Yuxarı

Yanmış evin sirri...

Yanmış evin sirri...

IMG_6887Altı nəfərlik ailə küçədə qalıb - “Yenidən ev tikmək üçün imkanımız yoxdur”

Axşamdan qərar vermişdim ki, tezdən Sabunçu rayonu Albalı 1 adlanan (Vişnyovka) yaşayış massivinə yola düşüm. Yolum uzaq olduğundan avtobusun ən arxa oturacağında əyləşib pəncərədən sanki bitib-tükənməyəcək yollara baxırdım. Yolboyu saysız-hesabsız “qul bazarları”, aramsız yağışın altında islanan fəhlələr səpələnmişdilər. Nəhayət, mənzil başına çatıb axtardığım ünvanı tapdım. Həyətə daxil oluram. Sadəcə, 4 divardan ibarət evin qarşısında dayandım.

“Buradır”, dedi ev sakini. 4-5 pilləkəndən ibarət giriş hissə yanmış taxta materialları ilə keçilməz idi. Alov evin dəmir qapısını yararsız vəziyyətə salmışdı. Yolumuzun üstündəki taxtaları kənara atıb evə daxil olduq. Bizi ilk qarşılayan yanmış evdə bir tayı tamam yanmış, digər tayı yarıyanmış uşaq çəkmələri oldu. Çox təsirli mənzərə idi. Yenicə təmirdən çıxmış ev yanaraq tamamilə külə dönmüşdü. Hər yer yanmış, taxta külü, divan, kreslo, stol qırıntıları ilə ürək parçalayan görüntü yaranmışdı... O yenicə rənglənmiş divarlardan əsər-əlamət qalmamışdı. Evin damı da külə dönmüşdü. Sadəcə, geriyə hislənmiş qara divarlar qalmışdı.

Üz tutduq qonşunun  evinə. Qapını üzümüzə ev sahibi açdı. Çöhrəsi solmuş, gözləri şişmişdi. İçəri keçib masada əyləşdik. Külə dönmüş evin sahibəsi Mirzəyeva Əzizə Qurban qızı da gəldi. Ağlamaqdan səsi də tutulmuşdu. Pıçıltılı səslə salamlayıb masaya əyləşdi.

Bilirəm sizin üçün çox çətindir bu haqda danışmaq. Amma istəyərdik ki, hadisə haqqında danışasınız.

Külə dönmüş evin xanımı pıçıltı ilə sözə başladı:

“Axşam saat 7 olardı. Yoldaşım da taksi sürücüsü olduğu üçün işdə idi. Nəvələrimlə evdəydim. Qazın təzyiqini də azaltmışdılar. Mətbəxdə idim. Qəfildən bayırdan şaqqıltı səsi eşitdim. Tez qapını açıb bayıra baxdım.

Qazın təzyiqi artdığı üçün qazla işləyən su qızdırıcısı partlamışdı. Ev dumana bürünmüşdü. Tüstüdən göz-gözü görmürdü. Tavan artıq alışmışdı. Tez qaçdım uşaqlar olan otağa. Nəvələrimi qucağıma sıxıb otaqdan çıxartdım. Şokda idim, nə edəcəyimi bilmirdim. İki nəvəmi də evdən çıxardana qədər artıq ev od tutub yanırdı. Yenidən içəri girib heç nəyi çıxarda bilmədim. Qonşular sağolsunlar, tez Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə zəng elədilər. Hava da küləkli olduğu üçün alov şiddətlənirdi. Təxminən, 20 dəqiqə sonra yanğınsöndürənlər gəldi. Cavan, təcrübəsiz uşaqlar idi. Onlar çatana qədər artıq alov püskürürdü ev.

Bir az su vurduqdan sonra çənlərində su bitdi. 5 yanğınsöndürən maşın gəldi amma suları çatmadı yanğını söndürməyə. Ev tamamilə yanaraq külə döndü. Evdən bir cüt ayaqqabı belə çıxartmaq mümkün olmadı. Şükür ki, nəvələrimə heç nə olmadı. 25 000 dollar pul, xeyli qızıl zinət əşyalarım yandı. Külün içini axtardıq, bir dənə də olsun zinət əşyalarımdan tapılanı olmadı. Yanğın o qədər şiddətli idi ki, hətta mis suvenirlərin indi külün arasından ərintisini tapmışıq.

Hadisə yerinə polislər, təcili yardım maşınları, 5 yanğınsöndürən maşın gəlmişdi. Hətta telekanallar da gəlmişdilər. Hamımız müsahibə verdik, danışdıq. Ölkə rəhbərlərinə səsləndik ki, bizə yardım edilsin. Televiziyalar da yalnız evin yanmağını çəkib göstərdilər. Bizim səsimizi, sözümüzü çatdırmadılar. Amma yerli icra strukturlarından bir nəfər də gəlib halımızla maraqlanmadı. Bəlkə burda yanıb kül olmuşuq? Bu qədərmi dəyərsizik? Digər qonşularım rayona getmişdilər. Gecəylə eşidib gəlmişdilər”.

