Yuxarı

Qeysəriyyə əsarətində olan səhiyyə

Qeysəriyyə əsarətində olan səhiyyə

qeyseriyyeÖlkəmizdə bu yolla doğuş faizi qorxulu həddə çatıb

Qadınların doğuşdan qorxması gələcək nəsillərin xəstəliyinin təməlini qoyur. Bəzən təbii doğuş tələb edən qadını həkim zorakı əməliyyata təhrik edir. Həssas dönəmdə olan, övladını itirə biləcəyi qorxusu ilə yaşayan qadın isə həkimə inanır. Nəticədə təbii qaydada doğmaq qabiliyyəti olan yüzlərlə qadın aldadılaraq qeysəriyyə yolu ilə ana olur. Bəs bundan sonrası?

Göstərici təhlükəli həddədir

Dövlət Statistika  Kömitəsindən əldə etdiyimiz məlumatda bildirilir ki, 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə kəsiyi əməliyyatı aparılıb. İllər üzrə artmağa doğru dəyişən qeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib. 2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 20,99 faizini təşkil edib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Həmin il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə olub. Ümmumdünya Səhiyyə Təşkilatı (ÜST) isə dünya ölkələrində doğumun yalnız 15 faizinin qeysəriyyənin payına düşməsini normal hesab edir, bu göstəricidən bir faiz yüksək qeysəriyyə əməliyyatı ölkə üçün təhlükəli hədd hesab edilir.

“Qadın özü qərar verməməlidir”

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, qeysəriyyə əməliyyatı ana olmağa hazırlaşan qadının qərarı olmamalıdır. Müsahibimiz bildirir ki, əməliyyat ananın təbii doğuş problemləri yaşayacağına əmin olan mütəxəssisin rəyi əsasında reallaşdırılmalıdır: “Qeysər kəsiyi ilə əməliyyat olanacaq ana fərqində olmalıdır ki, bu əməliyyata normal yolla ana ola bilmədiyi üçün girir. O bilməlidir ki, qeysər kəsiyinə özü istədiyi üçün yox, həkim əsaslandırdıqda  icazə verilir. Təəssüflə qeyd etmək istərdim ki, bu gün ölkəmizdə qeysər kəsiyi ilə doğuş əməliyyatlarının çoxu əsassız icra olunur. Çox zaman qadınlar özləri qeysər ilə doğmağa qərar verir ki, təbii doğuş ağrılı olur, bədənin forması korlanır”. Məlumat üçün bildirək ki, döldə qüsur, ana çanağının darlığı, qanaxma təhlükəsi kimi göstərişlər qeysəriyyə əməliyyatı üçün səbəb ola bilər.

Amma təəssüfedici haldır ki, bu gün bir çox həkim əməliyyat üçün ödəniləcək məbləğin çoxluğuna aludə olub qadınları istədikləri kimi “kəsib-biçirlər”. Elə qadınların əksəriyyəti qeysərlə doğmağa üstünlük verir. Qısası, qadınlar övladını dünyaya gətirmək üçün əziyyət çəkmək istəmir.

Körpələrin intranatal dövrü əlindən alınır

Respublikanın baş pediatrı, professor Nəsib Quliyev də bütün açıqlamalarında qeysəriyyə əməliyyatına qarşı olduğunu bildirir.  Baş pediatr bildirir ki, qeysəriyyə fizioloji quruluşun tamamilə əksinə yönəlmiş bir əməliyyatdır. O bildirir ki, uşaq yaşının 3 dövrü olur ki, bunlar bətndaxili dövr, intranatal dövr və doğuşdan sonrakı dövr adlanır: “Körpə ana bətnindəki dövrü, eləcə də doğuşdan sonrakı dövrü özü yaşayır, bu dövrləri yaşadığı kimi intranatal dövrü də təbii olaraq yaşamalıdır. İntranatal dövr doğuş prosesinin gedişi dövrü deməkdir və hər bir canlı bu dövrü yaşamalıdır. Bu proses xüsusilə insan doğulan zaman onun orqanizmi üçün çox vacibdir. İntranatal dövr başlandığı zaman dölün orqanizmi hazırlıq prosesi keçir, uşaqlıqdan kənar sərbəst nəfəs almağı və yaşamağı öyrənir. İntranatal dövrü keçid dövrüdür və keçid etmədən dünyaya gəlmək normal deyil”.

