Yuxarı

Əldəki vəsait xərclənib...

Əldəki vəsait xərclənib...

alver

Yağışdan çıxıb yağmura düşən alıcılar

Uşaqların sevinc, böyüklərin narahatlıqla gözlədiyi bayram başa çatdı. Yeni il ərəfəsində ikinci devalvasiya dalğasi, ardınca yubanmadan gələn bahalaşma və qiymətlərin daha da artacağı barədə dolaşan məlumatlar əhalinin əksər təbəqələrinin kəskin narahatlığı ilə müşahidə olunur. Dükan-bazarlarda bayramdan sonra əməlli-başlı süstlükdür. Onsuz da alıcılıq qabiliyyəti devalvasiya küləyində əriyən əhali bayram süfrəsini də “ucuzlaşdırmağa” məcbur qaldı.

Doğrudur, sıravı azərbaycanlı düşüncəsini nəzərə alaraq, bayram süfrəsinin təmtərağından o qədər də vaz keçilməsə də, bayramdan sonrakı bütöv bir ay üçün ehtiyat saxlamağa məcbur qaldı. Yeni ilin ilk günlərində isə artıq ticarət mərkəzləri, market və mağazalarda alıcılar gözə dəymir. Digər tərəfdən, ekspertlər bayramlardan sonra əhalinin alıcılıq qabiliyyətinin azalmasını ənənəvi tendensiya adlandırır. Başqa sözlə desək, bayram süfrəsinə çəkilən xərc bəzən 4 nəfərlik ailənin yarım aylıq ərzaq pulu olduğundan bayramdan sonra qalan 15 günü birtəhər “yola verməyə” çalışırlar. İndiki halda isə Azərbaycan ailəsinə xas olan bu “tutarlı” səbəblərin sırasına biri də aləvə olunub - tədricən yoxsullaşma.

Bayramın süstlüyünü unutduran “hücum”

 “Cümhuriyət” qəzeti olaraq bayramın 3-cü günündə bəzi ticarət mərkəzləri və mağazalarda müşahidələr apardıq. Sıxlığın olmaması bir tərəfə, satıcılar heç bayramı da əvvəlki illərin nəticəsini ala bilmədiklərindən şikayətlənirlər. Sadəcə, onları budəfəki bayramın gözlənilən bədbinliyindən çıxaran məsələ var - bu da devalvasiyadan sonra qiymətlərin kəskin bahalaşacağını gözləyən alıcıların marketlərə hücum etməsi olub.  Yəni əhali sırf bayram üçün olmasa da, bahalığa hazırlıq üçün marketlərə xeyli qazanc verib. İndi isə ajiotajın birinci mərhələsi arxada qalıb. Əhalinin əlində daha qiyməti qalxacaq qorxusu ilə əlavə olaraq yağ, makaron, düyü almağa artıq pul yoxdur.

Dollar qonaqların ayağını evlərdən kəsib

“Manat ucuzlaşandan sonra marketə 2 gündə bəlkə bir aydakı qədər alver oldu. Camaat əlinə keçən hər şeyi alırdı. Ən çox alınan mallar  düyü, yağ, çay, makaron. Bu kimi ərzaqlar idi. Marketdə ət şöbəsi var. Ora heç kəs getmirdi. Hamı düşünürdü ki, ət yerli maldır, onun qiyməti qalxmayacaq. Ət satanlar 2 günü ancaq o biri şöbələrin işçilərinə tamaşa etməklə məşğul oldular. Demək olar ki, 2 gün heç nə satmadılar. Sonra məlumat yayıldı kii, ət də bahalaşıb. Bundan sonra marketdə ətin qiyməti qaldırılmadı, alıcıların sayı isə artdı. Amma yenə də ən çox satılan mallar düyü, yağ, çay, makaron oldu”. Bunu “Cümhuriyət”ə paytaxtdakı marketlərdən birinin özünü Elvira  kimi təqdim edən satıcısı deyib. Onun sözlərinə görə, dekabrın 31-də də alver olub, ancaq əvvəlki illərə nisbətən daha azlığı ilə fərqlənib: “Əvvəl xüsusən yeni ildə süfrəyə hər şey düzmək adəti vardı. Uşaqlar üçün daha çox yeyinti məhsulları, cürbəcür konfetlər, şirniyyatlar alınardı. Əvvəlki illərdə bu ərəfədə içkilər də daha çox satılardı. Amma bu il bütün bunların heç biri olmadı. Alıcılar daha çox gündəlik tələbat malları alırdılar. Daha əvvəlki kimi ananas, yaxud subtropik başqa meyvə alanlar çox az oldu. Ona verəcəkləri pulu başqa ərzaqlara verirdilər. Elə ərzaqlara ki, bayramdan sonra da onu istifadə edə bilsinlər. Konkret bayram bazarlığı üçün gələnlərin sayı azaldı. Doğrudur, marketə çox adam gəldi. Amma onlar bayram bazarlığına yox, əsasən bahalaşmadan mal almağa gəlmişdilər. Bayramdan 3-4 gün keçib, amma gündəlik alver çox zəifdir. Qəribədir, deyəsən, daha camaat heç qonaq da getmir. Ötən il yanvarın 1-də də yaxşı satış olmuşdu. Xüsusən şirniyyat, spirtli içki yaxşı satılırdı. Amma bu il yanvarın 1-də demək olar ki, gələnlər ancaq çörək, şəkər,qənd almağa gələnlər idi. Deyəsən, manatın ucuzlaşması qonaqların da ayağını evdən kəsib”.

Ekspert: “Qorxuram ki...”

Oxşar vəziyyəti şəhərin əksər mağazalarında müşahidə etmək mümkündür. Bayramdan sonra əhalinin alıcılıq qabiliyyətinin müəyyən müddət üçün azalacadığını deyən iqtisadçı Əkrəm Həsənovun da fikrincə, bu dəfə bu amilə manatın ucuzlaşması da təsir göstərib. Ekspert deyir ki, əhali əlindəki vəsaiti bahalaşacağını düşündüyü məhsullara xərcləyib. Buna görə də bayramdan sonra bir neçə gün mağazalar boş qalacaq: “Qorxuram ki, vəziyyət belə çox davam edəcək. Azərbaycanı ən azı bir neçə il çətin dövr gözləyir. O vaxtadək ki, qeyri-neft sektoru inkişaf etməsin. Bunun üçünsə sahibkarlıq üçün tam şərait yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır . Əsas odur ki, bu tədbirlər ardıcıl, davamlı və effektiv olsun”.

Yeganə ümid...

Əkrəm Həsənovun sözlərinə görə, yeganə ümidverici məqam inhisarların ləğv edilməsi ilə bağlı deyilənlərdir: “Bundan əvvəl isə sahibkarların qanunsuz yoxlanılmasına qarşı qanun qəbul edilib, yoxlamalara moratorium qoyulub. Lakin bunlar yalnız ilk addımlardır. Görək reallıqda necə olacaq? Məmurlar bu barədə verilən qərarları icra edəcək, ya yox? Əgər bu qərarlar icra olunarsa, çətinliyi müəyyən mənadə dəf etmək mümkündür. Əks təqdirdə olduqca çətin olacaq”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları