Yuxarı

Elnur Nağızadəyə cinayət işi açıldı

Elnur Nağızadəyə cinayət işi açıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-a açıqlamasında deyib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər.

Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Xatırladaq ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.





Həftənin ən çox oxunanları