Nəsib Quliyev deyir ki, körpə ana bətnində olanda onun nəfəs yolları  minimum 30-40 ml. maye ilə dolaraq tutulur: “Doğuş zamanı doğuş yolu ilə yavaş-yavaş irəliləyən döl ananın çanağında təbii yolla sıxılır. Bu sıxılma zamanı körpənin döş qəfəsində, ağciyərlərində, nəfəs yolunda olan maye təbii yolla orqanizmdən xaric olur. Ana orqanizmi özü təbii yolla körpəsini həyata hazırlayır. İndi siz fikirləşin, körpəni qeysəriyyə əməliyyatı ilə kəsib birbaşa havaya çıxaranda bu proses baş vermir və dolayısı ilə körpənin ağciyərlərində su qalır. Ölkənin baş pediatrı olaraq təkrar-təkrar qeyd edirəm, qeysəriyyə əməliyyatından yalnız məcburiyyət qarşısında qalanda istifadə etmək lazımdır. Ananın bətnindəki dölü xaric etmək üçün başqa çıxış yolu olmayanda, təbii doğuş mümkün olmayanda son əlac kimi qeysəriyyə əməliyyatına baş vurmaq olar. İsrarla, həkim göstərişi olmadan qeysər əməliyyatı olmaq istəyən qadın özü bilə-bilə övladını təhlükəyə atır”.

Həkim pasiyentini pula satır

Tibb eksperti Sadiq Həsənovun sözlərinə görə, həkimlər qeysəsriyyə kəsiyi əməliyyatına ona görə çox önəm verirlər ki, normal doğuşda vaxtı çox itirirlər: “Tutaq ki doğuş sancıları başlamış qadın xəstəxanaya gətirilir və həkiminin nəzarəti altında doğuşunu gözləyir.  Hamilənin 10-12 saat, əgər ilk doğuşudursa, daha çox müddətə sancı çəkməyini  əksər həkim gözləmək istəmir. Pasiyentinin başının üstündə durmaq, sancıların tezləşdiyi vaxtadək gözləmək onlara görə vaxt itkisidir. Çünki o müddətə ən azı 4-5 qeysəriyyə əməliyyatı etmək olur. Bu  əməliyyat isə ən kritik anlarda cəmi 1 saat çəkən, çox vaxt 30 dəqiqəyə yekunlaşa bilir. Üstəlik, normal doğuşa görə ödənilən pul qeysəriyyə əməliyyatı üçün ödənilən puldan azdır”.

Normal doğuşdan dərhal sonra normal həyatına dönən qadından fərqli olaraq qeysəriyyə əməliyyatı keçirmiş qadına bir neçə həftə vaxt lazım olur.  Əməliyyat sonrası ağrıların daha çox olması, əməliyyat nahiyəsinin iltihablanması, yaranın gec sağalması, uzun aylar qarında və əməliyyat nahiyəsindəki ağrılar qeysəriyyə sonrası rast gəlinən problemlərdir. Üstəlik, ilk doğuş qeysəriyyə ilə olubsa, növbətilər də mütləq bu yolla olmalıdır. Halbuki bu gün dünyada ilk doğuşu məcburən qeysəriyyə ilə olan bir çox qadın ikinci doğuşunu normal yolla edə bilir. Məlumat üçün qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna 2013-cü ildə edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Amma bu günədək lazımsız qeysəriyyə əməliyyatına görə məsuliyyətə cəlb edilən həkim görən olmayıb... Bəlkə siz rast gəlmisiniz?!

Lalə Mehralı





Həftənin ən çox oxunanları