Yuxarı

O yaşayırmı?

O yaşayırmı?

C9201D6A-BC90-4368-B638-8DF483EDABFC_mw1024_s_n1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla Sovet İmperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi.

Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.

Həmin gecə BDU-nun “Tətbiqi riyaziyyat” fakultəsinin axşam şöbəsinin 2-ci kurs tələbə-gəncləri axşam saat 10-da imtahandan çıxırdıq. İmtahanı əla versəydik də belə, üzümüz gülmürdü. Dərslərə gəlməyən “Azadlıq” meydanında gecə-gündüz mitinqlərdə iştirak edən tələbə qrupumuz bu gün, bu saatda məcburən imtahana gəlmişdik. Ürəyimiz, fikrimiz, zehnimiz bütünlüklə meydanda qalmışdı. Artıq bilirdik ki, rus ordusu dəniz, hava yolu ilə Bakı ətrafında yerləşdirilmişdi. Hamı bir nəfər kimi sözləşmişdik ki, imtahan qurtaran kimi meydana getməliydik. Lakin güllələr bizə imkan vermədi. Nəhayət, imtahan qurtardı…

BDU-nun ayrı-ayrı fakültələrin tələbələri ilə “Elmlər Akademiya”sı metrosu qarşısında cəmləşdik. Elə bu zaman keçmiş XI Qızıl Ordu, indiki 20 yanvar meydanı tərəfdən gələn tanklardan açılan güllərin səslərinin getdikcə yaxınlaşdığını duyurduq. Tələbələrin bir qismi metroya daxil oldu. Onlar indiki “28 May” metrosundan yürüş etmək üçün getdi. Bizim qrup isə “20 Yanvar” meydanı tərəfə piyada yollandı. Yolboyu rast gələn yaşlı nəsil bizi fikrimizdən yayındırmağa belə cürət etmirdi. Aralarında təkəm-seyrək görünən anaların əllərindəki dəsmalla göz yaşlarını sildiklərini görürdük. Binaların eyvan və pəncərələrindən tamaşa edən uşaqlara baxanda isə daha da coşurduq. Axı, Vətən və onun körpə uşaqları qorumaq hisslərindən boğulurduq. Nəhayət ki, “20 Yanvar” meydanına yetişdik…

Sumqayıt şəhəri tərəfdən gələn tanklar uzaqdan görünmürdü, amma onlardan açılan atəşlər yan-yörəmizdə idi. Vəhşi rus ordusunun heç kimə yazığı gəlmirdi. Əllərimizdə heç bir silah olmayan gənc oğlan və qızlarımız canlarından keçməkdən heç bir qorxusu olmadan bir-birimizin əllərimizdən yapışaraq, yolları kəsirdik.

Millət meydana gələn yolu bağlamışdı. Gecə saat 12-dən keçmişdi. Zamana baxmağa hal qalmamışdı. Rus əsgərləri ağına-bozuna baxmadan vəhşiliklə atəş açırdı. Meydan alova büründü. Gözümüz önündə insan ölümlərinin şahidi olduq. Yanımızda əylənən "QAZEL" markalı maşından salyarka ilə doldurulmuş butulkaları, od vurub tanklara sarı atırdıq. Lakin bu əldə düzəldilmiş partlayıcı nəhəng tanklara təsir etmədi. Tanımadığım, amma meydanda doğmalaşan yoldaşlardan həlak olanların meyitləri ortada qalmışdı. Sağ qalan hamının aqibəti Allahın ümidinə bürünmüşdü.

Elə bu anda tanımadığım bir dövlət nömrəli, ağ pərdəli QAZ -24 markalı maşını yanımda saxladı. “Otur!” dedi, oturdum. Həmin tanımadığım şəxs, maşını sürətlə sürdü. Yolboyu daha heç kimə rast gəlmədik ki, həyatını xilas edək. Sovetski tərəfdən gizlin yollarla məni evə çatdırdı. Amma nə olsun, fikrim onun yanında qaldı. Görəsən o, həyatda yaşayırmı? Neçə illər keçsə də, ömrümün sonuna qədər yaddımdan çıxmaz.

Rəna Məmmədova





Həftənin ən çox oxunanları