Əzizə xanım deyir ki, yanan evdə 6 nəfər ailə üzvü yaşayırmış: “Yoldaşım, mən, qızım, kürəkənim, iki də azyaşlı nəvəm. Birinin 3 yaşı var, digəri körpədir - 8 aylıqdır. Qızımın da səhhətində ciddi problemlər var. Müalicə olunurdu, yoldaşım da müalicə olunur. Təxminən, 3 il olar bu evdə yaşayırıq. Əvvəl Masazırda  evimiz vardı. Onu satdıq, gəldik bura. Təmir də elətdirdik yaşayırdıq. Yoldaşım taksi sürücüsüdür, kürəkənim də fəhlədir. İş olanda gedib tikintidə işləyir, olmayanda o da taksi kimi işləyir.

Özümüzü güclə dolandırırdıq. Evdə yanan pul da satdığımız evin pulunun yerdə qalan hissəsi idi. Qardaşım da uçuq-sökük bir evdə yaşayır. 6 nəfər ailə heç kimin evində yaşaya bilmirik. Hərəmiz bir qonşunun evində yaşayırıq. Sağ olsunlar qapıları bizə açdılar. Amma bizim yenidən ev tikmək üçün nə pulumuz yoxdur, nə imkanımız. Ömrümüzün axırına qədər qonşularda yaşaya bilmərik. İndi yoldaşım getdi İcra Hakimiyyətinə müraciət etməyə. Bizə kömək etsinlər müvəqqəti yaşayış yeri ilə təmin edilməyimiz üçün”.

Bütün bu deyilənlərlə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəliyevlə əlaqə saxladıq. İ.Kərbəliyev məsuliyyəti başqa qurumların üzərinə atdı:

 “Belə bir hadisə baş verdiyi halda Fövqəladə Hallar Nazirliyi tərəfindən bizə məlumat verilməli idi. Biz də öz növbəmizdə məsələni araşdırmalı və yekun nəticəyə gəlməli idik. Lakin bununla bağlı mavi yanacaqla bağlı heç bir problem olmayıb. Lakin araşdırma aparıb sizinlə əlaqə saxlayacağıq”.

Qısa müddətli araşdırmadan sonra mətbuat xidmətinin rəhbəri yenidən bizimlə əlaqə saxladı. Və dedi: “Araşdırma aparıldı,  Sabunçu rayonunda, həmçinin sizin qeyd etdiyiniz “Albalı 1” yaşayış massivi istiqamətində mavi yanacağın verilməsində heç bir fasilə yaranmayıb, təzyiq düşməsi qeydə alınmayıb. Bununla yanaşı da, “Azəriqaz” İstehsalat Birliyinə FHN tərəfindən heç bir məlumat daxil olmayıb. Görünür, hadisənin səbəbləri araşdırıldıqdan sonra nəticə əldə ediləcək. Əgər bizimlə bağlı bir nasazlıq olarsa, biz cavab verməyə hazırıq”.

Ev sakinlərinin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin maşınlarında suyun az olması iddiası ilə bağlı FHN mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovla əlaqə saxladıq. O.Bayramov dedi ki, deyilənlər həqiqəti əks etdirmir: “Çünki hər dəfə onlar hadisə yerinə gedərkən yoxlanışdan keçir, su çənləri yoxlanılır, həmçinin hadisədən qayıdarkən də yoxlanışdan keçir. Çənlər doldurularaq maşınlar dayanacaqlara təhvil verilir. O ki qaldı hadisənin ilkin səbəbləri barədə biz yekun qərara gəlməmişik. Araşdırma aparılır və əsas səbəbin elektrik xəttlərindən, yaxud mavi yanacaq sızıntısından olması araşdırılaraq tədbirlər görüləcək”.

Lakin məsələnin ən maraqlı tərəfi isə Sabunçu rayon İcra Hakimiyyətinin hadisəyə laqeydlik göstərməsidir. Belə ki, icra nümayəndələri tərəfindən hadisə yerinə gəlməyiblər. Bununla yanaşı, İcra Hakimiyyətinin əlaqə nömrələrinə etdiyimiz zənglər də cavabsız qaldı. Dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, heç bir nəticə əldə edə bilmədik.

Son olaraq ölkə başçısına, onun xanımına, dövlət rəsmilərinə,  xeyiriyyəçi təşkilatlara və aidiyyatı strukturlara səslənən ev sahibəsi onlardan kömək, dəstək  göstərmələrini, müvəqqəti yaşayış yeri ilə təmin etmələrini xahiş ediblər.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları