Yuxarı

Ailələri dağıdan “virtual sevgi”

Ailələri dağıdan “virtual sevgi”

Elnur Rüstəmov: “Münasibətlərin soyumasına serialların da təsiri var”

Sosial şəbəkələr ailədaxili münaqişələrə və boşanmalara rəvac verir. Zaman-zaman bu kimi hadisələrə çox rast gəlinib. Nəinki evli qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir. Beləliklə, internetin mənfi təsirlərin çoxluğu və müsbət təsirlərin azlığı ortaya bir gerçək çıxarır - sosial şəbəkələrin insan psixologiyasına əhəmiyyəti üzərində dayanılması lazım olan bir məsələ...

Psixoloq Elnur Rüstəmov “Cümhuriyət”ə bildirib ki, informasiya əsrində yaşamağımız bu cür ailədaxili konfliktlərin, insan münasibətlərinin fərqli məcrada getməsinə təsir göstərir:

“Burda birbaşa sosial şəbəkələr yox, televiziyalarda göstərilən seriallarin süjet xəttinin də təsirləri var. Fərdlər seriallarda olan əlaqələrə baxır, bu, ailədaxili və fərdin cəmiyyətlə münasibətlərinə bu və ya digər formada təsir göstərir. İnanmıram ki, bu proses tək Lənkəranda baş verən hadisə ilə nəticələnsin. Bu, sadəcə, mətbuata gedən məlumatın biridir. Bu cür olaylar çoxdur, sadəcə, ailə daxilində həll olunur. Zaman-zaman insanlarda bu cür hadisələrə immunitet formalaşacaq. Bundan qorunmaq və profilaktik tədbirlər aparmaq üçün birinci növbədə ailələrlə bağlı maariflənmə işləri aparmaq lazımdı.

Ailədaxili münasibətlər fərqli istiqamətdə tənzimlənməlidir. Fərqli istiqamət nədən ibarətdir? Bu gün məsuliyyət daha çox tərəflərin özlərinin üzərinə düşməlidir. Artıq adət-ənənə əvvəlki kimi ailə münasibətlərinin tənzimlənməsində dirəniş göstərə bilmir. Bunu qabartmaq istiqamətində maariflənmə işi aparmaq lazımdır. Demirəm bu ənənə tamamilə qalsın. Ən azından müəyyən qədər saxlanması ailə münasibətlərinin daha yaxşı formada qorunmasına gətirib çıxarar. Bu hadisənin üzərindən bir misal çəkmək, əgər bu xanım öz atasını, anasını, qardaşını və yaxın qohumlarını düşünsəydi, hisslərinə görə bir nəsli, ailəsini hətta yaşadığı ölkəni zərbə altına qoymazdı. “Mən həyatımı yaşamaq istəyirəm, buna görə də uşağımı da götürüb gedirəm” - bu, eqoist yanaşmadı.

İnformasiya əsrində ailə münasibətlərini bunlara uyğun tənzimləməliyik. Bu proses Avropa üçün normal haldır, ancaq Azərbaycanda şok effekti yaradır. Ailə münasibətləri daha doğru formada tənzimlənməlidir. Problem olduğu təqdirdə buna çözüm yolu tapılmalıdır. Bu olmadığı halda münasibətlər pis istiqamətdə daha da dərinləşir. Evdən qaçmalar, boşanmalar, ailədaxili konfliktlər qabarmağa başlayır”.

Sosial şəbəkələrdə qurulan ailə modelindən də danışan psixoloq bunun həm mənfi, həm də müsbət təsirinin olduğunu vurğulayıb: “Əvvəllər insanlarda seçim imkanı informasiya bolluğu indiki kimi geniş deyildi. Buna görə valideyn tövsiyəsi ilə qurulan ailələr çox idi. Yaxud eyni mühitdə yaşayan insanların izdivaca girmə prosesi çoxluq təşkil edirdi. Ancaq indiki dövrdə Azərbaycan əyalətində yaşayan bir gənc İngiltərə vətəndaşı ilə ailə qurur. Bunun mənfi və müsbət tərəfi tanışlıqdan sonra münasibətin hansı məcrada davam edəcəyindən asılıdır. Qloballaşan dünyada yaşayırıq, köhnə prinsiplərlə ailə modelini yürüdə bilməyəcəyik. Bunu tamamilə dağıtmaq da olmaz əksinə, bunu bərkitmək istiqamətində maariflənmə işi aparmaq yaxşı olardı.

Bir azərbaycanlı gedib bir avropalı ilə ailə quranda, o, eyni zamanda ölkənin adət-ənənəsini də orda daşımış olur. Zaman keçdikdən sonra bu proseslərdə müəyyən nailiyyətlərimiz olacaq. İnsanlar sosial şəbəkələr, mobil telefon vasitəsi ilə tanış olurlar. İnanmıram ki, hansısa model hazırlansın və bunun qarşısını almaq olsun. Avropa ölkələri bununla barışıb və başqa tədbirlər görür. Bu səbəbdən də boşanma ilə bağlı proseduranı dərinləşdiriblər. Cütlər 5-10 il bir yerdə yaşayıb sonra nikaha girirlər. Azərbaycanda isə toy günü mütləq nikah olmalıdır. Bu gün Azərbaycanda vətəndaş nikahı da var, bunu danmaq olmaz. Qloballaşan cəmiyyətdə yaşayırıq bu da onun diktə etdiyi bir şeydir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları