Yuxarı

Domenlər də inhisardadır

Domenlər də inhisardadır

[caption id="attachment_3594" align="alignleft" width="333"] Osman Gündüz: “Yerli domenlərdə təhlükəsizliklə bağlı problemlər var”[/caption]

Azərbaycanda vətəndaşlar və informasiya portalları daha çox milli domenə yox, xarici domenlərə üstünlük verir. Vətəndaşların əksəriyyəti elektron poçtu Box.az yox, gmail, mail, yandex və sairlər üzərindən açırlar. Sanki vətəndaşların milli domenlərə güvəni yoxdur. Bu, nəyin göstəricisidir?

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz “Cümhuriyət”ə bildirib ki, istifadəçilərin xarici domenlərə üz tutmasının bir sıra səbəbləri var: “Bu daha çox qiymətlə bağlıdır ki, yerli domenlərə nisbətən xarici domenləri daha ucuz əldə etmək olur. İkinci faktor daha əlçatan olmasıdır. Yəni bunun idarəetməsi, yenilənməsi daha çevik və effektiv formada olur, nəinki yerli domeni.

Üçüncüsü isə, yerli domenlərlə bağlı müəyyən problemlərin olmasıdır. Əvvəllər yerli domenlərdə təhlükəsizliklə bağlı müəyyən problemlər oldu ki, bu da bəzi istifadəçiləri xarici domenlərə üz tutmağa məcbur etdi.

Nəhayət ki, Azərbaycanda yerli domenin qeydiyyatında bir inhisarçılıq, monopoliya var. Qonşu ölkələrin milli domenlərinin qeydiyyatına baxsaq onlarda sərbəst və azad bir rəqabət var. İki şirkət bununla məşğuldur. Azərbaycanda isə milli domenlərin qeydiyyatı ilə bağlı bir qurum məşğuldur. Bu da problemlər yaradır. Bununla bağlı dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qarşısında məsələ qaldırsaq da, hələlik milli domenlərin qeydiyyatı, ondan istifadə, istifadə qaydalarının müəyyən olunması və milli domenlərin qeydiyyatını tənzimləyici qurumun yaradılması ilə bağlı problemlər hələ də qalır”.

Bir vaxtlar Azərbaycanda yüksək səviyyəli 3 hərfli milli domenin - AZE - ölkəyə göndərilməsi məsələsi qaldırılmışdı. Yeni domenin alınması ilə bağlı məsələyə toxunan Osman Gündüz vurğulayıb ki, Azərbaycanda - AZ - domeninin özünün qeydiyyatında bir qayda-qanun yaradılmasına fikir vermək daha düzgün olardı, nəinki əlavə domenin alınması: “İndiki durumda əsas diqqət mövcud domenin populyarlaşdırılmasına, qiymətinin ucuz olmasını təşkil etmək, istifadəçilərin ona diqqətinin artırılmasına yönəlik addımlar atılması daha düzgün olardı. Bununla bağlı beynəlxalq və yerli qanunvericiliyə uyğun qaydalar müəyyən etmək daha doğru olardı”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları