Yuxarı

"Yaralarımdan utanıram"

c11"Bircə dəfə məktəbə getmişəm"

Akif Məmmədovun 17 yaşı var. Ağdamın Çıraqlı kəndində yaşayır. O, bədənində yaralarla doğulub. İlk dövrlər həkimlər körpənin bədənində olan yaraların ötəri allergiya olduğunu deyiblər. Ancaq körpə böyüdükcə, bədənindəki yaralar vücudunun hər yerinə yayılmağa başlayıb. Xəstəlik Akifin əl və ayaq barmaqlarını tamamilə sıradan çıxarıb. Ancaq Akif əriyib bir-birinə bitişmiş barmaqları ilə qələm tutub yazı yazır. Özünün dediyinə görə, həftədə bir dəfə evlərinə müəllim gəlir, ona oxumaq-yazmaq öyrədir: 

“Ömrümdə cəmi bircə dəfə məktəbə getmişəm. İllər əvvəl atam məni Əlifba bayramına aparmışdı. Amma orada çox qala bilmədim. Həm bərk ağrıyırdım, həm də yaralarıma görə sinif yoldaşlarımdan utanırdım.”

Azərbaycanlı həkimlərin çarə tapa bilmədiyi bu xəstəliyin adı elə onların qoyduğu diaqnoza görə “bullyoz epidermoliz”dir. “Güclü ağrıkəsici iynələr vururdular. Həkimlər mənə deyirdi ki, güclü vitaminlər, kalorisi çox olan qida qəbul etməliyəm. Amma imkansızlıqdan nə normal qidalana bilirəm, nə də ki, müalicə oluna bilirəm... Sonuncu dəfə 2013-cü ildə həkimdə olmuşuq. Həmin ildən sonra atam dünyasını dəyişdi. Yaralarım dəhşətli dərəcədə ağrıyır. Hərdən elə olur ki, yaramın sızıltısından gecəni yata bilmirəm. 17 yaşımın olmasına baxmayaraq, 6 yaşlı uşaq kimi görünürəm. Mən sağalmaq, ailəmə, vətənimə xidmət etmək istəyirəm”,- deyə Akif bildirir.

Akifin illər sonra doğulan bacısı Dilarə də həmin xəstəliklə dünyaya gəlib. Ailənin bir dərdi iki olub. Hər həkim müayinəsindən sonra ailə müalicə üçün 300 manata yaxın pul xərcləyir. Fəhləliklə məşğul olan ailə başçısı Zaur Məmmədov qəfil ürək tutmasından vəfat edib. Uşaqların anası Pərvanə Məmmədova deyir: “Yoldaşımın vəfatından sonra əlimiz hər şeydən üzüldü. Tək çarəni mətbuat vasitəsi ilə xalqa müraciət etməkdə gördük. Gəlib çəkməyən qalmadı. Efirlərdən izlədik ki, güya kimlərsə bizə kömək edib. Amma əsla bir yardım əlini uzadan olmadı. Ağdam Rayon Səhiyyə İdarəsi bizi Bakıya, 3 nömrəli dəri-zöhrəvi dispanserinə göndərdi. Orada da bizə heç bir güzəşt olunmadı.

Hətta uşaqlarımın palatada yatdığı hər günə görə məndən tibb bacıları pul alırdı. Yazılan bütün müalicələrin dərmanları od qiymətinə idi. Hamısının qəbzini saxlayıram... Qohumların köməkliyi ilə orada birtəhər qala bilirdik. Elə olurdu ki, dərmanlara pul saxlayım deyə bir tikə çörək belə alıb yemirdim. Amma pul tökdüyümüz müalicələrin də heç bir faydası yox idi.”

Dörd nəfərdən ibarət Məmmədovlar ailəsinin yeganə gəliri iki xəstə uşağa görə aldıqları 134 manatdır. Akifin bir bacısı məktəblidir. Anasının dediyinə görə, dəfələrlə ünvanlı sosial yardım üçün aidiyyatı qurumlara müraciət etsələr də, onlara sosial yardım verilməyib. Sosial yardımın verilməməsinə səbəb banka olan kredit borcu olub: “Uşaqların müalicəsinə görə bankdan 5400 dollar kredit götürmüşdük. İndi də dolların məzənnəsi qalxdığına görə heç o pulu da ödəyə bilmirik”.

Pərvanə xanımın sözlərinə görə, tanımadıqları bir nəfər - Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı bir neçə dəfə onlara dərman alıb göndərib: “Başqa kimsə qapımızı döyüb heç bir yardım göstərməyib”.

Elgün Gəncimsoy, Ağdam





Həftənin ən çox oxunanları