Yuxarı

Polisin bələdçilik etdiyi “qara bazar”

Polisin bələdçilik etdiyi “qara bazar”

qara bazarAlan da, satan da ... hətta baxan da razı

“Qara bazar”... Adından da bəlli olduğu kimi, "qara-qara" işlərlə məşğul olan bazar. Bakıda çox yerdə aşkar şəkildə qara bazara rast gəlmək olar. Banklarda dollar satışı dayandırıldıqdan sonra “qara bazar”ların da “rəngi açılıb”. İndi meydan onlarındır, dollara ehtiyacı olanlar banklardan əllərini üzüb qara bazara üz tuturlar. Bu dəfə sizə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinın tam qarşısında, Dəmiryol vağzalının girişində yerləşən “qara bazar”dan bəhs edəcəyik.

Vağzala getmək istəyən hər kəsi burda qara bazar alverçiləri  qarşılayır. “Dollar-dollar” deyə bağıranların səsi ətrafı bürüyür. Bu səs ətrafına keçən hər kəsin qulağına çatır, bircə ərazidə gəzişən polis məmurlarından başqa. Onlar heç nə görmür, duymur, eşitmirlər. Elə söhbətləşdiyimiz polis məmuru kimi:

-Rəis, bağışlayın dollar almaq istəyirəm, kimə yaxınlaşa bilərəm? 

Cavab özünü çox gözlətmir. Polis əməkdaşı əli ilə vağzalın girişini göstərir:

-Bilmirəm, bir buralara bax gör, bəlkə var.

Polis əməkdaşının əli ilə göstərdiyi yerı gedirik. İlk qarşımıza çıxan şəxsdən “Bizə böyük miqdarda dollar lazımdır. Nə qədər dəyişə bilərsiniz?”- deyə soruşuruq.

-Sənə nə qədər lazımdır konkret? Mən maksimum min manat dəyişə bilərəm. Amma böyük miqdarda lazımdırsa, burdakılar bizim  uşaqlardır, atışıb həll edərik.

-Dolların alışı, satışı  neçədir?

-1.65-ə satırıq. 1.55-ə alırıq.

“Bəlkə yeni qanun qüvvəyə minib, bəlkə qara bazarı ağ günə çıxarıblar”,- deyə öz-özümüzə düşünürük.

Hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, qanunvericilikdə "qara bazar" termini işlədilmir. Qara bazar istənilən sahədə ola bilər. İstənilən halda da adından bəlli olduğu kimi, “qara” fəaliyyət sayılır. Bu da qanundankənar fəaliyyət kimi qiymətləndirilir: “O vaxt qanun çərçivəsində ola bilər ki, bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi lisenziya alınsın və vergi ödəyicisinə çevrilsin. Əgər vergi ödəyicisi deyilsə, lisenziyasız fəaliyyət göstərilirsə, bu, istənilən halda məsuliyyət yaradır".

Qeyd olunan məsələ ilə bağlı vəkil Əkrəm Həsənovun münasibəti isə məsələyə tam fərqlidir. Onun sözlərinə görə, “Valyuta Tənzimatı haqqında” Qanun var ki, bu qanunda valyuta bazarında iştirak etmək hüququ yalnız banklara verilir. Banklardan başqa heç bir hüquqi və fiziki şəxs valyuta bazarının iştirakçısına çevrilə bilməz, çünki bu, qanunvericiliyə ziddir: “Hətta Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) da bu səlahiyət verilmir. Bu fəaliyyətlə məşğul olanlar isə qeyri-qanuni sahibkarlıq, qeyri-qanuni bank fəaliyyəti ilə məşğul olmuş sayılırlar. Bu da müvafiq formada cəzalandırılır. Hətta bu yaxınlarda da bir neçə nəfər də qara bazarla məşğul olduğu üçün də həbs edildi, məsuliyyətə cəlb olundu. Hətta banklar da ancaq Mərkəzi Bankdan lisenziya alaraq bu fəaliyyətlə məşğul ola bilərlər".

Polis əməkdaşlarının bu qanunsuzluğa reaksiyasına gəlincə, Əkrəm Həsənov "İstənilən halda polislər qanun  keşikçiləridir. Onlar gözləri qarşısında baş vermiş bu hadisələrə dərhal reaksiya verməli və bunun qarşısını almalıdırlar. Əgər kimsə öz qohumuna, tanışına dollar alsa, yaxud satsa, bu, qanun pozuntusu, qeyri-qanuni bank fəaliyyəti sayılmır. Əgər bu aşkaranə, peşəkar şəkildə həyata keçirilirsə, gəlir əldə etmək üçün davamlı olursa, qarşısı dərhal alınmalı, tədbirlər görülməlidir".

Rövşən Əsədov





Həftənin ən çox oxunanları