Yuxarı

Dolların ucuzlaşma səbəbi

Dolların ucuzlaşma səbəbi

Gəlirlər azalır, “sandıqdakı” pullar çıxır

Mərkəzi Bank aprelin 4-də valyuta alışı hərracı keçirib və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb. Cebhe.info xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir: “Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb-təklif nisbəti əsasında formalaşmaqdadır. Belə ki, Mərkəzi Bank bu gün valyuta alışı hərracı keçirmiş və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

Müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir. Bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb”.

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, hökumətin valyutanın möhkəmləndirilməsi yönündə siyasəti yenidən aktuallaşır: “Azərbaycan manatının süni möhkəmləndirilməsi prosesi gedir. Azərbaycan bu siyasəti heç 6 ay da davam etdirə bilməz. Digər tərəfdən süni şəkildə valyutanın alış və satışına məhdudiyyətlər qoyulur. Hazırda valyuta dəyişmək bir o qədər də asan deyil. Banklarda alış - veriş mübadiləsində məzənnə süni şəkildə dəyişdirilir. Baxmayaraq ki, Milli Bank elan edib ki, 4 faiz marja ola bilər. Alışla satış arasında bu fərq böyükdür. Hökumət valyutanın möhkəmləndirilməsi siyasətini yürütdüyünə görə, manatın məzənnəsi aşağı düşür. Artıq əhalinin gəlirləri aşağı düşüb və öz ehtiyatından istifadə edir. Yəni dolları, avronu verib manat alırlar. Ölkədə valyutanı almaq baha başa gəldiyinə görə, sahibkarlar daha çox öz ticarət dövriyyələrini, iqtisadi dövriyyələrini azaltmağa meyillənirlər. Qiymətlərin cilovlanması prosesi həyata keçir. Valyutanın əldə edilməsi çətinləşir və iqtisadi fəaliyyət diapazonları süni şəkildə daraldılır. Mən bu istiqaməti tamamilə yanlış hesab edirəm. Sonda bu siyasət Azərbaycanda hansısa qıtlığa gətirib çıxara bilər. Birdən-birə əhalinin hansısa ərzaq məhsuluna, kiçik idxal məhsuluna təlabatı arta bilər. Yəni sahibkarlar öz fəaliyyətlərini daraldırlar. İndiyədək ölkəyə 40 ton kartof gətirən indi 10 ton kartof gətirir. Digər tərəfdən də ona uyğun ticarət dövriyyəsi azalır. Bu baxımdan Azərbaycan hökuməti qərara gəlməlidir və bu vəziyyətdən çıxmaq üçün normal iqtisadi şərait yaratmaq üçün ciddi tədbirlər görməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları