Yuxarı

Azərbaycan qadınını gözləyən təhlükə

Azərbaycan qadınını gözləyən təhlükə

Dolların bahalaşması insan alverçilərinin "dəyirmanına su tökür..."

Dekabrın 21-də yeni il öncəsi “sürpriz” kimi qarşıladığımız devalvasiyanın müxtəlif sahələrə mənfi təsiri barədə gözləntilər artıq özünü doğruldur. İqtisadiyyat çökür, bank sektoru iflas həddindədir, tikinti bumu çoxdan yavaşıyıb. Bütün bunların fonunda devlavasiya və iqtisadi böhranın gətirəcəyi bir təhlükə barədə də xəbərdarlıq edilir ki, bu da cəmiyyətdə mənəvi aşınmanın getdikcə daha da artması və hətta  cinayət hesab olunan əməllərin çoxalma təhlükəsidir.

Belə bir zamanda bir çoxlarını düşündürən məsələ - insan alverinin artma riski və onunla mübarizə sahəsində görülən tədbirlər yenidən gündəmə gəlib. Başqa sözlə desək, iqtisadi çətinliyin bu sahədən qazanc əldə etmək niyyətində olanların daha da aktivləşdirəcəyi təhlükəsi var və günbəgün bu təhlükə daha da aktuallşır. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu təhlükənin mövcudluğunu inkar etmir. Qadın alveri ilə mübarizə sahəsində ixtisaslaşmış QHT-nin rəhbərinin fikrincə, problemlə mübarizə daim gündəmdədir. Son zamanlara qədər bununla bağlı məlumatların azalması insan alverinə qarşı kompleks səkildə tədbirlər planının həyata kecirilir. İnsan Alveri Əleyhinə Avropa Konvensiyasına qoşulduqdan sonra Azərbyacan kifayət qədər bu sahədə qanunvercilik aktlarını təkmilləşdirdi və son "2014 -2018-ci illər üzrə Milli Fəaliyyət Planı" təsdiqləndi.

Mehriban Zeyanlovanın sözlərinə görə, insan alveri təkcə qadınların zorla əxlaqsızlığa məcbur edilməsi deyil, məcburi əmək və əməyin istismarını da əhatə edir: “Bu sahədə də kifayət qədər cinayət təqibi həyata kecirilir. Sadəcə, insan alveri problemi Azərbaycan mətbuatında qadın alveri qismində daha çox gündəmdə olduğundan digər cinayət formaları o qədər də maraq doğurmayıb”.

Əvvəlcə DİN, sonra QHT

Rəhbərlik etdiyi təşkilata qadın alveri qurbanlarından ünvanlanan müraciətlərə gəlincə, həmsöhbətimiz bildirir ki, qurbanlar əsasən DİN-in İnsan alveri qurbanları üçün təhlükəsilik sığınacağına aparılır: “Qadınlar həmin sığınacaqda reabilitasiya dövrünü keçir. Həmin sığınacaqda onların təhlükəsiliyi tam təmin edilir. Reablitasiya dövründən sonra düşünmə dövrü və reinteqrasiya dövrü başlayır ki, bu zaman qurbanlar əsasən bizim təkilata istiqamətləndirilir. Bu proses qanunvericiliyə uyğun səkildə həyata kecirilir. Bilirsiniz ki, insan alveri ilə mübarizə üzrə Milli Koordinatorla İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası arasında əməkdaşlıq memorandumu var. Bu Memoranduma uyğun olaraq əməkdaşlıq edən QHT öz fəaliyyət spesifikasına uyğun olaraq DİN-in müvafiq idarəsi ilə əməkdaşlıq edir. Məsələn, ehtiyacı olduğu təqdirdə insan alverinin qurbanları sığınacağı olan təşkilatlara istiqamətləndirilir. Maarifləndirmə üçün digər təşkilatlar cəlb olunur. Hüquqi yardım üçün başqa təşkilatlar bu prosesdə iştirakçı rolunu oynayırlar”.

Sığınacaqda gün necə keçir?

QHT sədri deyir ki, hazırda rəhbərlik etdiyi təşkilatın sığınacağında 3 nəfər insan alveri qurbanı var. Bu qadınlar əsasən cinsi istismar məqsədilə cinayətin qurbanı olmuş şəxslərdir: “Onlar həyatlarını heç də asan dövrünü yaşamırlar. Onlar artıq təhlükəsiz həyata qayıdıb, lakin bundan sonrakı mərhələlər də onların gələcək həyatı üçün olduqca vacibdir. Psixoloji dəstək, cəmiyyət inteqrasiya kimi məsələlər var. Sığınacaqda onlara bu istiqamətdə bütün zəriri yardımlar göstərilir. Kiçik bir məqamı xatırladım. 8 martı yenicə qeyd etmişik. Sığınacaqdakı qadınlar üçün bayram təşkil etmişdik, Niderland səfirliyindən qonaqlarımız vardı. Onlar da sığınacaqda qalan digər xanımlar kimi, bayramı qeyd etdilər. Bu, onların həyatında unudulmaz bir gün idi. Hər halda özləri belə deyirdi. Ümid edirik ki, yaxın zamanda onlar yaşadıqları dəhşəti unudub tamamilə yeni həyata başlayacaq. Amma onu da qeyd edim ki, bizim təşkilatın sığınacağında bəzən əməyin istsmarına məruz qalan qadınlara da yardım göstəririk. Onlar əsasən psixoloji yardıma ehtiyac duyurlar”.

“İnsan alveri hallarına cəhdin artması gözləniləndir”

Həmsöhbətimiz deyir ki, Azərbaycanda yaranan iqtisadi böhranın ölkədə insan alveri və ya əxlaqsızlıq hallarının artmasına müəyyən qədər təsiri gözləniləndir: “İstənilən halda bu, təsirsiz ötüşməyəcək və bu vəziyyətdən, məsələn, işsizlikdən yararlanmağa çalışanlar olacaq. Qadınlar hər zaman çətinliyi birinci hiss edib və çiyinlərində bu çətinliklərin yükünü daşıyıb. Üstəlik, heç də şikayətlənmədən... Amma 1990-cı illərin iqtisadi böhranı ilə indiki vəziyyətin fərqi var. Fərq ondadır ki, o zaman ölkədə insan alveri ilə mübarizə probleminin qarşısına çıxan qanunvericilik yox idi. Nə də xüsusi polis qurumu bununla məşğul olurdu. Digər tərəfdən, illər əvvəl insanlar bununla bağlı tam məlumatsız idi. Problemin varlığı belə etiraf edilmirdi. İndi durum dəyişib, insanlar bu sahədə kifayət qədər məlumatlıdır.

O ki qaldı yaranmış vəziyyətlə əlaqədar insan alveri probleminin dərinləşməsinə, hansısa yeni formanın ortaya cıxması mümkün ola bilər. Məsələn, bu yaxınlarda elə sizin qəzetdə oxudum ki, kimlərsə bank borcuna görə ciyərini satışa çıxarıb, üsətlik, bu, açıq-aydın elan verməklə edilib. Doğrudur, bu, insan alveri deyil, ancaq bundan cinayətkar qruplar yararlana bilər. Fahişəliyin artması da mümkün variantdır. Lakin onu da nəzərə alaq ki, fahişəliklə məşğul olmaq heç də insan alveri kimi qiymətləndirilə bilməz. Digər baxımdan, miqrasiya prosesinin istiqaməti də dəyişə bilər. Lakin bütün bu ehtimallarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin analitik şöbəsi təhlillər aparır. Əvvəlcədən proqnozlar verir. O cümlədən KİV də həmin mərkəzin diqqət mərkəzindədir. Yəni hər bir informasiya ilə bağlı dərhal araşdırma aparılır”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları