Yuxarı

İnsanlığa sığmayan reportaj...

İnsanlığa sığmayan reportaj...

sahibsiz itlerSahibsiz itlərin öldürülməsi səs-küyə səbəb oldu

Sahibsiz itlərin öldürülməsi, hətta yandırılması ilə bağlı Avropa oyunları ərəfəsində kifayət qədər geniş ajiotaj yarandı. Bütün icra strukturları necə deyərlər, əl-ayağa düşüb özləri üçün ölçü götürdü. Lakin bir neçə gün öncə Şəkidən yayımlanan "Kanal S" televiziya şirkətinin hazırladığı reportaj sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb oldu.

Reportajın məğzi Şəki şəhərində Kommunal İstehsalat Birliyinin əməkdaşları tərəfindən sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı olsa da, itlər müəyyən qaydada zərərsizləşdirilmək əvəzinə, aşkaranə şəkildə güllənərək öldürülür və xüsusi xəndəklərə atılır. Hətta sujetdə kameraların gözü önündəcə itlər güllələnir.

Ölkəmizin də üzv olduğu Heyvanların mühafizəsini və onlara münasibəti tənzimləyən  Beynəlxalq Konvensiyanın müddəaları kobud şəkildə pozulur. Konvensiyada təsbit olunur ki, bu qanunu dəstəkləyən ölkədə kütləvi epidemiya yayılarsa, kütləvi insan itkisi qeydə alınarsa, o zaman Nazirlər Kabinetinin xüsusi qərarı ilə sahibsiz heyvanların öldürülməsinə icazə verilir.

“Heyvanları Mühafizə - Azərbaycan” Cəmiyyətinin sədri Azər Qarayev isə birmənalı olaraq belə halları pisləyərək qeyd edib ki, "Bu, çox böyük bir qanun pozuntusudur. Belə hallar əksərən Bakıda daha çox müşahidə edilir. Lakin bu gün bu hallar bölgələrdə də anoloji hal alır. Bunu etmək qayda pozuntusudur, bunu efirdə, sosial şəbəkələrdə yayımlamaq özü də zorakılığı təbliğ etməkdir. Yalnız bir halda itlər öldürülə, məhv edilə bilər. O halda ki, epidemiya yayılarsa, kütləvi insan itkisi olarsa, milli təhlükə yaranarsa, bunun mənşəyi sahibsiz heyvanlar olarsa, o zaman Nazirlər Kabinetinin qərarı ilə həmin heyvanlar məhv edilə bilər. Lakin belə bir şey yoxdursa, Nazirlər Kabinetinin xüsusi qərarı yoxdursa, onda bu ciddi qanun pozuntusudur. Bu kimi hallar baş verdikdə, bu zorakılığı törədən şəxslər, bu zorakılığı törədən orqan və qurumlar yerli əhali tərəfindən, yerli QHT-lər tərəfindən birinci instansiya məhkəməsinə verilməlidir. Hətta Bakıda da belə bir hadisə baş vermişdi. Yerli İcra  Hakimiyyəti məhkəməyə verilmişdi. Məhkəməyə verilsə də, icra hakimiyyətinin başçısı heç cür etdiyi zorakılığı boynuna almadı və bütün fakt-sübutlara baxmayaraq bildirdi ki, o güllə deyil, xüsusi yatızdırıcı iynələrdi. Göstərilən son faktlarla əlaqədar olaraq biz həmin sujeti  əldə edib, həmçinin digər əsaslı faktları, şahidləri topladıqdan sonra yaxın gələcək üçün Şəki Şəhər Kommunal İstehsalat birliyini məhkəməyə müraciət etməyi də nəzərimizdə saxlamışıq".

Sözügedən videoreportajı hazırlayan "Kanal S" əməkdaşı ilə əlaqə saxlamağa çalışsaq da, bir neçə gün buna nail ola bilmədik. Lakin digər həmkarımız, Xəbərlər Xidmətinin direktoru  qeyd edilən zorakılıqların yayımlanması ilə bağlı məsələyə aydınlıq gətirib: "Əslində, bu hadisə bir neçə il əvvəl olub, hətta bununla bağlı bizim telekanalı məhkəməyə də vermişdilər. Hal-hazırda həmin iş artıq tamamlanıb. Biz isə Kommunal İstehsalat Birliyinin dəvəti ilə çəkiliş etmişik. Kommunal İstehsalat Birliyi davamlı olaraq belə tədbirlər görürdü. Biz onlarla eyni fikirdə deyilik, təbii ki, bu zorakılığa haqq da qazandırmırıq. Konvensiyanı da kənara qoysaq, bu, insanlığa yaraşmayan bir barbarlıqdır. Həmin videoreportaj yayımlandıqdan sonra ciddi ajiotaja səbəb oldu, hətta indi də o reportaja görə təpkilər gəlir. Lakin həmin videoreportaj efirdə yayımlanmayıb. Həmin təpkilərdən sonra artıq Kommunal İstehsalat Birliyi də reydlər həyata keçirmir. Biz isə bu Konvensiyadan məlumatlıyıq, efir üçün də başqa bir sujet vermişik. Həmin reportaj hansısa yollarla sosial şəbəkələrdə yayılıb. Biz başqa formada yayımlamışıq və xüsusi konvensiyanın müddəalarını da reportaja əlavə etmişik. İnternetdə sosial şəbəkədə yayılmış videoda başqa şəkildə yayımlanıb".

Şəki şəhər Kommunal İstehsalat Birliyinin də mövqeyini də öyrənməyə çalışdıq. Lakin İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr departamenti, mətbuat xidməti olmadığı üçün suallarımızı Kommunal İstehsalat Birliyinin baş mühasibi Qalib Abdullayev cavablandırdı:

"Biz qanun çərçivəsində, beynəlxalq konvensiyanın tələblərinə uyğun şəkildə  sahibsiz itləri zərərsizləşdiririk. Bu istiqamətdə mütəmadi zərərsizləşdirmə addımları atırıq. Lakin Nazirlər Kabinetinin sahibsiz itlərin məhv edilməsi ilə əlaqədar heç bir qərar bizə verilməyib. Öz növbəmizdə həmin itləri xüsusi ov silahları ilə məhv edir, sonra onları xüsusi texnika ilə qazılmış xəndəklərə tökərək üzərini torpaqlayırıq. Torpaqladıqdan sonra həmin ərazi Şəki şəhər Baytarlıq İdarəsi tərəfindən dezinfeksiya işləri həyata keçirilir".

Rövşən Əsədov





Həftənin ən çox oxunanları