Yuxarı

"Bəs deyirlər, xalqımız kasıbdır?"

qara bazarDollar satan: "Nə qədər istəsən, 2 manatdan ala biərsən"

Mərkəzi Bankın valyuta ehtiyyatlarının 17 milyarddan 5 milyarda enməsi dollar bazarında çaxnaşmaya səbəb oldu. Bu səbəbdən MB üzən məzənnəyə keçdi. Valyutadəyişmə məntəqələrində dollar satılmadığından, artıq qara bazar baha qiymətə dollar satışına başlayıb. Bayram günlərində bir dollar iki-üç manat civarında olacağı gözlənilir. Hətta paytaxtda dollar tapmaq belə müşkül məsələyə çevrilib.

Əvvəlcə valyutadəyişmə məntəqələrinə üz tutduq. Lakin valyutadəyişmə məntəqələrin bəziləri üzümüzə qapalı, bəziləri isə dolların olmadığını bildirdi. Dollar olan məntəqələrdə isə saysız hesabsız növbələrin şahidi olduq. Bankları da unutmadıq. Əvvəlcə "Zamin Bank"a, "Bank Respublika"ya yaxınlaşdıq. Dolların satışı olmasa da gülərüz personal məmnuniyyətlə dollar aldıqlarını qeyd edir. Bir tək "Kapital Bank" -da dolların satışının olduğunun şahidi olduq. Amma dollar almaq üçün növbə gözləməli olsaq bir neçə günə bizə ancaq növbə çatardı. Sıxlıqdan mərkəzi "Kapital Bank"a daxil olmaq belə çətin idi. Məcbur olub "Ağ şəhər"in "Qara bazar"ına üz tutduq. Təbii ki, bu Qara bazarın izinə düşmək bir az vaxtımızı alsa da, bunu bacardıq.

İlk öncə yolumuzu paytaxtın  Xaqani bağı (Malakan bağı) istiqamətindən saldıq. Park içində özünü şübhəli aparan bir neçə nəfər diqqətimizi çəkdi.

Düzü birbaşa yaxınlaşmağımız diqqət çəkərdi deyə, qeyri-adi bir metodla yaxınlaşa bildik. Həmsöhbətimizin dolların satışının 2 AZN -ə olduğunu bildirsə də, bizə lazım olacaq qədər dolların üstündə olmadığını qeyd etdi. Məqsədimiz dollar almaq deyil, reportaj hazırlamaq olduğu üçün hər vəchlə pulumuzu 2 AZN-ə dollara dəyişməkdən yayındıq. Amma  həmsöhbətimiz külli miqdarda vəsaitin Əl Oyunları Sarayının yaxınlığında yerləşən qara bazardan əldə edə biləcəyimi qeyd etdi. Belə fürsəti fövtə vermək olmazdı...

Üz tutduq deyilən yerə - Əl Oyunları Sarayının yaxınlığında yerləşən qara bazara. Sıxlıq var. Amma hiss olunur ki, bu sıxlıq yalnız çevrə çəkməklə məşğuldur. Heç kim heç yana getmir, hamı özünü məşğul kimi göstərir.  Yaxınlaşdıq "məşğul dayı"lardan birinə, "Dayı mənə təcili dollar lazımdı, heç yerdə tapa bilmirəm. Dedilər burda bank var yalnız oradan əldə edə bilərik. Harada yerləşir o bank?" Artıq nə demək istədiyimizi anlayan dayı o tərəf-bu  tərəfə boylanıb bizi bir ağacın kölgəsənə tərəf çəkdi:

-Nə qədər lazımdır?

-Bir az pulumuz var, heç yerdən əldə edə bilmirik...

-Mən bir yer bilirəm, orada 2 AZN-ə istədiyin qədər ala bilərsən, deyib dayı əlini cibinə saldı.

Səm demə, dayımızın dediyi bir yer onun cibi imiş... Uzun və dolayısı yollarla dayımızı bir az incidib yetərincə informasiya aldıqdan sonra, "Yox bizim söhbətimiz baş tutmadı, evdən zəng edib dedilər ki, biz dəyişmişik artıq" deyə dollar almaq məsələsini "təxirə salmağa" nail olduq.

Dayının sözlərinə görə isə, bura artıq zamanla sözünü demiş və uzun müddətdir bu işlə məşğul olan peşəkar "kollektiv"-in daimi məkanına çevrilib. "Bax, görürsənmi, hər kəs bu işlə məşğuldur. Sonra da deyirlər ki, xalqımız  kasıbdır, xalqda pul yoxdur" deyib halından məmnun görünüşü aldı.

Daha nə deyək təki "Dollarımız" bol olsun...

Rövşən Əsədov





Həftənin ən çox oxunanları