Yuxarı

Azərbaycan ailəsinin bayramı

Azərbaycan ailəsinin bayramı

“Bir kəllə qənd, bir molla, 3 manat pul”

9 gün davam edən Novruz tətilini geridə qoyduq. Bayramı telekanallar qədər səs-küylə, sevinclə qeyd edə bilməsək də, hər halda istirahət günlərindən maksimum faydalanmağa çalışdıq. Hər bir azərbaycanlı kimi evimizdə bayram süfrəsi açıb, ətrafına qohumları, dost-tanışı yığmaq imkanımız bu il əvvəlki illərdən xeyli azalsa da, “buna da şükür” deyib keçdik.

“Bayram” bundan sonradır

Hələlik vəziyyətin dözə bilməyəcəyimiz qədər acınacaqlı olmadığını düşünüb özümüzə təsəlli verdik. Amma bu təsəlli ilə nə qədər yaşayacağımızı heç kəs bilmir. Bu təsəlli hara qədər bizə yol yoldaşı olacaq? Nə zamana qədər dözərək vəziyyətin düzələcəyinə ümid edəcəyik? Vəziyyət doğrudanmı düzələcək və əgər düzələcəksə, nə zamandan sonra ümidlərimiz doğrulacaq? Bunlar hər birimizi düşündürən, ancaq cavab tapa bilmədiyimiz suallardır. Açıq olan isə hələlik ancaq odur ki, bayramdan hər bir Azərbaycan ailəsi (alıcısı da, satıcısı da daxil olmaqla) sıxılmış vəziyyətdə çıxıb.

Bütün ehtiyatının mühüm bir hissəsini bayram bazarlığına sərf edən Azərbaycan ailəsi üçün gələcəkdəki bir ay bəlkə də ən təhlükəli dövr hesab olunur. Artan qiymətlərin bir daha enməməsi kimi bir təcrübənin olduğunu nəzərə alsaq, bayramdan sonrakı müddətdə kisəmizə zərbə vuracaq qiymətlərlə rastlaşacağımız yəqindir.

Əgər bayram günlərində bir az məcburiyyət, bir az da adətdən pula qənaət etməməyi özümüzə rəva bilirdiksə, bayramdan sonra üçün bu düşüncələr arxa plana keçir. Qiymətlər indi gözümüzə daha çox artan görünür. Mağazalardakı müşahidələr göstərir ki, bayramdan çıxan azərbaycanlı üçün əsl “bayram” bundan sonra başlayacaq. Elə bir “bayram” ki, ailələri xeyli müddət öz təsirində saxlayacaq.

“Acığımdan bayram bazarlığı etmədim”

Bir neçə mağazaya göz gəzdiririk. Qiymətlər əli də, cibi də yandırır. Bayramqabağı qiymət artımının süni olduğu bildirilsə də, bu süniliyin artıq çoxdan hamı tərəfindən təbiilik kimi qəbul edildiyi ölkədə yaşayırıq. Alıcılar şikayətçidir. Bayramqabağı bahalaşmanın daimiliyə çevrildiyini dəfələrlə öz təcrübələrində yaşayıblar, ancaq görünür hər dəfəsində də buna inanmaq istəmirlər. Hansısa tədbir görüləcəyini gözləyib “Ümid sonda ölür” deyirlər. Həmsöhbətimizdən biri deyir ki, imkansızlıqdan yox, sırf acığından bayram bazarlığı etməyib: “Hər şeyin qiyməti onsuz da artmışdı, bir də bayrama görə artırdılar. Şəxsən mən xüsusi bir bayram bazarlığı etmədim. Bir plov bişirdim, uşaqlarla oturduq. Bizim bayramımız Rüstəm bəyin evlənməsi kimi oldu: Bir kəllə qənd, bir molla, 3 manat pul.  Bayram şirniyyatı bişirməyi hesabladım, gördüm ki, 100 manata yaxın pul lazımdır. Mən bişirmədim, bir neçə şirniyyata verəcək o qədər pulum yoxdur. Bayramqabağı qoz ləpəsinin bir kilosu birdən -birə 13 manatdan 20 manata qalxdı. O gün həmin satıcı qadını gördüm, soruşdum ki, ləpəni sata bildinmi? Dedi ki, Zaqataladan 14 kilo ləpə gətiribmiş, onun cəmi 6 kilosunu sata bilib. 2 kilosunun pulunu da hələ almayıb. Dedim ki, əgər ləpəni elə bayramqabağı da 13 manata versəydi, yəqin ki, alıcı tapardı. İndi isə mal əlində qaldı, alınmadı. Gördüm ki, mənimlə razılaşdı, çünki özü artıq təcrübədən çıxartdı. Amma bilirəm ki, bu artıqtamahlıq gələn il bayramda da özünü göstərəcək. İndi mənimlə razılaşır, amma gələn il bayrama az qalan yenə çox qazanmaq həvəsinə düşəcək. Neftin də qiyməti qalxmasa, malı builki kimi əlində qalacaq”.

“Camaat bu bayramda daha az yeyib-içdi”

Market meneceri İsrafil Əfəndiyevin sözlərinə görə isə, marketin aylıq hesabatı hələ hazır olmasa da, kassa sənədləri müəyyən qənaətə gəlməyə əsas verir: “Bu il alver ötən ildən 2-3 dəfə az olub. Hər il bayramqabağı ən çox satılan məhsullar düyü, yağ, toyuq məhsulları, şirniyyatlar olurdu. Bu il isə bu məhsulların sifarişində də kəskin azalma olub. Yəni bilirdik ki, alıcılıq qabiliyyəti aşağı düşüb, ona görə də çox mal sifariş etmədik. Yağların qiyməti lap yüksəlib, 6 manatlıq yağlar 9 manata olub. Düyülərdə də artım 1, bəzən 2 manata qədərdir. Görünür, camaat bu bayramı daha az yemək-içməklə yola verməyə çalışıb. Toyuq yerli istehsal olduğundan qiyməti bir az münasibdir, buna görə də satılıb”.

Ət ucuzlaşıb, çünki...

Söhbət ət məhsullarından düşmüşkən, bayram günlərində qiyməti bahalaşmayan yeganə ərzaq növü bəlkə də ət olub. Əksinə, paytaxtın bəzi ərazilərində ətin qiymətində 50 qəpik -1 manatlıq azalma müşahidə olunur. Əgər əvvəl mal ətinin bir kilosu azı 8 manata təklif edilirdisə, indi hətta kənar qəsəbələrdə əti 6 manat 50 qəpiyə də almaq mümkündür. Qəssablar deyir ki, buna səbəb bayram yarmarkalarında ətin qiymətinin 6 manata təklif edilməsi olub. Bəzi qəssablar müştərilərini itirməmək üçün qiyməti nisbətən azaltmağa məcbur qalıblar. Lakin hətta onlar da alıcılıq qabiliyyətindən şikayətçidir. Dediklərinə görə, əhali əsasən toyuq ətinin istehlakına üstünlük verir, burda da səbəb təbii ki, ucuzluqdur.

“Ət yox, sümük alırlar”

20 ildir ki, qəssablıq edən Eldar dayının sözlərinə görə, Alatava qəsəbəsindəki dükanına müştərilər indi nadir hallarda girir: “20 ildir qəssabam, belə vəziyyəti nə vaxt gördüyüm yadıma gəlmir. Olurdu ki, nisyə ət verirdik, amma tanıyırdıq, bilirdik ki, Rusiyadan pul göndərən kimi gətirib verəcəklər. İndi Rusiyada da pul göndərən yoxdur. Nisyə vermək də olmur, verməmək də. Dükan özümündür, icarə haqqı vermirəm, oğullarımla işlədirik, heyvanı özümüz gedib Bərdədən gətiririk, yəni burda alverçidən almırıq.

Mal ətini hamı 8 manata satırdısa, biz 7,5  manata satırdıq. Amma yenə də alanların sayı azalır. Məcbur qalıb 7 manata veririk. Üzü yaya doğru daha da azalacaq. Yada ümumiyyətlə, ət satışı zəifləyir, amma biz qalan aylarda qazandıqlarımızla 3 ay yayı ötürürük.

Bu il onu da edə bilməyəcəyik. Hamı gedib toyuq əti alır. Bilir ki, broyler toyuğu əslində, heç nə deyil, dadlı olmur, keyfiyyəti yaxşı deyil, amma imkanı ona çatır. Əvvəlki illər heyvanın əti arıtlanmış sür-sümüyünü sata bilməzdik, marketlərdə belə sümüklərin kilosunu 1 manata verirlər. İndi bilirsiz alıcısı nə qədər olur? Əvvəldən sifariş verilər ki, satma, mənə saxla. Görünür, ev dolandırmaq bu qədər çətin olur. İndi də camaat bayramdan çıxıb, aprelin 10-a qədər dükanı bağlayaq evdə oturaq, çünki ət alan olmayacaq. Ondan sonrasına da Allah kərimdir”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları