar meydana gələcək: “Hazırkı halda kişilər əxlaqsızlıqla məşğul olan qadınların xidmətindən müəyyən dövr imtina edəcək. Lakin sonradan "daxili gərginliyi" azaltmaq üzün əxlaqsız qadınların ucuz xidmətinə müraciət etmiş olacaqlar. Bu isə yeni tələb-təklifi formalaşdıracaq. Ailələrdə işguzar kişilər ailəsini dolandırmaq üçün hər işin öhdəsindən gəlməyə calışacaq, lakin bəziləri ölkədən getməyə səy göstərəcək. Qadınlar bir necə yerdə işləməklə ailənin yükünü öz üzərinə götürməyə calışacaq. Bu isə ailə üzvləri arasında soyuqluğa gətirəcək. Uşaqların nəzarətsiz qalmaq ehtimalı artacaq. Qadınların bir neçə yerdə işləmək və qazanc ardınca getmək istəyindən irəli gələrək uşaqların vəziyyəti haqqında daha ciddi düşünmək lazımdır. Onları gələcək təhlükələrdən qorumaq lazımdır, bunu isə ancaq kompleks tədbirlərlə həyata keçirmək mümkündür. İstənilən halda qanunsuz nikahlar və boşanmaların, uşaq doğuşunun sayı azalmağa dogru gedəcək. Biz bunun nəticəsini yaxın bir neçə ayda hiss etməyə bilərik, amma yeni evlilərin uşaq dünyaya gətirmək qorxusu yarana bilər. Bu isə bir neçə on illik sonra ölkə əhalisini sayı ilə bağlı ciddi narahatlıq yaradır”.   Ehtiyatlar xərcləndi... Bu ilin fevral ayında baş verən devalvasiyadan sonrakı yaranan  vəziyyətlə müqayisə edən Mehriban Zeynalova müraciətlərin artdığını bildirib: “Amma fevral ayında bu qədər devalvasiya olmamısdı. İnsanların ehtiyatı var idi, bu təhlükəni gözləmirdilər və is yerində bu qədər ixtisar yox idi. Mağazalar, iş yerləri bağlanmamısdı. İndi şəhərdə hər yerdə mağazaların bağlanması, icarəyə verilməsi barədə elanlar yazılır. Bu isə onu göstərir ki, işçi qüvvəsinə tələbat azalır. Deməli, işsizlərin sayı artacaq, bu isə az qala hər bir ailəni vuracaq. Ailə baçısının işsiz qalması 4-5 nəfərin həyatına mənfi təsir edəcək. Bu, danılmazdır. Xüsusən gəncləri bu devalvasiyanın sosial-iqtisadi-psixoloji təsirindən maksimum az zərərlə çıxarmağa çalışmaq lazımdır”. Təşkilat rəhbəri uzun müddətdən bəri gözlənilən təhlükə ilə bağlı xəbərdarlıq etdiklərini vurğulayıb: “Biz uzun müddətdir ki, qadınların sosial müdafəsinin və təhlükəsizliyinin gücləndirilməsi məsələsindən danışırdıq. Bu kimi vəziyyətlər üçün bu, olduqca vacib idi. Ancaq təəssüf ki, heç bir reaksiya olmadı, əgər qadınların sosial müdafiə proqramları həyata keçirilsəydi, bu vəziyyətdən nisbətən daha ağrısız ötüşmək mümkün olardı”.   “Qorxuram ki, intiharlar artsın” İqtisadçı ekspert Əkrəm Həsənov da ailələrin gələcək taleyinin narahatlıq doğurduğunu təsdiqləyib. Onun sözlərinə görə, mütəxəssislər həyəcan təbili çalmaqda haqlıdır: “Təəssüf ki, psixoloqlar bu vəziyyətin insana təsiri barədə söylədiklərində haqlıdırlar. İnsanların psixoloji durumu devalvasiya nəticəsində çox gərgindir, Ən azı hamını qiymət artımı narahat edir. Dollar krediti olanlar isə əlavə olaraq borcunun ödənilməsi dərdini çəkir. Qorxuram ki, intiharların sayı artsın. Amma istənilən halda insanların ömrü azaldı, çünki ən yaxşı halda sarsıntı keçirdilər, xəstəlikləri artdı. Təbii ki, bütün bunlar ailədaxili münasibətlərə də mənfi təsir edir. Ər-arvad, valideyn-övlad münasibətləri pisləşir. Nəticədə boşanmaların da sayı arta bilər. Çünki maliyyə vəziyyətinin pisləşməsi ailə başçısının ər və ata kimi nüfuzuna zərbədir”. İqtisadçının sözlərinə görə, onu daha çox gənclərin vəziyyəti narahat edir: “Məni daha çox gənclər narahat edir. Nisbətən yaşlı nəsil SSRİ qıtlığını da, 90-cı illərin aclığını, çörək növbələrini də görüb. Amma son 20 ildə doğulmuş insanlar bunu görməyib. Qarşıdakı illər onlar üçün böyük sarsıntı ola bilər. Bizim borcumuz onlarla iş aparmaqdır ki, bundan da pisi olub, dözmüşük”.   Çıxış yolu nədir? İqtisadçı çıxış yolu kimi dövlətin xüsusən aztəminatlı ailələrə köməyini vacib hesab edib: “Çıxış yolu dövlətin aztəminatlı ailələrə köməyidir. Digər tərəfdən, borclular birləşməli, hüquqlarını birgə müdafiə etməlidilər ki, zərbənin təsirini yumşalda bilsinlər. Psixoloqların, din xadimlərinin, ictimai fəalların da rolu vacibdir. İnsanlarla iş aparmaq lazımdır ki, olanı faciə kimi qəbul etməsinlər. Həyat davam edir”. Sevil Ağazadə





Həftənin ən çox oxunanları