Yuxarı

Təpələrdə "basdırılan" milyonlar...

Təpələrdə

Bakı-Sumqayıt yolunun kənarlarında yaradılmış süni təpələrin sökülməsinə başlanılıb. Yolun avtovağzal tərəfindəki təpələr tam sökülüb. Bununla da yol təxminən, 6 metr genişlənib. Bir neçə il əvvəl bu təpəciklərin salınmasına dövlət büdcəsindən milyonlar xərclənmişdi. İndi də söküntü işləri büdcə vəsaitləri hesabına həyata keçirilir. Maraqlıdır, niyə tikmişdilər, niyə sökürlər? Görəsən, şəhər təsərrüfatının plansız həyata keçirilməsi hansı məqsədlərdən xəbər verir?

Bəlkə əvvəlcədən elə bir vəziyyət yaranaydı ki, süni təpəciklərin sökülməsinə ehtiyac qalmayaydı. Görünür, o təpəciklər salınan zaman bunlar nəzərə alınmayıb. Məsələ ilə bağlı bir vaxtlar bu süni təpəciklərin qurulması üçün xüsusi canfəşanlıq etmiş Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə əlaqə yaratdıq. Oradan bildirildi ki,  məsələ ilə bağlı açıqlama vermək fikrində deyillər: “Yaxşı olar ki, bu məsələ ilə bağlı “Azəravtoyol” ASC ilə danışasız. Bu, o ərazini həmin qurum sökür, məsələ onlarla bağlıdır” deyə İcra Hakimiyyətinin rəsmisi qeyd edib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Cumhuriyət” ə açıqlamasında bildirib ki, təpənin “Şamaxinka”ya doğru uzanan hissəsi tam sökülməyəcək: “Sökülsəydi bütün təpə başdan-başa sökülərdi. Böyük bir 150-200 metrlik bir təpənin 5-6 metrlik təpəsi sökülür. Həmçininin “Şamaxinka” deyilən əraziyə daxil olmaq üçün orada 2 metr enində yol genişləndirilir. Bundan əvvəl o əraziyə daxil olmaq üçün kiçik bir manevr edirdilər. İndi isə birbaşa daxil olacaqlar.

Biz demişdik ki, Avtovağzalın qarşısında müəyyən təpələr var ki, sürüşməyə görə söküləcək. Hələ ki, onun sökülməsi aparılmır. Hazırda söküntü işləri aparılan bir hissəlik ərazidə məqsəd isə sırf nəqliyyat sıxlığını aradan qaldırmaqdır”. Anar Nəcəfli deyib ki, təpənin üzərindəki fiqurlara dəyilməyəcək, olduğu kimi saxlanılacaq. Bu işlər təxminən, 1 həftəyə başa çatdırılacaq.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları