Yuxarı

Qəbul qaydaları hələ çox dəyişəcək...

Qəbul qaydaları hələ çox dəyişəcək...

sagirdlerÖtən gün təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulunu növbəti dərs ilində də elektron sistem vasitəsi həyata keçiriləcəyi barədə məlumat verildi.

Qeyd edək ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin müəssisələrdə I sinfə 44 min nəfərə yaxın uşaq qəbul edilib. Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2016-ci il martın 1-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Regionlarda fəaliyyət göstərən lisey və gimnaziyaları da nəzərə alsaq, görəsən, elektron qaydada qəbulun həyata keçirilməsi üçün bütün valideynlərin və (digər qanuni nümayəndələrin) buna elektron savadı çatırmı?

Təhsil şurasının sədri Əjdər Ağayev bildirib ki, iki ildir ki, I sinfə qəbul elektron qaydada ərizə ilə həyata keçirilir: “Bu gün elektrondan istifadə geniş şəkildə yayılıb. Cavan valideynlər özləri qaydaları bilirlər. Qaldı ki, nisbətən orta yaşlılara, onların da böyük övladları bilir. Keçənilki təcrübə göstərdi ki, hamı elektron vasitədən istifadə edərək nazirliyin bu tələbini yerinə yetirə bildi. Düşünürəm ki, bu il ondan bir qədər də yaxşı olacaq. Nəzərə alsaq ki, hardasa kompüter yoxdur və yaxud kimsə bunu bilmir, biz inkişafdan geri qalarıq. İrəliyə getməyə uyğunlaşmaq lazımdır və buna doğru atılan addımları dəstəkləmək lazımdır. Hesab edirəm ki, bir neçə ilə təhsillə bağlı bir çox məsələlər elektron vasitələrlə həyata keçiriləcək. Buna görə də, uşaqlar əvvəlcədən elektron vasitələrə alışsalar, onun əhəmiyyətini başa düşsələr və bu yolla da məktəbə qəbul keçirsələr, çox yaxşı olar”.

Orta məktəbə qəbulda 6 yaşı tamam olmayan uşaqlara komissiyalar tərəfindən qiymət verilməsinə diqqət çəkən ekspert bildirib ki, komissiya üzvləri uşaq səviyyəsini bilən adamlar olmalıdır: “Bəzən görürsən ki, uşaq səviyyəsini bilməyən hardasa məmur olan təsadüfi bir adam iştirak edir və elə suallar verir ki, uşaqlar ona cavab verə bilmir. Bildirir ki, uşağın I sinfə qəbula hazırlığı çatmır. Əslində, belə deyil. İstərdim ki, o komissiyalarda hər şey şəffaf və pedaqoji əsaslarla olsun. Lisey və gimnaziyalara qəbul imtahan xarakterli sorğu-sualla qəbul edirlər.

Təcrübə göstərir ki, bəzi lisey və gimnaziyalar uşaqları qəbul edərkən imtahanda təmənnalılığa yol verir. Bu vasitə ilə I sinfə uşaqları qəbul edirlər. Şagird 7-8-ci sinfə çatanda onun oxuya bilmədiyini əsas gətirib gimnaziyadan xaric edirlər. Əgər uşağı I sinfə qəbul etmisənsə, onu oxutmalısan, öyrətməlisən. Əgər öyrədə bilməyəcəksənsə, pul alıb niyə I sinfə qəbul etmisən? Bu cür halları araşdırmaq lazımdır ki, lisey və gimnaziyalarda qəbullar süni və təmənnalı yolla yox, şəffaf və obyektiv keçsin. Elektron qəbulları keçirilsin, amma onun mərhələləri lisey gimnaziya qəbullarına nəzarət olunsun, özbaşına buraxılmasın”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları