Yuxarı

Azərbaycanda qadın batalyonu yaradılır?

Azərbaycanda qadın batalyonu yaradılır?

“Onların dəstəyi qələbə deməkdir”

Azərbaycanda qadın batalyonunun yaradılması ilə bağlı məsələ gündəmə gəlib. Bəzi ekspertlər qadınlardan ibarət batalyon, rota, diviziya yaradılmasının mümkünlüyünü bildirirlər. Bəziləri isə hazırkı gərginlikdə bu ideyanın həyata keçirilməsinə lüzum olmadığını güman edirlər. Onların fikrincə, informasiya müharibəsi dönəmində Azərbaycanda qadın batalyonunun yaradılması məsələsinin gündəmə gətirilməsi düşmən tərəfindən yalnış anlaşılar və dünyaya da başqa formada təqdim edir.

Məsələ ilə bağlı hərbi ekspert Mehdi Mehdiyev Cebhe.info-ya açıqlamasında deyib ki, ordumuz tam komplektləşdirilib:

“Xeyli təşkilat rəhbərləri prezidentə müraciət ünvanlayıb ki, səfərbərliyə hazırıq. Düzdür, ana-bacılarımız da vətənpərvərdirlər və onlar da döyüşmək istəyirlər. Amma bu gün ona ehtiyac yoxdur. Onların oğullarını vətənpərvərlik ruhda böyütməkləri özü çox vacib və əhəmiyyətlidir. Əsas odur ki, qadınlarımız ərlərini və oğullarını orduya ürək-dirək verib yola salsınlar, göz yaşları ilə uğurlamasınlar. Bu bizim üçün çox vacibdir, nəinki qadın batalyonu yaradıb düşmənin üzərinə göndərmək... Hələ ki, kişilərimiz bu vəzifəni yerinə yetirməyə qadirdirlər”.

Ekspert qeyd edib ki, qadınların hərbi hissələrdəki müəyyən sahələrdə olması vacibdir:

“Qadınların tibb məntəqələrində yaralılara tibbi yardım göstərmələri vacibdir. Müəyyən sahələrdə, yəni arxa cəbhədə əsgərlərimizi əvəz etmək üçün qadınların rolu vacibdir. Amma ön xətdə, düşmənlə təmasda kişilərimiz cəngavər kimi hazırdırlar. Hətta bu gün sevindirici haldır ki, orta məktəbi bitirməyən oğlanlarımız artıq səfərbərlik xidmətlərinə, hərbi xidmətlərə müraciət edirlər. Onlar vaxtından tez orduya çağırılmaq istəyirlər”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya açıqlamasında qadın batalyonunun yaradılmasının hələ 1992-ci ildə gündəmdə olmasını xatırladıb:

“O vaxt bu məsələ çox aktual idi. Hətta orduya könüllü olaraq qadınlar yazıldı. Həmin vaxt ordu da çox zəif idi, formalaşmamışdı. Orduda qadın olması təbii ki, yaxşıdır. Əslində, bu, bir az da ruhlandırıcı xarakter daşıyır. Dünya miqyasında qadın snayperlər var ki, heç də geri qalmırlar. Amma ayrıca batalyonun yaradılması və könüllü kimi cəlb edilməsi elə də vacib olan məsələ deyil. Əslində, bu, ruhlandırıcı və ideoloji xarakter daşıyır, amma indiki vəziyyətdə bu o qədər də önəmli deyil. Bu, həm də siyasi məsələdir. Qadınlar o vaxt müharibəyə gedir ki, artıq müharibədə ağır itkilər var və döyüş üçün adam tapmırlar, çox çətindir. Şükür ki, Azərbaycada bu problem yoxdur”.

Mehriban Zeynalovanın sözlərinə görə, orduda qadınların xidməti qanunvericilikdə də yer alıb. Yəni bu məsələdə ayrı-seçkilik yoxdur:

“Əvvəl orduya kifayət qədər qadın gedirdi və müəyyən sahələrdə onlar iştirak edirdilər. Amma xüsusi qadın batalyonunun hazırkı situasiyada yaradılması siyasi baxımdan da yalnış addım olar və bu, düşmən tərəfindən birmənalı qarşılanmaz. İnformasiya müharibəsində bu məsələ bizim əleyhimizə işləyə bilər. Qadın istəyirsə getsin, amma xüsusi batalyon kimi bunu irəli atmaq qarşı tərəfdən başqa rəy formalaşdıracaq”.

Millət vəkili Aydın Mirzəzadə qadınların belə bir təşəbbüslə çıxış etmələrini qürurla qarşıladığını deyib. Bildirib ki, bu təşəbbüsün özü belə qadınlarla fəxr etməyə səbəb olur:

“Amma qadın batalyonuna ehtiyac yoxdur. Bu gün Azərbaycanda kifayət qədər əsgərimiz, vətəndaşlıq borcunu yerinə yetirmək istəyən gənclərimiz var. Qadınların ruhən bizimlə olması və bizi dəstəkləməsi yetər ki, qələbəni daha tez əldə edək. Onların mövcudluğu və dəstəyi bizlər üçün qələbə deməkdir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları