Yuxarı

“Dərs yükü”nün altında əzilənlər

“Dərs yükü”nün  altında əzilənlər

 

Məlahət Mürşüdlü: “Hazırkı vəsaitlər şagirdlərin yaş göstəricilərinə uyğun deyil”

Azərbaycanın təhsil sistemindəki problemlər getdikcə dərinləşir. Xüsusən də orta təhsildəki vəziyyət ildən-ilə acınacaqlı hal alır. İbtidai sinif  müəllimləri hazırkı dərsliklərdə yer alan dərs proqramının bərbad vəziyyətdə olduğundan gileylənirlər. Pedaqoqlar hesab edir ki, hazırkı dərs vəsaitlərinin səviyyəsi yetərli deyil, bu proqramı yazan müəlliflər əslində, tədris metodikasından xəbərsizdirlər.

Sadə dildə yazılması gərəkən dərsliklər mürəkkəb üslubla, anlaşılmayan səviyyədə yazılır. İbtidai sinif şagirdləri adı “məntiq” adlandırılan, amma məntiqdən əsər-əlamət olmayan bu dərsliklərdən heç bir bilik əldə edə bilmirlər. Bundan əlavə dərs proqramında mövzu ardıcıllığının olmaması və mövzuların əhatəsiz, pərakəndə verilməsi də köklü problemlərdən sayılır. Artıq iş o yerə çatıb ki, ibtidai sinif müəllimləri mövcud dərs vəsaitinin səviyyəsinin kifayət qədər bilik verməməsi səbəbindən valideynlərə əlavə dərs vəsaitlərini almalarını tövsiyə edirlər. Hətta bu bir və ya iki əlavə dərs vəsaiti ilə kifayətlənmir. Valideynlərdən ard-arda müxtəlif fənnlər üzrə testlər, diaqnostika və qiymətləndirmə vəsaitlərini almaları tələb olunur. Bu isə valideynlərin narazılığına səbəb olur. Məsələ ilə bağlı Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində, hazırkı dərs vəsaiti çöx yüklü və şagirdlərin yaş göstəricilərinə uyğun deyil: “Hazırkı dərs səviyyəsi çox yüklü və çətindir. Əsasən birinci və dördüncü siniflərin yaş göstəriciləri nəzərə alınmır. Sözsüz ki, biz bunu zaman-zaman müəlliflərin də nəzərinə çatdırırıq. Dərslik elə bir məsələdir ki, bu bir il çərçivəsində həll olunan bir problem deyil. Buna müəyyən vaxt lazımdır. Həmçinin, bunun nəticələrinin əldə olunması üçün fənn müəllimləri məktəblərdə kurikulum metodikasını tədris edirlər. Bu proqram əsasında tərtib olunmuş dərsliklərdə sözsüz ki, müəyyən nöqsanlar var. Riyaziyyat, “Həyat bilgisi” və birinci sinif dərsliklərində bu nöqsanlar yer alır. Daha sonra ədəbiyyat kitablarında şeirlərdə müəyyən nöqsanlar mövcuddur. Həmçinin, mövzu ardıcıllığı və pərakəndəliyində də problemlər qalır. Şagirdlərin yaş kateqoriyası və qavrama nəzərə alınmadan dərsliklərdə materiallar yer alır. Düşünürəm ki, bu istiqamət üzrə Təhsil Nazirliyində müəyyən işlər aparılır”. Məlahət Mürşüdlünün sözlərinə görə, dərsliklər 5 ildən bir yenilənərək nəşr edilir: “Müəyyən müddət gözləmək lazımdır ki, bu problem aradan qalxsın. Hazırkı dövr informasiya bolluğu əsridir. Bu səbəbdən dərsliklərin müəyyən müddətdən sonra yenilənməsi vacibdir. Həmçinin, müəyyən nöqsanlar ortaya çıxır ki, o nöqsanları aradan qaldırmağa kömək edir. Həm də dərsliklərin müəyyən işləmə dövrü var. Onların ömrü 35-40 il olmalı deyil ki?”

Alçina Amilqızı





Həftənin ən çox oxunanları